Polis olmaq istəyənlərin nəzərinə

Polis olmaq istəyənlərin nəzərinə
  14 Mart 2014    Oxunub:4488
Azərbaycan Daxili İşlər Nazirliyi Polis Akademiyasının daxili işlər orqanlarında idarəetmənin təşkili kafedrasında vakant mühəndis-proqramçı (1 yer), dil hazırlığı kafedrasında vakant müəllim (4 yer) və baş müəllim (2 yer) vəzifələrinin komplektləşdirilməsi ilə əlaqədar müsabiqə elan edib.

DİN-in mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, daxili işlər orqanlarında idarəetmənin təşkili kafedrasının mühəndis-proqramçısı vəzifəsinə namizəd - dövlət ali təhsil müəssisələrinin riyaziyyat, kompüter riyaziyyatı, informatika və hesablama texnikası istiqamətləri üzrə bakalavr və ya magistr pilləsində təhsil almış, Java, C++ və Delphi proqramlaşdırma dillərində işləmək təcrübəsi, həmçinin MS SQL və Oracle verilənlər bazasının idarə edilməsi sistemlərinin iş prinsipləri haqqında biliyə malik olmalıdır. Dil hazırlığı kafedrasının müəllimi və baş müəllimi vəzifəsinə namizəd - ingilis dili ixtisası üzrə dövlət ali təhsil müəssisələrinin magistr pilləsini bitirmiş və pedaqoji staja malik olmalı, habelə ingilis dilini mükəmməl səviyyədə bilməlidir.

Müsabiqədə "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş şərtlərə cavab verən, boyu 165 santimetrdən (qadınlar üçün 160 sm) yuxarı olan Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

Vakant vəzifələrə təyin olunacaq müsabiqə qaliblərinin xidmət yerləri gələcəkdə polisin digər xidmət sahələrinə dəyişdirilməyəcək. Müsabiqənin şərtlərinə cavab verməyən namizədlərin sənədləri qəbul edilməyəcək.

Müsabiqədə iştirak etmək üçün sənədlər Daxili İşlər Nazirliyinin Polis Akademiyasının inzibati binasında (Bakı şəhəri Mərdəkan qəsəbəsi) 2014-cü ilin mart ayının 15-dən aprel ayının 15-dək hər gün (qeyri-iş günlərindən başqa) saat 10-dan 18-dək qəbul olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti