Prezident nekroloq imzalayıb

Prezident nekroloq imzalayıb
  10 Mart 2014    Oxunub:1321
Prezident İlham Əliyev və bir qrup dövlət və ictimai xadim Ticarət və Sənaye Palatasının prezidenti Süleyman Tatlıyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.

Nekroloqda deyilir:

"Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatasının prezidenti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Süleyman Bayram oğlu Tatlıyev 2014-cü il martın 9-da ömrünün 90-cı ilində vəfat etmişdir.
Süleyman Tatlıyev 1925-ci il fevral ayının 27-də Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olmuşdur. Orta məktəbin yuxarı sinfində oxuyarkən 1943-cü ildə hərbi xidmətə çağırılmışdır.
Cəbhədə ağır yaralandıqdan sonra vətənə qayıdaraq, Qazax şəhər orta məktəbini bitirmiş və 1946-1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində ali təhsil almışdır.
Əmək fəaliyyətinə 1951-ci ildən etibarən Rusiya Federasiyasının Qroznı şəhərindəki yeni neftayırma zavodunda mühəndis kimi başlayan Süleyman Tatlıyev 1956-1961-ci illərdə Sumqayıt sintetik kauçuk zavodunda məsul vəzifələr tutmuş, 1961-1963-cü illərdə Azərbaycan Xalq Təsərrüfatı Şurasının kimya sənayesi idarəsində şöbə müdiri, 1963-1965-ci illərdə isə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində neft-kimya şöbəsi müdirinin müavini və Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi Zaqafqaziya Bürosunun inspektoru olmuşdur.
Süleyman Tatlıyev 1965-1970-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin Kimya sənayesi idarəsinin rəisi, 1970-1978-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetində İşlər müdiri, 1978-1985-ci illərdə isə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini işləmişdir. O, 1985-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri seçilərək, 1989-cu ilədək həmin vəzifədə çalışmışdır.
Süleyman Tatlıyev 1994-cü ildən ömrünün sonunadək Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatasının prezidenti idi.
Azərbaycanın ictimai-siyasi həyatında uzun illər səmərəli fəaliyyət göstərən Süleyman Tatlıyev dövlət idarəçiliyinin və iqtisadiyyatın müxtəlif sahələrində müvəffəqiyyətlə çalışmış, respublikanın sənaye potensialının gücləndirilməsinə və neft-kimya sənayesinin inkişafına töhfələr vermişdir. Harada işləməsindən asılı olmayaraq o, daim özünün yüksək peşəkarlığı və təşkilatçılıq qabiliyyəti ilə seçilib həmkarları arasında dərin nüfuz qazanmışdır. Süleyman Tatlıyev Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi naminə var qüvvəsini sərf etmişdir. Ölkənin beynəlxalq ticarət-iqtisadi əlaqələrinin genişləndirilməsində və qazandığı nailiyyətlərin təbliğində onun xidmətləri təqdirəlayiqdir.
Respublikanın ictimai-siyasi həyatının fəal iştirakçısı Süleyman Tatlıyev bir neçə çağırış Azərbaycan Respublikası Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı seçilmişdir.
Süleyman Tatlıyevin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallarla təltif edilmiş, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatı olan "Şöhrət" ordeninə layiq görülmüşdür.
Tanınmış ictimai-siyasi və dövlət xadimi, təvazökar və səmimi insan Süleyman Bayram oğlu Tatlıyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!"
Nekroloqu Prezident İlham Əliyevlə yanaşı, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Hacıbala Abutalıbov, Fatma Abdullazadə, Şahin Mustafayev, Natiq Əliyev, Rövnəq Abdullayev, Ziya Yusifzadə, Məhərrəm Quliyev, Dadaş Rzayev və Niyaz Əlizadə imzalayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti