Deputat İsa Qəmbərin müavinlərini qınadı

Deputat İsa Qəmbərin müavinlərini qınadı
  14 Mart 2014    Oxunub:759
“Hesab edirəm ki, hansısa partiya nümayəndələrinin Krıma getmək cəhdi sadəcə, piar kampaniyasından başqa bir şey deyil. Biz həmin bölgədə vəziyyəti gözəl bilirik. Əgər Krıma ATƏT-in nümayəndələri buraxılmırsa, gediş-gəliş tam nəzarətə götürülübsə və bunu bilə-bilə kimlərsə Krıma getməyə cəhd göstərirlərsə, təbii ki, burada piar kampaniyasının elementləri görünməkdədir”.
AzVision.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı hakim partiyanın saytına verdiyi müsahibəsində Müsavat nümayəndələrinin Krıma səfərindən danışarkən bildirib.

Deputat hesab edir ki, Müsavat Partiyasından olan həmin adamlar yola çıxanda onların həmin əraziyə buraxılmayacağını dəqiq bilirdilər.
“Müxalifət nümayəndələrinin Krıma səfər etmək cəhdləri ilə bağlı Rusiya saytlarında da məlumatlar verilib. Həmin məlumatlara verilən şərhlərdə Azərbaycanda bəzi qüvvələrin Krım tatarlarını qızışdırmaq üçün fəaliyyətə keçdiyi haqqında yanlış fikirlər yayılır. Bu fikirlərin yayılmasında erməni izi var və onlar Rusiyada anti-türk, anti-Azərbaycan təbliğat maşınını işə salmaq istəyirlər. Onlar hətta Türkiyənin Krım tatarları ilə bağlı yeritdiyi siyasət haqda şişirdilmiş, yalan məlumatlar yayırlar. Təbii ki, bu prosesdən sui-istifadə edərək bizim ölkəmizin də adının bu məsələlərdə hallanmasına cəhd göstərirlər.

Hesab edirəm ki, belə bir şəraitdə bu cür addımların atılması milli maraqlarımız baxımından xeyir verən məsələ deyil. Nəhəng güclərin toqquşduğu bir məkanda və məqamda özünü qoruma instinkdi yüksək olmalıdır. Milli maraqlardan çıxış edərək bizim bu məsələlərə müdaxilə etməyimizə ehtiyac yoxdur. Dövlətimizin Ukraynada baş verən hadisələrlə əlaqədar mövqeyini Xarici İşlər Nazirliyi ifadə edib. Ona görə də, bu məsələlərdə hər kəs həssas, diqqətli olmalı və milli maraqlarımıza ziyan vuracaq addımlar atmamalıdır”

Anar RÜSTƏMOV



Teqlər:  





Xəbər lenti