“Bəzi dini təriqətlər Azərbaycana ayaq açıb”

“Bəzi dini təriqətlər Azərbaycana ayaq açıb”
  07 Mart 2014    Oxunub:1153
“Azərbaycanda öz fəaliyyətini mövcud qanunvericilik çərçivəsində quran, xalqımızın milli mənəvi dəyərlərinə və dini hisslərinə hörmətlə yanaşan bütün dini təşkilatlar və icmalar üçün lazımı şərait yaradılır, onların təşəbbüsləri, rəy və təklifləri nəzərə alınır”.
AzVision.az xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən “Dini etiqat azadlığı, missionerlik fəaliyyəti və media” mövzusunda konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycanda dövlət-din münasibətləri Konstitusiyaya, müvafiq qanunlara və ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalara əsasən tənzimlənir.

“Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar respublikadıır. Ölkədə din dövlətdən ayrıdır, dövlətin hüquq, idarəçilik, təhsil, ictimai münasibətlər, qulluq və digər sistemlər dünyəvi xarakter daşıyır. Eyni zamanda dini etiqat azaddır, hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dini etiqad etmək, yaxud da heç bir dinə etiqad etməmək, dinə münasibətilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Qanunun tələbinə görə, bütün bu proseslər dövlətin qanunlarına, dünyəvi idarəçilik sisteminə, cəmiyyətin hüquqi və ictimai normalarına müdaxilə və təzyiq yolu ilə deyil, qanun çərçivəsində baş verməlidir”.

Əli Həsənov vurğulayıb ki, Azərbaycanda heç vaxt dini zəmində ayrı-seçkilik və vətəndaş qarşıdurması baş verməyib, bu sahədə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi münasibətlər mövcud olub.

“Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanın sürətli inkişafı, sabitlik, vətəndaş həmrəyliyi, dini və milli tolerantlıq mühiti bəzi qrupların və xarici qüvvələrin, müəyyən əcnəbi dairələrin maraqlarına cavab vermir. Son zamanlar ölkəmizin hüdudlarından kənarda yaradılan və sistemli şəkildə istqamətləndirilən missioner təşkilatları, dini təriqətlər Azərbaycana da ayaq açmış və respublika ərazisində şəbəkələşməyə cəhd göstərirlər. Bu cərəyanların bəzisi öz məqsədlərinə uyğun olaraq ictiami rəyin formalaşdırılması, radikallıq meyillərinin gücləndirilməsi, dövlətin hüquqi normalarına və idarəçilik sisteminə təsir imkanlarının əldə edilməsi istiqamətində cəhdlər göstərirlər”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti