28 ildən sonra Kəlbəcərdə: “Vətən insanı çəkir” - Səfər təəssüratları

  28 ildən sonra Kəlbəcərdə:  “Vətən insanı çəkir” -  Səfər təəssüratları
  05 May 2021    Oxunub:2754
Dünən 28 il həsrətində olduğum Kəlbəcərə səfər etdim. Xudavəng məbədində alban-udin icması xristian icması ilə birlikdə Pasxa bayramını qeyd edirdi. Fürstdən istifdə edib doğma rayonumuza getdim. Orada keçirdiyim hissləri, duyğularımı ifadə etmək üçün söz tapa bilmirəm. Çünki 28 il öncə bizim Kəlbəcərdən necə, hansı vəziyyətdə çıxmağımız gözümün önündə canlandı. Bir çoxlarının ayaqyalın Kəlbəcərdən çıxaraq keçdiyi Murov dağı ilə yenidən ora qayıdırdım. O an xüsusi duyğular yaşadım.
Bunu Azvision.az -a açıqlamasında Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov deyib.

O, yenidən doğma torpağa ayaq basdığı üçün böyük sevinc yaşadığını bildirib: “Kəlbəcər artıq işğaldan azad olunub. 28 illik həsrət sona çatıb. Biz Kəlbəcərə rahat şəkildə gedə bilirik. Ermənlər Kəlbəcəri nə qədər dağıtsa da, onun dini-mədəni abidələrinə zərbə vursa da, biz onları yenidən bərpa edəcəyik. Kəlbəcərdə olarkən ermənilərin bizim qoyub getdiyimiz evlərə, torpağımıza necə qəddar yanaşdığını gördüm. Kəlbəcərlilər evlərini açarla bağlayıb getmişdilər. Ermənilər özlərinin olmayan həmin evlərdə yaşadılar, gedərkən yandırdılar. Ermənilərin qaldığı yerə hörmət duyğusu yoxdur. Səfər boyu qarşımıza çıxan Vəng, Yanşaq, Cağlar, Qamışlı kəndlərində onların vəhşiliklərini müşahidə etdik. Kəndlərdə evləri yandırıblar, ağacları doğrayıblar”.



Rektor erməni vəhşiliklərini Xudavəng məbədində də gördüklərini qeyd edib: “Bu məbəd Azərbaycanın ən qədim alban məbədlərindən biridir. Eyni zamanda, Azərbaycanda ən böyük xristian məbəd kompleksidir. Xudavəng Qafqaz Albaniyasının irsidir, o dövrdə tikilib. Ermənilər işğaldan əvvəl orada ibadət etməyiblər, özlərinin müqəddəs məbədi saymayıblar. Amma işğaldan sonra özlərindən saxta iddialar yaymağa başladılar. Məbədin divarlarında bir çox təhriflərə yol veriblər, alban xaçlarını dəyişiblər, öz əlifbaları ilə sonradan yazılar əlavə ediblər. Tarixin təhrif olunmasını dünya ictimaiyyəti qəbul etmir. Nələrin sonradan edilməsini biz müəyyən edə bilirik. Bizim yaşayış yerləri bərpa edildiyi kimi mədəni abidələrimiz də öz əvvəlki halına geri qaytarılacaq və ermənilərin yol verdiyi təhriflər ortadan qaldırılacaq.

Kəlbəcərin füsunkar təbiəti ora gedən hər kəsi heyran edirdi. Vətən insanı çəkir. Əminəm ki, bütün kəlbəcərlilərdə bu duyğu var. Hamı bir nəfər kimi öz ana torpağına qayıdıb, orada yaşamaq istəyir, o gün üçün səbirsizlənirlər”.



Aytən Zəhra
Azvision.az


Teqlər: Kəlbəcər  





Xəbər lenti