Londonda `Xəzər dəhlizi` konfransı keçirildi

Londonda `Xəzər dəhlizi` konfransı keçirildi
  08 Mart 2014    Oxunub:1202
Londonda II beynəlxalq “Xəzər dəhlizi” konfransı keçirildi.
London Fond Birjası (LFB), Azərbaycan Beynəlxalq Bankı, Britaniya-Azərbaycan İşgüzar Şurası və Böyük Britaniyanın “Asia House” qurumunun təşkilatçılığı ilə LFB-nın baş ofisində II beynəlxalq “Xəzər dəhlizi” konfransı keçirildi.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, konfransda Xəzəryanı ölkələrin hökumət nümayəndələri, biznesmenlər, elm adamları və jurnalistlər iştirak ediblər.

Böyük Britaniya parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistanda ticarət məsələləri üzrə elçisi Çarlz Hendri Xəzər dəhlizi ölkələrinin əməkdaşlığının biznes sahəsində böyük imkanlar yaratdığını bildirmişdir. Böyük Britaniyanın Xəzər dəhlizi ölkələri ilə dərin tarixi köklərə malik əməkdaşlığının olduğunu vurğulayan ticarət elçisi Birləşmiş Krallıq şirkətlərinin regionda fəal olduğunu qeyd etmiş və bunun regionun beynəlxalq əhəmiyyətini bir daha sübut etdiyini diqqətə çatdırmışdır. Ç.Hendri qarşılıqlı səfərlər çərçivəsində əməkdaşlığımızın daha da gücləndiyini bildirmişdir. O, 2013-cü ilin sonlarında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Birləşmiş Krallığa, Böyük Britaniyanın xarici siyasət idarəsinin rəhbəri Uilyam Heyqin isə ölkəmizə səfərlərini xatırlatmışdır. Təhsil, ticarət və digər sahələrdə inkişaf edən münasibətlərimizdən danışan Ç.Hendri region ölkələri ilə Birləşmiş Krallıq arasındakı əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib.

LFB-nin baş icraçı direktoru və idarə heyətinin sədri, Böyük Britaniya parlamentinin üzvü Baronessa Elizabet Saymons Birləşmiş Krallıq ilə Xəzər dəhlizi ölkələri arasında əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini bildirib.

Regionun beynəlxalq layihələrdə fəal olduğunu diqqətə çatdıran B.E.Saymons Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Qazaxıstan milli neft şirkəti - “KazMunayQaz”ı nümunə olaraq göstərib.

Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Cahangir Hacıyev tədbirin Xəzər dəhlizi ölkələri arasındakı əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayacağını vurğulamışdır. Region ölkələrinin gələcəkdə də beynəlxalq layihələrdə birgə iştirak etmək üçün güclü potensialının olduğu diqqətə çatdırılıb.

Azərbaycanın energetika naziri Natiq Əliyev ölkəmizin enerji siyasətindən danışmış, bunun uzunmüddətli hədəflərə doğru istiqamətləndiyini bildirib.

Nazir müstəqillik dövrü ərzində Azərbaycanın keçdiyi uğurlu inkişaf yolunu, xüsusilə son on ildə bütün sahələrdə özünü göstərən inkişaf meyllərini ölkəmizin əldə etdiyi mühüm nailiyyətlər kimi səciyyələndirib. O, Azərbaycanın enerji siyasətinin qarşılıqlı faydalı əməkdaşlıq, kommersiya baxımından səmərəlilik, istehlakçı və istehsalçıların maraqlarının nəzərə alınması, şəffaflıq, etibarlılıq və davamlılıq kimi prinsiplərə söykəndiyini qeyd edib.

N.Əliyev Azərbaycanın Xəzər dəhlizi ölkələri ilə qarşılıqlı əməkdaşlığından da bəhs edib. O, bildirib ki, beynəlxalq enerji layihələri iştirakçı dövlətlərin iqtisadi inkişafına və bu ölkələr arasında əməkdaşlığın və dostluğun daha da güclənməsinə böyük töhfə verir.

Ardıcıl və davamlı strateji xətt yürüdən Azərbaycanın regionda və beynəlxalq səhnədə etibarlı tərəfdaş kimi qəbul edildiyini deyən nazir Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi şaxələndirilmiş neft-qaz kəmərlərinə əlavə olaraq yekunlaşdırılmaqda olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ölkəmizin uğurlu enerji və nəqliyyat strategiyasına daha yeni əhəmiyyətli çalarlar gətirəcəyini bildirib.
Nazir Trans-Anadolu boru kəməri (TANAP) layihəsinin Azərbaycanın regionun enerji mənzərəsini dəyişəcək böyük miqyaslı layihələri həyata keçirmək iqtidarında olmasının daha bir göstəricisi kimi qiymətləndirmiş, “Şahdəniz” konsorsiumu tərəfindən Trans-Adriatik boru kəmərinin (TAP) seçilməsi barədə qərarın isə Azərbaycanın Avropanın enerji bazarında rolunun güclənməsinə səbəb olacağını bildirib.
ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov Azərbaycanın enerji tarixindən bəhs etmiş, neft sahəsinə aid əksər “ilk”lərin məhz ölkəmizdə həyata keçirildiyini diqqətə çatdırmışdır. ARDNŞ-in fəaliyyəti, uğurları və gələcək planları haqqında da məlumat verən vitse-prezident TAP layihəsinin yalnız başlanğıc olduğunu, gələcəkdə digər Balkan dövlətlərinin cəlb edilməsi yolu ilə birləşdirici boru kəmərlərinin çəkilməsinin nəzərdə tutulduğunu qeyd etmişdir. Vitse-prezident ilk addım kimi Yunanıstan-Bolqarıstan birləşdirici xəttinin çəkilməsi və digər qaz yataqlarının istismarına başlanacağını bildirib.

Konfrans çərçivəsində səfirlər üçün ayrılmış “dəyirmi masa”da Azərbaycan, Türkiyə və Türkmənistanın Böyük Britaniyadakı səfirləri qarşılıqlı əməkdaşlıq və əlaqələrimizin daha da genişləndirilməsindən bəhs etmişlər.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov tədbirin Birləşmiş Krallıq ilə region ölkələri, o cümlədən Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsində böyük rol oynayacağını vurğulayıb. Enerji sahəsinin ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan diplomat həm Birləşmiş Krallıq, həm də region ölkələri ilə əlaqələrimizin bundan sonra daha da genişlənəcəyinə əminliyini bildirib.

Konfrans əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və inkişafı yollarına dair təqdimatların keçirilməsi, regionun artım amilləri, Böyük Britaniya ilə əlaqələr, bölgədə iqtisadi məsələlərin inkişafı, biznes mühiti, energetika və maliyyə-bank sektoru, informasiya texnologiyaları, inşaat və digər sahələrdə inkişaf potensialı, problem və imkanlar, həmçinin Azərbaycan və region ölkələri üçün son dərəcə əhəmiyyətli olan TAP və TANAP layihələrinə dair müzakirələrin aparılması ilə davam edib.


Teqlər:





Xəbər lenti