Məmmədyarov Vanda nazirlərlə görüşəcək

Məmmədyarov Vanda nazirlərlə görüşəcək
  13 Mart 2014    Oxunub:863
Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan İran İslam Respublikasının Xarici İşlər Nazirinin müavini İbrahim Rəhmanpurun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüş əsnasında Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olunaraq, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat layihələrinin icrası, humanitar və mədəniyyət xarakterli layihələrin həyata keçirilməsi, müqavilə-hüquq bazasının inkişaf etdirilməsi və Xəzər dənizinin hüquqi statusu məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhani ilə Davosda keçirilmiş görüşünün iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük əhəmiyyətə malik olduğu qeyd edilib.

Nazir Elmar Məmmədyarov 14 mart tarixində Türkiyənin Van şəhərində Azərbaycan Respublikası, İran İslam Respublikası və Türkiyənin Xarici İşlər Nazirlərinin üçtərəfli görüşünün keçiriləcəyini qeyd edərək, bu çərçivədə görüşlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafına töhfə verdiyini vurğulanıb.

Nazir müavini İbrahim Rəhmanpur Azərbaycan Respublikasının strateji əhəmiyyətə malik olduğunu qeyd edərək, səfər çərçivəsində Naxçıvana da səfər edəcəyini və ikitərəfli görüşlər keçirəcəyini söyləyib.

Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzünə toxunan nazir Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz tarixi torpaqlarına qayıtmasının sülh prosesinə töhfə verəcəyini və beləliklə də, regionda sülh, sabitlik və təhlükəsizliyin bərqərar olunmasına təkan verəcəyini bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti