Lökbatanda 115 nəfər zəhərlənib - AÇIQLAMA

Lökbatanda 115 nəfər zəhərlənib - AÇIQLAMA
  06 Mart 2014    Oxunub:1103
Azərbaycan Səhiyyə Nazirliyi Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində bir neçə yaşayış binasında təbii qazdan baş vermiş kütləvi zəhərlənmə ilə əlaqədar rəsmi məlumat yayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli AzVision.az-a açıqlamasında bildirib ki, hadisə nəticəsində 115 nəfər zəhərlənib.

Onun sözlərinə görə, Qaradağ rayonu Lökbatan qəsəbəsi Vilayət Əsgərov küçəsində ötən gün günorta saatlarında məişət qazından kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

Martın 5-i saat 19:00 radələrində Səhiyyə Nazirliyinin 103 Təcili Tibbi Yardım stansiyanın qaynar xəttinə Lökbatan qəsəbəsi sakinləri tərəfindən kütləvi zəhərlənmə ilə əlaqədar müraciətlər daxil olub. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal hadisə yerində gəlib və 115 nəfərə qazdan zəhərlənmə diaqnozu qoyub. Sakinlərdən 70 nəfərinə yerindəcə ambulator şəraitdə ilkin tibbi yardım göstərilib. 45 nəfəri isə Təcili yardım maşınları ilə Respublika Toksikologiya Mərkəzinə gətirilib. Zərərçəkənlərin 43 nəfəri hospitalizasiya olunub.

Daxil olan vətəndaşların hər birinə lazımı tibbi yardım göstərilmiş və həyati təhlükə olmadığı üçün bu gün səhər saatlarında evlərinə buraxılıb.

Qazdan zəhərlənmədən öldüyü bildirilən qəsəbə sakini 45 yaşlı Nataliya Məmmədovanın ölümünə bu hadisənin səbəb olduğu ehtimal edilmir.

Qeyd edək ki, dünən axşam saatlarında qəsəbədə 3-4 beşmərtəbəli yaşayış binasında kütləvi zəhərlənmə baş verib.

"Azəriqaz" İstehsalat Birliyindən daha öncə verilən məlumata görə, insanların zəhərlənməsi təbii qazın tərkibində odorant maddəsinin normadan artıq dozası nəticəsində baş verib.

Təbii qazdan kütləvi zəhərlənmə ilə bağlı Bakı şəhər prokurorluğunda cinayət işi açılıb.


Teqlər:  





Xəbər lenti