İbrahim Rəhimpur: “İnkişaf edən Azərbaycanı görməyimə çox sevinirəm”

İbrahim Rəhimpur: “İnkişaf edən Azərbaycanı görməyimə çox sevinirəm”
  14 Mart 2014    Oxunub:1061
İbrahim Rəhimpur: Azərbaycan ilə İran arasında əməkdaşlığın genişləndirilməsi üçün xüsusi iş cədvəli hazırlanıb.

Azərbaycan ilə İran arasında əməkdaşlığın genişləndirilməsi üçün xüsusi iş cədvəli hazırlanıb. Bu cədvələ uyğun olaraq müxtəlif istiqamətlərdə, xüsusilə iqtisadi, siyasi, hərbi, mədəni, enerji, neft-qaz sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün müzakirələr aparılacaq. 2014-cü ildə bu sahələrdə əlaqələrin inkişafı üçün nümayəndə heyətlərinin qarşılıqlı səfərləri nəzərdə tutulub.

Bunu İran İslam Respublikasının xarici işlər nazirinin müavini, Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İbrahim Rəhimpur martın 13-də Bakıda keçirdiyi mətbuat konfransında deyib.

İ.Rəhimpur bildirib ki, regional və beynəlxalq məsələlər ölkələrimiz arasında əlaqələrin inkişafını zəruri edir. Azərbaycan və İran regionun iki ən əhəmiyyətli dövlətidir. Ölkələrimiz arasında münasibətlərin yaxşı olması həm də regionun təhlükəsizliyi və sabitliyinin xeyrinədir. Hər iki ölkə həm ikitərəfli və regional, həm də beynəlxalq müstəvidə əməkdaşlıq edir.

Nazir müavini Davosda Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Həsən Ruhaninin görüşünü ölkələrimiz arasında əlaqələrin inkişafında yeni başlanğıc kimi dəyərləndirib.

İ.Rəhimpur qeyd edib ki, Azərbaycan ilə İran arasında ticarət dövriyyəsinin həcmi yarım milyard dollardır və bunun artırılması üçün ciddi iradə nümayiş etdiriləcək.

Nazir müavini səfər zamanı Bakıda müxtəlif görüşlər keçirdiyini və bu görüşlərdə iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün müzakirələrin aparıldığını bildirib.

İ.Rəhimpur Naxçıvana səfər edəcəyini, muxtar respublika ilə də əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılacağını diqqətə çatdırıb.

Ölkəmizə səfərindən məmnunluğunu bildirən İ.Rəhimpur deyib ki, “Güclü və iqtisadi baxımdan inkişaf edən Azərbaycanı görməyimə çox sevinirəm”.


Teqlər:  





Xəbər lenti