Azərbaycan və Gürcüstan arasında gömrük sazişi imzalandı
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili konfrans iştirakçılarını salamlayaraq, onların Avropa regionu gömrük administrasiyaları təsisatlarının inkişaf strategiyası və prioritetləri barədə maraqlı müzakirələr aparacaqlarına əmin olduğunu vurğulamış, iqtisadi inteqrasiya, azad ticarət və digər məsələlərə dair ölkəsinin mövqeyini açıqlayıb.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev müsahibəsində deyib ki, Avropa ölkələrinin seçimi ilə Avropa regionu gömrük xidməti rəhbərlərinin növbəti, 11-ci konfransı Tbilisidə keçirilmişdir. Ötən ilin iyununda Ümumdünya Gömrük Təşkilatının vitse-sədri seçilmiş Azərbaycan gömrük xidməti bu tədbirin təşkilatçılarından biridir və konfrans onun sədrliyi ilə keçirilib.
Aydın Əliyev qeyd etmişdir ki, bu konfranslarda müzakirə olunan əsas məsələlər sonradan Ümumdünya Gömrük Təşkilatının sessiyasına, yaxud siyasi komissiyasına təqdim edilir. Hazırkı konfransda biznes və gömrük əməkdaşlığı, gömrüyün ticarətin asanlaşdırılmasına təsiri, Ümumdünya Gömrük Təşkilatının vəzifəli şəxslərinin seçkiləri və başqa məsələlər əsas müzakirə mövzusu olmuşdur. İştirakçılar həmin məsələlərlə bağlı fikir və rəylərini söyləyiblər.
Komitə sədri Azərbaycan gömrük xidmətinin konfransda üç təqdimat keçirdiyini, qaçaqmalçılığa qarşı mübarizə sahəsində Avropa ölkələri üçün portal yaratdığını və onun ilk variantının konfrans iştirakçılarına təqdim olunduğunu bildirmiş, həmçinin gömrüyün tarixində ilk dəfə olaraq bu ilin yanvarında Bakıda keçirilib Avropa ölkələrinin gömrük akademiyaları və gömrük təhsil ocaqları rəhbərlərinin konfransının nəticələri və başqa məsələlər barədə iştirakçıların məlumatlandırıldığını deyib.
Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuria konfransda bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsi aparıldığını, iqtisadiyyatın, biznesin inkişafı, gömrük xidməti sahəsində əməkdaşlıq və digər məsələlərlə bağlı dəyərli rəylər səsləndirildiyini, Azərbaycan gömrük xidmətinin sədrliyi ilə keçən 11-ci konfransın yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.
Konfrans çərçivəsində Azərbaycan və Gürcüstan hökumətləri arasında gömrük sahəsində qarşılıqlı inzibati yardım haqqında saziş imzalanmışdır. Sazişi Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Gürcüstan Maliyyə Nazirliyi Dövlət Gəlir Xidmətinin direktoru İrakli Qvaramadze imzalayıblar.
Konfransın işində 39 ölkədən nümayəndə heyətləri iştirak edib.
Teqlər: