Sessiya başladı: Artur Rasizadə hesabat verir

Sessiya başladı: Artur Rasizadə hesabat verir
  14 Mart 2014    Oxunub:971
Milli Məclisin bu günə təyin olunan plenar iclası öz işinə başlayıb. AzVision.az xəbər verir ki, iclası açıq elan edən spiker Oqtay Əsədov bildirib ki, bu gün Nazirlər Kabinetinin 2013-cü il üzrə hesabatı dinləniləcək.

Daha sonra hesabat barədə məlumat verən spiker bildirib ki, Parlament üzvləri hesabatla ətraflı tanış olublar.

MM sədri qeyd edib ki, parlamentə təqdim olunan hesabatda ölkə başçısının həyata keçirtdiyi uğurlu siyasət geniş təhlil olunub, xarici təhdidlərə qarşı güclü müqavimət mexanizmi saxlanılıb.

Oqtay Əsədov hökumətin hesabatı barədə millət vəkillərinə məlumat verərək bildirib ki, iqtisadiyyatımız keçən ildə də xarici təsirlərə qarşı rəqabət qabiliyyətini qoruyub saxlaya bilmişdi: “Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası sürətlə davam edir. Ölkə iqtisadiyyatında il ərzində əldə edilən ən uğurlu nəticə ÜDM istehsalında 5,8 faiz artımın əldə olunmasıdır. Dünya üzrə isə bu göstərici 2,1 faizdir. Eyni zamanda Azərbaycanda 2012-ci ildə inflasiya 1 rəqəmli səviyyədə saxlanılıb. Digər ən önəmli fakt isə istehlakımızın qeyri-neft sektorunda əldə edilən artımın 10 faizə çatmasıdır. Bunun nəticəsində həmin sektorun xüsusi çəkisi əvvəlki illə müqayisədə 3,1 faiz artaraq 56,6 faiz olub”.

Spiker onu da qeyd edib ki, bu il ərzində Dövlət Neft Fondunun vəsaitləri 1,8 milyard dollara yaxın artaraq 36 milyard dollara çatıb: “Ölkədə həyata keçirilən pul kredit siyasəti sayəsində Mərkəzi Bankın valyuta ehtiyatları il ərzində 21 faiz artaraq 14, 1 milyard həcmə çatıb. İl ərzində manatın məzənnəsi öz sabitliyini qoruyub saxlaya bilib. Hazırda Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollardan çoxdur. Strateji valyuta ehtiyatları ÜDM-yə nisbətinə görə Azərbaycan dünyanın 20 ölkələri arasındadır”.

Ölkə üzrə 22 milyard manat, yəni 28 milyard dollar sərmayə qoyulub. Bunun da 62 faizdən çoxu daxili mənbələr hesabına başa gəlib. Bununla yanaşı, işçilərin orta əmək haqqı 423 manata çatdırılıb. Yoxsulluq səviyyəsi ilin yekununa qədər 5,3 faiz təşkil edib.

Daha sonra söz baş nazir Artur Rasizadəyə verilib.

İclasda Hökumət üzvləri də iştirak edirlər.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti