Alman deputat Azərbaycandan üzr istədi
Bildirilir ki, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərə qanunsuz səfər edərək Azərbaycan Respublikasının “Dövlət Sərhədi haqqında" qanununu pozmuş və buna görə də Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunmuş “arzuolunmaz şəxslər” siyahısına daxil edilmiş Almaniya Federativ Respublikasının Bundestaqının deputatı Yürqen Klimke adının bu siyahıdan çıxarılması xahişi ilə Azərbaycan Respublikasına yazılı şəkildə müraciət edib.
Müraciətində Yürqen Klimke 2013-cü ilin sentyabrında Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfərinin əvvəlcədən planlaşdırılmış xarakter daşımadığını və bu səfərin doğuracağı nəticələr barəsində məlumatlı olmadığını qeyd edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü onun beynəlxalq tanınmış sərhədləri çərçivəsində tanıdığını və işğal olunmuş ərazilərə səfərindən təəssüf hissi keçirdiyini bildirib.
Yürqen Klimke gələcəkdə Azərbaycan Respublikası ilə razılaşdırmadan işğal olunmuş ərazilərə səfərdən çəkinəcəyini vurğulayaraq, adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasını xahiş edib.
Yürqen Klimkenin müraciətinə müvafiq qaydada baxılacaq.