Səfir İranın Qərbi və Şərqi Azərbaycan vilayətlərində oldu - FOTO

  09 Mart 2014    Oxunub : 401
Səfir İranın Qərbi və Şərqi Azərbaycan vilayətlərində oldu - FOTO
İranın Qərbi və Şərqi Azərbaycan vilayətləri Azərbaycana təhsil sahəsində əməkdaşlığın genişləndirilməsini təklif edirlər.

Azərbaycanın İran İslam Respublikasındakı (İİR) fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov İranın Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətlərinə səfər edib.

AzVision.az xəbər verir ki, Azərbaycan İİR-dəki səfirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində C.Axundov İran Ali Rəhbərinin Şərqi Azərbaycan vilayəti üzrə nümayəndəsi və Təbrizin İmam Cüməsi, Şərqi Azərbaycan vilayətinin valisi, Qərbi Azərbaycan vilayətinin valisi ilə, habelə Araz Azad Ticarət Zonasında və Cameətül-Mustafa Beynəlxalq Universitetinin Şərqi Azərbaycan vilayətindəki nümayəndəliyində görüşlər keçirib.

Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət ilə keçirilmiş görüş zamanı səfir mədəni, tarixi, dini və dil bağlılıqlara malik Azərbaycan və İran arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin rolunu xüsusi vurğulayıb. Q.Səadət iki ölkə arasında mehriban qonşuluq əlaqələrinin tarixi köklərə əsaslandığını qeyd edib. Görüş zamanı səfir İranla iqtisadi-ticarət əlaqələrinin genişlənməsində "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi"nin bir hissəsi olan və Azərbaycanla İran arasında dəmiryol xətlərini birləşdirən "Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan)" dəmiryolu xəttinin çəkilişinin mümkün qədər tez bir zamanda başa çatdırılmasının da mühüm rol oynayacağını bildirib.

Vali Qərbi Azərbaycan universitetləri haqqında ətraflı məlumat verib və Azərbaycan ilə Qərbi Azərbaycan arasında təhsil sahəsində əlaqələrin genişləndirilməsi, tələbə və təcrübə mübadiləsinin həyata keçirilməsinə maraq göstərdiklərini söyləyib.

C.Axundov İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə ilə görüş keçirib. İxtisasca həkim olan İ.Cabbarzadə Azərbaycandan olan tələbələrin tibb ixtisası üzrə Şərqi Azərbaycan vilayətində təhsili almalarını təklif edib. Vali qarşılıqlı əsasda universitet rəhbərləri arasında görüş keçirilməsi, tələbə və təcrübə mübadiləsinin təşkil olunmasının ölkələr arasında təhsil və humanitar sahədə əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verəcəyini qeyd edib. O, Şərqi Azərbaycan vilayəti ilə təhsil və humanitar sahədə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan anlaşma memorandumu imzalanmasını da təklif edib.

Səfir Axundov Şərqi Azərbaycan vilayətinin valisi İ.Cabbarzadənin Azərbaycan dili akademiyası yaradılması ilə bağlı təklifini müsbət qarşılayıb, səfirliyin də lazımi kömək göstərməyə hazır olduğuyu bildirib.

C.Axundovun Araz Azad Ticarət Zonası Təşkilatı direktorunun investisiya qoyuluşu üzrə müavini Əliyar Rastqu ilə görüşü zamanı Naxçıvan Muxtar Respublikası (NMR) ilə Araz Azad Ticarət Zonası arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyi vurğulanıb. Ə.Rastqu Araz Azad Zonasına sərmayə yatırmaq niyyətində olan iş adamlarının bu əraziyə ən yaxın olan NMR hava limanından istifadə etmələrinin Araz Azad Zonasının inkişafına töhfə verdiyini qeyd edib.

Səfir Cameətül-Mustafa Beynəlxalq Universitetinin Şərqi Azərbaycan vilayətindəki nümayəndəliyinin rəhbəri Mehdi Bəxtavər ilə görüşündə yeni universitetin açılması münasibətilə təbriklərini çatdırıb, Azərbaycanda dini vəziyyət, din azadlığı barədə ətraflı məlumat verib.

Səfirə məlumat verilib ki, universitetin Şərqi Azərbaycan nümayəndəliyi 4 ay öncə açılıb, lakin hələ tam gücü ilə fəaliyyət göstərmir, burada İİR ilə yanaşı, təxminən 5 ölkədən tələbələr təhsil alır ki, onların da arasında 60-dək tələbə Azərbaycan Respublikasındandır.

Görüş zamanı Qazi Qarabağ Azanı Cameətül-Mustafa Beynəlxalq Universitetinin Şərqi Azərbaycan vilayətində nümayəndəliyinə təqdim edilib və burada səsləndirilib.

C.Axundov İran İslam Respublikasının Ali Rəhbərinin Şərqi Azərbaycan vilayətində nümayəndəsi və Təbrizin İmam Cüməsi Mohsen Moctəhed Şəbüstəri ilə də görüşüb. Görüş zamanı səfir həmsöhbətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal edilmiş Azərbaycan torpaqlarındakı müsəlman dini abidələrinin yox edildiyi, məscidlər, imamzadələr və qəbiristanlıqların viran edildiyi barədə ətraflı məlumat verib.

M.M.Şəbüstəri Qazi Qarabağ Azanının Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində Təbrizin Sadat məscidində səsləndirildiyi barədə məlumat verib. O, düşmənlərlə mübarizədə islam həmrəyliyinin vacibliyini vurğulayıb.

Görüşlərdə maraq doğuran digər sahələr üzrə də fikir mübadiləsi aparılıb.

Foto


Teqlər: