Moskvada MDB İqtisadi Şurasının iclası olub

Moskvada MDB İqtisadi Şurasının iclası olub
  15 Mart 2014    Oxunub:787
Bu gün Moskvada Müstəqil Dövlətlər Birliyi İqtisadi Şurasının 61-ci iclası keçirilib.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, iclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edirdi.

İclasın gündəliyinə MDB üzvü olan ölkələrin iqtisadi sahədə qarşılıqlı əlaqələrinə aid geniş məsələlər kompleksi daxil edilib.

İclas iştirakçıları Nəqliyyatda təhlükəsizliyin təmin edilməsi sahəsində MDB ölkələrinin qarşılıqlı informasiya əlaqəsi barədə Sazişin, habelə MDB-də malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında 20 noyabr 2009-cu il tarixli Sazişə dəyişikliklər edilməsi haqqında Protokolun layihələrini bəyəniblər.

İqtisadi Şuranın üzvlərinə 2020-ci ilə qədər olan dövrdə MDB üzvü olan ölkələrin innovasiya sahəsində əməkdaşlığına dair Dövlətlərarası Proqramın və həmin proqramın həyata keçirilməsi ilə əlaqədar 2012-2014-cü illər üçün Tədbirlər Kompleksinin, habelə Yerin təkinin kəşfiyyatı, istifadəsi və qorunması üzrə Hökumətlərarası Şura çərçivəsində Birlik dövlətlərinin müştərək işlərinin Perspektiv Planının (2011-2015-ci illər) 2013-cü ildə yerinə yetirilməsinin gedişi barədə məlumat verilmişdir.
İclas iştirakçıları Antiinhisar siyasəti üzrə Dövlətlərarası Şuranın və Dövlətlərarası “Radionaviqasiya” Şurasının 2010-2013-cü illərdə fəaliyyəti barədə hesabatı, MDB iştirakçısı olan dövlətlərdə auditor xidmətləri bazarının vəziyyəti və beynəlxalq audit standartlarının tətbiqi barədə məruzəni dinləmişlər. Birlik dövlətlərinin boru kəməri nəqliyyatı ilə tranzit haqqında saziş layihəsinin hazırlanmasının gedişi barədə məlumat verilib.

MDB iştirakçısı olan dövlətlərin Ümumittifaq Kənd Təsərrüfatı Sərgisi – SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi – Ümumrusiya Sərgi Mərkəzinin yaradılmasının 75 illiyinə həsr edilmiş Rusiya aqrar-sənaye həftəsi çərçivəsində yubiley ekspozisiyasının konsepsiyası bəyənilmişdir. 2013-cü ildə malların və xidmətlərin keyfiyyəti sahəsində nailiyyətlərə görə MDB “İşgüzar mükəmməlliyin etirafı” mükafatı laureatları, diplomantları adı və xüsusi prizlər verilməsi haqda qərar qəbul edilib.

Bundan əlavə, iclas iştirakçıları bir sıra büdcə-maliyyə və təşkilati xarakterli məsələləri müzakirə ediblər.

MDB İqtisadi Şurasının növbəti iclasını bu il iyunun 20-də Moskvada keçirmək nəzərdə tutulur.


Teqlər:





Xəbər lenti