Atatürk onunla izdivacı “həyatının səhvi” sayırdı – Sirli qadının həyat hekayəsi

   Atatürk onunla izdivacı “həyatının səhvi” sayırdı –    Sirli qadının həyat hekayəsi
  17 İyun 2021    Oxunub:8607
Bu gün Türkiyənin ən sirli qadınlarından olan Lətifə Uşakinin (Uşaklıgil) doğum günüdür. Lətifə Uşaki Türk Dünyasının böyük öndəri, Türkiyə Cümhuriyyətinin başqanı Qazi Mustafa Kamal Atatürkün həyat yoldaşı olub. Lətifə xanımla Mustafa Kamal Paşa iki il (1923-1925) evlilik həyatı sürdükdən sonra müəmmalı şəkildə boşanıblar. Atatürkdən ayrılan Lətifə xanım həyatı boyunca ailə həyatı qurmayıb.
Lətifə Uşaki 17 iyun 1898-ci ildə İzmirdə anadan olub. İzmirin nüfuzlu və tanınmış ailələrindən olan "Uşaklıgil" ailəsinin övladı, məşhur yazıçı Halit Ziya Uşaklıgilin qohumudur. Əslən Uşak şəhərindən olan Helvacızadə soyadlı ailə İzmirə köçdükdən sonra "Uşakzadə" soyadını qəbul edir. Lətifə ibtidai və orta təhsilini İstanbulun Arnavutköy Amerikan Qızlar Kollecində oxuyur. Parisdəki Sarbonna Universitetində siyasət və hüquq təhsili alır, Londonda dil xarici dilləri öyrənir. İngilis, Fransız, İspan və Alman dillərini mükəmməl mənimsəyən Lətifə Türkiyənin xaricdə təhsil alan ilk hüquqşünas qadınlarından biri kimi tanınır.

Sarbonnadan İzmirə yürüş

Lətifənin xaricdə təhsilini davam etdirdiyi dönəm Türkiyə tarixinin olduqca mürəkkəb, çalxalanan dövrü idi. Türkiyə ordusu Mustafa Kamal paşanın başçılığı ilə Sakarya döyüşündə qalib gəlmişdi. Ölkəsindəki bütün siyasi-ictimai hadisələri dörd gözlə izləyən Lətifə bu qələbə xəbərini eşidən kimi Sarbonna universitetinin üçüncü kursunda ikən, təhsilini yarımçıq qoyaraq, türk ordusunu qarşılamaq üçün dərhal ölkəyə qayıdır. Gənc qız həm də qəlbində gizli rəğbət bəslədiyi Mustafa Kamal Paşa ilə şəxsən görüşmək arzusunda idi. Lətifə xanım Mustafa Kamal Paşanın ordusunun İzmirə daxil olacağını bildiyi üçün, onu doğulub boya-başa çatdığı bu şəhərdə gözləyir.


9 sentyabr 1922-ci ildə Türk ordusu İzmirə girdikdən sonra qazi Mustafa Kamal Paşa ali baş komandanlıq üçün etibarlı qərargah axtarışına çıxır. Məsələdən xəbər tutan Lətifə Uşaki Paşaya onların malikanəsindən qərargah kimi istifadə etmək üçün sifariş yollayır. Mustafa Kamal dəvəti qəbul edir və Uşakzadə malikanəsinə gəlir.

Malikanə - qərargah, Lətifə xanımsa aşiq olur

Lətifə Uşakinin ata-anası və qardaşlarının xaricdə yaşadıqlarından böyük qəsrdə gənc qız və onun ata nənəsi ikilikdə qalırdı. Mustafa Kamalı böyük sevinc və istəklə qarşılayan gənc ziyalı qadın, paşaya bu malikanədə ürəyi istədiyi qədər yaşamaq və işləmək təklifi edir. Mustafa Kamal paşa gənc xanıma bu lütf üçün təşəkkür edir və malikanənin ona təxminən, iki həftə lazım olacağını bildirir. Uşakzadə malikanəsində 1922-ci ilin 16 sentyabrında Türkiyə ilə Antanta dövlətləri (Böyük Britaniya, Fransa, İtaliya və Yunanıstan) arasında tarixi Mudanya sülh sazişi imzalanır.

General Mustafa Kamal Uşakzadələrin malikanəsinə gəlməzdən öncə, bu qonaqpərvərliyi edən gənc xanımın İzmirin Bələdiyyə başqanı olmuş Müəmmər bəyin qızı olduğunu, xaricdə təhsil aldığını öyrənmişdi. Savadlı və zadəgan türk qızının dövrün mental qanunlarına meydan oxuyan cəsarəti, döyüşdən zəfərlə qayıdan türk ordusunu qarşılamaq üçün Parisdən tələsik İzmirə gəlməsi, evlərindən qərargah kimi istifadə etmə təklifində bulunması Mustafa Kamalın çox xoşuna gəlmişdi.
Paşa Lətifə xanımın sevgisinə laqeyd deyildi. Amma o, alicənab və ləyaqətli bir türk kişisi idi. Gənc hüquqşünas xanımın evində lazım olan müddətdə qaldıqdan sonra, xanım Uşakinin israrına baxmayaraq, Paşa malikanəni tərk edir.


Lakin Lətifə xanımla Paşa arasında sevgi münasibətləri davam edirdi. Onlar tez-tez görüşürdülər.
Bu arada qeyd etməliyik ki, Lətifə xanım Mustafa Kamal paşanın Fikriyyə xanım adlı qadınla evli olub ayrıldığını da bilirdi.

“O, Kamalı sevmir, Ali Baş Komandanı sevir”

17 dekabr 1922-ci ildə Qazi Mustafa Kamal Paşanın anası Zibeydə xanım, səhhətindəki problemlərlə əlaqədar müalicə almağa və Lətifə xanımı görmək məqsədi ilə İzmirə gəlir. Mustafa Kamal paşanın yavəri olmuş Salih Bozoxun söylədiyinə görə, Zibeydə xanım Lətifə Uşaki ilə tanışlıqdan sonra Lətifənin onun oğlu Kamalı deyil, “Baş Komutan Mustafa Kamal Atatürk əfəndini sevdiyini” söyləyirmiş.


Yavərin anlatdığına görə, Zibeydə xanım bu səbəbdən onların evlənməsinin əleyhinə idi. Uşaqzadə ailəsinə məxsus malikanədə 28 gün qonaq olan Zibeydə xanım, 14 yanvar 1923-cü ildə vəfat edir. Atatürk isə anasının dəfninə yetişə bilmir, ona görə də bütün dəfn işlərini Lətifə xanım həyata keçirir. 27 yanvar 1923-cü ildə Karşıyaka Osman Ferit Məscidinin həyətində anasının məzarını ziyarətə gələn Qazi Mustafa Kamal Paşa, anasının ağır həyatından danışaraq, nitqini bu cümlələrlə bitirir: "Anam mənə görə öldü. Amma indi o, Karşıyakanın ürəyində yatır".

Sadə toy

Mustafa Kamal Atatürk və Lətifə xanım Uşakizadə 29 yanvar 1923-cü ildə Müəmmər bəyin Uşakizadə malikanəsində səssiz-səmirsiz bir şəkildə, yalnız Uşakizadə ailəsinin iştirak etdiyi kiçik məclis təşkil edərək evlənirlər. Marşal Fevzi Çakmak və Kazım Karabekir Paşalar Mustafa Kamalın, Mustafa Abdulhalik Renda və Salih Bozok isə Lətifə Uşakinin nikah şahidləri olur.


Türkiyə Cümhuriyyəti qurulduqdan sonra cütlük paytaxt Anakaraya, Çankaya iqamətgahına köçür.
Atatürkün istəyilə Türkiyə Böyük Millət Məclisindəki iclasları izləməyə gedən Lətifə xanım TBMM-ə ayaq basan ilk qadın olur. Atatürk xanımına yüksək sayğı duyur, onu özü ilə xarici səfərlərə, dövlət tədbirlərinə aparırdı. Kənardan olduqca mükəmməl, biri-birinə yaraşan cütlük kimi görünsələr də bu birgəlik uzun sürmür.

Xarakter toqquşmaları

Mustafa Kamal Paşa və Lətifə xanım evləndikdən qısa müddət sonra problemlər ortaya çıxmağa başlayır.
Çankayaya köçən kimi cümhurbaşkanın xanımı iqamətgahın bütün quruluşunu, dizayndan tutmuş mebellərə, divar kağızlarına qədər öz zövqünə uyğun dəyişməyə başlayır. Bu dəyişikliklər Atatürkün iş otağına çatdığı zaman Paşa xəbərdarlıq edərək xanımını dayandırır.
Zaman keçdikcə Lətifə xanım əri Mustafa Kamal Paşa üzərindəki təsirini artırmağa qərar verir.
Uzun çəkən bir toplantıdan sonra yorğun Paşa xidmətçini çağıraraq, ona rakı gətirməsini tapşırır. Xidmətçi günahkar şəkildə başını aşağı salaraq: “Rakı yoxdur, əfəndim, Lətifə xanım binaya spirtli içki gətirilməsinə qadağa qoyub”,- deyə cavab verir. Cavabdan əsəbiləşsə də, üzə vurmayan Paşa xidmətçiyə yenə də sakit tonla: “Get, dükandan rakı al gətir” -deyə göstəriş verir. Xidmətçi yenə suçlu bir səslə: “Əfv edərsiniz, Lətifə xanım bizə izin vermir” - deyə bildirir.
Mustafa Kamal Paşanın içki, siqaret və tünd qəhvə alışqanlığına yavaş-yavaş qadağalar qoyan Lətifə xanım, bunları Paşanın sağlamlığı üçün etdiyini söyləsə də, bu qorumalar Paşanı ona yaxınlaşdırmır, əksinə, uzaqlaşdırırdı.
Bir sıra araşıdırmaçıların mülahizəsinə görə, Mustafa Kamal paşa Lətifə xanımın onun ziyanlı vərdişlərinə qoyduğu yasaqları qəbul etsə idi, daha çox yaşayardı.

Səhərədək davam edən toplantılar və Lətifə xanımın isterikaları

Lətifə xanımı ən çox hövsələdən çıxaran isə səhərə qədər davam edən masa söhbətləri idi. Mustafa Kamalın yaxın dostları, dövlət adamları ilə evində təşkil etdiyi söhbətləşmələr, məclislər bəzən, səhərə qədər uzanır, süfrə başında aparılan qeyri-rəsmi məsləhətləşmələr, görüşlər Lətifə xanıma olduqca cansıxıcı gəlirdi.


Xaricdə təhsil almış savadlı bir qadın olsa da, evdəki görüşlər zamanı özünü ərköyün və kaprizli məmur qızı kimi aparır, ərinin kimliyini sanki unudurdu. Lətifə xanımın atası Müəmmər bəy öz xatirələrində yazır: “Nədənsə Lətifə özünün cümhurbaşqanı arvadı olduğunu əsla unutmur, amma ərinin cümhurbaşqanı olduğunu çox zaman unudur”.

Əvvəllər Atatürk həyat yoldaşının evdəki yığıncaqlarla bağlı tələblərini gülümsəyərək rədd etsə də, Lətifə xanımın bu məsələ üzərində ciddi dayandığını görüb, ona qarşı səssiz dirəniş göstərməyə başlayır.

Atatürk evlənməyini “həyatının səhvi” adlandırır

Yavər Bozokun söylədiyinə görə, gec sona çatan görüşlərdən qaça bilməyən Lətifə xanım qeyri-adi bir üsula əl atıb.
Atatürk yığıncağı uzun müddətə uzadanda yuxarı mərtəbəyə çıxan Lətifə xanım, “Kamal!”- deyə səslənərək, dikdaban ayaqqıbıları ilə sərt şəkildə döşəməni döyəcləyirmiş. Hökmlü xanım hətta iclaslarda baş nazir, baş qərargah rəisi və ya qubernatorların iştirakını belə, vecinə almırdı. Bütün bunlar Atatürkün səbr kasasını səssizcə daşdırır, münasibətləri isə getdikcə soyudurdu. Mustafa Kamal Paşa məşhur deyimi olan “Həyatda etdiyim ən böyük səhvlərdən biri də evlənməkdir. Gördüyünüz kimi ordulara rəhbərlik etdim, məclislər idarə etdim, müharibələr apardım, qalib gəldim, amma bir qadınla bacara bilmirəm” kəlmələrini də bu axşam görüşlərinin birində Lətifə xanımın növbəti isterik davranışından sonra qonaqlara xitabən söyləmişdi.

Fikriyə xanımın intiharı və Atatürkə sui-qəsd planı

Hələ Mustafa Kamal Paşanın keçmiş həyat yoldaşı Fikriyə xanım! ..


Atatürkün Fikriyəni xaricdə müalicə etdirdiyini bilən və Paşanın dəfələrlə onu ziyarət etməsinə şahid olan Lətifə xanım qısqanclıqdan əzab çəkirdi. Eyni qısqanclıq Paşanın birinci xanımı Fikriyəyə də rahatlıq vermirdi. Fikriyə xanım Paşa ilə hər görüşündə Lətifə xanım mütləq orada olurdu.
Bir dəfə isə Paşa çaşaraq, Lətifə xanımı “Fikriyə”,- deyə çağırmışdı. Bu səhvdən sonra Lətifə xanımın hikkəsinə görə onlar uzun müddət eyni otaqda yatmadılar.
Paşanın Fikriyəyə qayğısından əsəb keçirən Lətifə xanım bu görüşlərə nəhayət, bir son vermək lazım olduğu qənaətinə gəlir. Günlərin birində Atatürklə görüşə gələn Fikriyəni Lətifə xanımın tapşırığı ilə qapıdan buraxmır və Paşanın onu qəbul etməyə vaxtı olmadığını söyləyirlər. Fikriyə xanım nə qədər təkid etsə də, Paşadan xəbərsiz ona rədd cavabı verilir. Hələ də sevdiyi keçmiş ərindən belə sayqısız münasibət gözləməyən Fikriyə xanım çox sarsılır və tualetə girib, çantasında hazır saxladığı tapança ilə özünü güllələyir. Araşdırmalar zamanı məlum olur ki, Fikriyə xanım Mustafa Kamal ilə görüşə gələrkən, paltarının iç hissəsində ikinci bir silah da gizlədibmiş. Bu faktın ortaya çıxması vəziyyəti mürəkkəbləşdirir. Belə yozulur ki Fikriyə xanım Paşa ilə görüşməyə onu da, Lətifə xanımı da tapança ilə öldürməyə, daha sonra isə özünə qəsd etmək niyyəti ilə gəlib. Fikriyənin faciəli ölümü Mustafa Kamal paşa ilə Lətifə xanımın arasına bir bomba kimi düşür. Bu acı olaydan sonra Atatürk Lətifə xanımla boşanma qərarını qətiləşdirir.

Ölənədək susmaq

Qazi Mustafa Kamal Paşa ilə Lətifə xanım Uşaki 5 avqust 1925-ci ildə rəsmən boşanırlar. Türkiyə Cümhurbaşkanının boşanma xəbəri 12 avqust 1925-ci ildə mətbuatda rəsmi xəbər kimi dərc edilir. Ayrıldıqdan sonra nə Atatürk, nə də Lətifə Uşaki bir daha ailə qurmur. Ömrünün iki ilini xaricdə, ölümünə qədərki 48 ili isə İstanbulda yaşayan Lətifə Uşaki, evliliyi və əri haqqında heç vaxt mediaya danışmağa və yazmağa razı olmayıb. Lətifə xanım eyni zamanda bu barədə eşidib-bildiklərini ictimaiyyətə açıqlamağı yaxın qohumlarına da qadağa edib. Yaxınlarının söylədiyinə görə o, dəfələrlə Atatürklə barışmaq istəsə də, Mustafa Kamal paşa razı olmayıb.

* * *
Lətifə xanım Uşaki 1977-ci ildə döş xərçəngidən dünyasını dəyişib. Onun xatirələri və qoruyub saxladığı dəyərli sənədlər hazırda “Türk Tarix Kurumu” muzeyində saxlanılır.


Uşakizadə ailəsinin İzmirdə böyük yanğın zamanı 70-ə yaxın mülkünün yandığı məlumdur. Bu gün İzmirdə Uşakzadələrdən yadigar qalan üç malikanə var. Basmane Tren İstasyonu ilə üzbəüz yerləşən və Lətifə xanımın anadan olduğu qış malikanəsinin 200 yaşı var. Bərpaya ehtiyacı olan bu malikanə hələ də Uşakizadə ailəsinin mülkü sayılır.
İzmir Özəl Türk Kollecinin şəhərciyində yerləşən "Uşakizade Mansion" yaz iqamətgahı isə 15 İyun 2001-ci ildən bəri muzey kimi fəaliyyət göstərir. Karşıyaka Bələdiyyəsi tərəfindən bərpa edilən Uşakizadələrin Karşıyakadakı ikinci malikanəsi isə 19 May 2008-ci ildən bəri "Latife Hanım Köşkü Anı Evi" (Zibeydə Xanım Muzeyi) adı ilə insanlara xidmət göstərir.

Şəlalə Göytürk
Azvision.az üçün



Teqlər: Lətifə-Uşaki   Atatürk  





Xəbər lenti