Azərbaycanda terrorçuluğa görə cəzalar sərtləşdirilir

Azərbaycanda terrorçuluğa görə cəzalar sərtləşdirilir
  04 Mart 2014    Oxunub:1034
“Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəmnində ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma, belə qrupa rəhbərlik etmə faktı 9 ildən 12 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq”.

AzVision.az-ın məlumatına görə, bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında "Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirilib.
Qanun layihəsinə görə, 214.1-ci maddədə edilən dəyişikliyə əsasən terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə 10 il müddətinə azadlıqdan məhrum ediləcək (hazırda 8 ildir).

Eyni zamanda yeni 214.2.5 maddəsi əlavə edilir və burada göstərilir ki, yuxarıda (214.1-ci maddədə) göstərilən əməllər beynəlxalq tədbirlərin keçirildiyi vaxt və ya kütləvi tədbirin keçirildiyi yerdə törədildikdə isə 12 ildən 15 ilə qədər azadlqıdan məhrum etmə cəzası tətbiq olunacaq. 214.2-ci maddəyə edilən dəyişikliyə görə isə yuxarıda göstərilən əməllər qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə, təkrar törədildikdə, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə, o cümlədən ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 12 ildən 15 ilə qədər azadlqıdan məhrum ediləcək (hazırda 10 ildən 15 ilə qədərdir).

Terrorçuluğu maliyyələşdirməyə qarşı cəzalarla bağlı 214-1-ci maddəyə edilən dəyişikliyə əsasən isə, əldə olunma mənbəyindən asılı olmayaraq, pul vəsaitlərinin və ya digər əmlakın tamamilə və yaxud qismən, bilavasitə və ya dolayısı ilə bu Məcəllənin 102, 214, 215, 219, 219-1, 226, 227, 277, 278, 279, 280 və 282-ci maddələrində nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının, təşkil olunmasının və ya törədilməsinin maliyyələşdirilməsi üçün, yaxud göstərilən cinayətlərin törədilməsi məqsədilə şəxsin və ya həmin məqsədlə yaradılan qrupun (dəstənin, təşkilatın) təmin edilməsi üçün istifadə olunacağım bilərək pul vəsaitlərinin və ya digər əmlakın qəsdən toplanılması və ya verilməsi 10 ildən 14 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq(hazırda 8 ildən 12 ilə qədərdir).

Eyni zamanda 214-2-ci yeni maddə əlavə olunur və burada da göstərilir ki, terrorçuluğa açıq çağırışlar 5 ilə qədər azadlıqdan məhrum ediləcək. Yeni əlavə olunan digər 214-3-cü maddəyə görə isə terrorçuluq məqsədi ilə təlim keçmə əməllərinin törədilməsi məqsədi ilə həmin əməllərin törədilməsi üsulları, odlu silahdan, partlayıcı maddələrdən və ya qurğulardan, zəhərli maddələrdən, digər ümumi təhlükəli üsullardan və ya texniki vasitələrdən istifadə hazırlığı üzrə təlim alma faktı 5 ildən 10 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Bunları təşkil etmə və ya keçirmə faktı isə 9 ildən 10 ilə qədər azadlıqdan məhrum etmə ilə hüquqi qiymətini tapacaq.
Maddəyə yeni qeyd də əlavə edilib: Bu məcəllənin 214-3-cü maddəsi ilə nəzərdə tutulan əməli törətmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla bu cür təlimlərin keçirilməsində nəzərdə tutulan məqsədlər üzrə cinayət əməllərinin qarşısının alınmasına, belə təlimlərdə iştirak etmiş, belə təlimləri təşkil etmiş, maliyyələşdirmiş şəxslərin aşkar edilməsinə yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir. Azərbaycanın hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə təşkilatlar cinayət məsuliyyətinə cəlb olunacaq. Ölkə hüdudlarından kənarda silahlı münaqişələrdə iştirakla bağlı yeni 283-1 maddəsi əlavə edilir.

Göstərilir ki, Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəmnində ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma, belə qrupa rəhbərlik etmə faktı 9 ildən 12 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Eyni əməllər yetkinlik yaşına çatmayan şəxsi cəlb etməklə törədildikdə 12 ildən 15 ilədək cəza alacaq. Yuxarıda nəzərdə tutulmuş qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə isə 7 ildən 11 ilə qədər azadlqıdan məhrum etmə ilə cəzalandırılacaq. Yeni maddədə göstərilən qeyddə isə bildirilir: yuxarıda nəzərdə tutulmuş əməli törətmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla həmin maddələrdə nəzərdə tutulan əməllərin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda cinayət məsuliyyətindən azad edilir.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti