QMİ Zaqatalada müşavirə keçirdi

QMİ Zaqatalada müşavirə keçirdi
  14 Mart 2014    Oxunub:962
Qafqaz Müsəlmanları İdarəsi Zaqatalada müşavirə keçirib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə martın 13-də respublikamızın şimal-qərb bölgəsində olub.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, QMİ-nin sədrinin bölgəyə səfəri Zaqatala rayonundan başlanıb. Şeyxülislam Allahşükür Paşazadə əvvəlcə Zaqatala şəhər Cümə məscidini ziyarət etmiş, namaz qılmış, dualar oxuyub.

Sonra Bakı İslam Universitetinin Zaqatala şöbəsinin konfrans zalında bu təhsil ocağının müəllim və tələbələri, habelə rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri və dindarların iştirakı ilə müşavirə keçirilib.

Müşavirəni QMİ-nin bölgə üzrə dini icmasının sədri İbrahim İbrahimov açaraq tədbirin əhəmiyyətindən danışıb.

Rayon icra hakimiyyəti başçısının birinci müavini, icra hakimiyyəti yanında dini işlər üzrə komissiyanın sədri Elman Ramazanov təhrikçi dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, ölkədəki tolerantlıq mühitinin qorunub saxlanması istiqamətində həyata keçirilən tədbirlərin əhali tərəfindən razılıqla qarşılandığını bildirmiş, dindarların maarifləndirilməsi ilə bağlı belə görüşlərin əhəmiyyətini xüsusi vurğulayıb.

Diqqətə çatdırılıb ki, Bakı İslam Universitetinin Zaqatala şöbəsi ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə 1998-ci ildə yaradılmışdır. Şöbə uzun illərdir ki, Qafqaz bölgəsi, eləcə də respublikamız üçün ali dini təhsilli mütəxəssislər hazırlayır. Bu illər ərzində universitetin Zaqatala şöbəsinin 300-ə yaxın məzunu olmuşdur. Onların əksəriyyəti öz ixtisasları üzrə işlə təmin edilib.

Tədbir iştirakçılarına bölgə qazılığının fəaliyyəti, bölgədə dini təhrikçiliyə qarşı aparılan mübarizə və maarifləndirmə tədbirləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, şeyxülislamın radikal cərəyanlara qarşı mübarizə ilə əlaqədar son tapşırıq və göstərişlərə uyğun olaraq bölgənin bütün məscidlərində QMİ-nin Qazılar Şurası tərəfindən verilmiş fətva səsləndirilmiş, məscidlərin imamlarının mövzu ilə bağlı moizə və xütbələri gücləndirilib.

Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış edərək Azərbaycanda mövcud dini durum barədə danışıb.

Müstəqillik illərində Azərbaycanda dinə və dini icmaların fəaliyyətinə dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərildiyini vurğulayan şeyxülislam hazırda ölkəmizdə 2 minə yaxın məscidin fəaliyyət göstərdiyini, onlarla məscidin bərpa olunduğunu, yeni ibadətgah yerlərinin yaradıldığını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan, sözün həqiqi mənasında, müxtəlif dinlər arasında səmimi münasibətlərin hökm sürdüyü, yüksək tolerantlıq mühitinə malik olan bir ölkəyə çevrilmişdir. Vətəndaşlarımız Prezident İlham Əliyevin yürütdüyü siyasətdən, dini dəyərlərə olan ehtiramından çox razıdırlar.

QMİ-nin sədri bildirib ki, belə bir şəraitdə bəzi dini qrupların, cərəyanların yaranması, əlbəttə ki, dövlətçiliyimizə çox zərər gətirir. Ata-babalarımızın bizə əmanət qoyduğu Quran, məzhəb, dindən çıxaraq övladlarımızın bir qisminin başqa yollara üz tutması, dəvət olunması çox pis haldır. Onları bu yola dəvət edən şəxslərin kimlərə qulluq etmələri, hara ilə bağlı olduqları hamımıza yaxşı məlumdur. Tam əminliklə bildirmək istəyirəm ki, bu cür yola qurşananların hamısı birbaşa xarici qüvvələrlə bağlıdır.

Azərbaycandakı sabitlik bəzi qüvvələri, bədxahlarımızı ciddi narahat edir. Onlar qarışıqlıq yaratmaq üçün din adından istifadə edirlər. Lakin belə qüvvələr bilməlidirlər ki, Azərbaycanda qarmaqarışıqlıq yaratmaq istəyənlər, xəyallar quranlar heç vaxt məqsədlərinə çata bilməyəcəklər. Çünki Azərbaycan xalqı çox qədim, mədəni, mənəvi və əxlaqi dəyərlərə malik bir xalqdır və xalqımız bu doğru yoldan heç vaxt dönməyəcəkdir.
Görüşdə akademik Vasim Məmmədəliyev çıxış edərək demişdir ki, dindarlar, qazılar, vaizlər xalqla təmasda olanda, çıxış edəndə gərək haqqa istinad etsinlər, havadan danışmasınlar. Dində sabitqədəmlik, möhkəmlik, xalqımızın qədim adət-ənənələrini müasir dövrdə, müasir şəkildə yaşatmaq, yaratmaq, heç bir əks-təbliğata uymamaq lazımdır. Dinimiz çox müqəddəs, çox gözəl bir dindir. Bu dinin özünün orta bir yolu vardır. Peyğəmbərimizin buyurduğu, “Qurani-Kərim”in izah etdiyi, göstərdiyi bir yol vardır. Zaqatala dindarları bu bölgədə sabitliyin qorunmasına öz xidmətlərini verir və inanırıq ki, bundan sonra da verəcək.

Tədbirdə Bakı İslam Universitetinin rektoru Sabir Həsənli və müfti Salman Musayev çıxış edərək dindarların maarifləndirilməsi baxımından belə görüşlərin əhəmiyyətini yüksək qiymətləndirib, tövsiyələrini bildiriblər.

Respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və onu müşayiət şəxslər daha sonra Balakən və Qax rayonlarında olmuş, şəhər məscidlərində yerli dindarlarla görüşmüş, məscidlərin imamlarına, dini icmaların rəhbərlərinə tövsiyə və tapşırıqlarını veriblər.

Həmin gün axşam şeyxülislam Allahşükür Paşazadə və QMİ-nin təmsilçiləri Şəki şəhərinə gəlmiş, Cümə məscidində axşam namazı qılıblar.

Qafqaz Müsəlmanları İdarəsinin sədri martın 14-də Şəkidə dindarlarla görüşəcək.


Teqlər:





Xəbər lenti