Polşada `Azərbaycan günü` keçirildi

Polşada `Azərbaycan günü` keçirildi
  18 Mart 2014    Oxunub:1043
Azərbaycanın Polşadakı səfirliyi tərəfindən bu ölkənin Veyxerovo şəhərində “Azərbaycan günü” adlı tədbir keçirilib.

Tədbir çərçivəsində səfir Həsən Həsənov senator Kazimyej Kleina, Veyxerovo rayon rəhbəri Yuzef Reşke və Veyxerovo şəhərinin meri Kjıştof Hildebrandt ilə görüşüb.

AzVision.az xəbər verir ki, səfirlikdən AzərTAc-a bildiriblər ki, H.Həsənov görüşlərdə Azərbaycanda son illər görülən yenidənqurma işləri, ölkəmizdə keçirilməsi nəzərdə tutulan mötəbər tədbirlər və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verib. Azərbaycanın qısa zamanda nail olduğu uğurlar, ölkəmizin iştirakı ilə reallaşan regional layihələr və respublikamızın bölgədə tutduğu mövqe haqqında da danışılıb.

Səfir Azərbaycan-Polşa əlaqələrinin 540 illiyinə və bərpasının 20 illiyinə həsr edilmiş xatirə medallarını və səfirlik tərəfindən nəşr olunmuş kitabları K.Kleinaya, Y.Reşkeyə və K.Hildebrandta təqdim edib.

H.Həsənov yerli televiziya və radio kanallarına, qəzet və jurnallara Veyxerovo şəhərində keçirilən “Azərbaycan günü” ilə əlaqədar müsahibə vermişdir. Polşanın şimal vilayətlərində yayımlanan “Norda” televiziya və radiosunun Azərbaycana həsr olunmuş xüsusi buraxılışında ölkələrimiz arasında əlaqələrin tarixi, müasir Azərbaycan, mədəniyyətimiz və incəsənətimiz, ölkəmizdə turizm sektorunun inkişafı haqqında ətraflı məlumat verilib.

Səfir Kaşub-Pomorsk Əlyazmalar və Musiqi Muzeyində “Azərbaycan günü” tədbirində də iştirak edib.

Muzeyin direktoru Tomaş Flopke iştirakçılara Azərbaycan-Polşa əlaqələrindən və ölkəmizdə XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşayıb yaratmış polyaklar haqda danışıb.

Senator K.Kleina çıxışında Azərbaycanın son illər nail olduğu uğurlar, ölkəmizin iştirakı ilə reallaşan regional layihələr haqqında danışmışdır. O, Azərbaycana hər səfərində şahidi olduğu inkişaf və quruculuq işlərindən söhbət açmışdır. Senator bildirmişdir ki, Azərbaycan geosiyasi cəhətdən mürəkkəb coğrafi məkanda yerləşməsinə baxmayaraq, ölkə rəhbərliyi tərəfindən aparılan düzgün siyasət təqdirəlayiqdir. O, ölkələrimiz arasında mövcud əlaqələrin dostluq və tərəfdaşlıq əsasında qurulduğunu qeyd etmişdir. Senator əlaqələrin daha da inkişaf edəcəyinə inandığını bildirib.

Həsən Həsənov tədbirdə Azərbaycan-Polşa əlaqələri və ölkəmizin tarixi, XIX əsrin sonları, XX əsrin əvvəllərində Azərbaycanda fəaliyyət göstərmiş və ölkəmizin inkişafına töhfə vermiş polyaklar haqqında danışmışdır. O bildirmişdir ki, Azərbaycanın inkişafına töhfə vermiş polyakların xatirəsinə Polşa şəhərlərində xatirə lövhələri, abidələri qurulmuş və səfirlik tərəfindən Polşa seriyasında bir sıra kitablar nəşr etdirilmişdir. Ümumilikdə Azərbaycanla bağlı polyak dilində fərqli seriyalarda 25 adda kitab nəşr olunduğu qeyd edilmişdir. Azərbaycan xalqının öz dostlarını unutmayan xalq olduğu vurğulanıb.

Həsən Həsənov Azərbaycanın son illər əldə etdiyi uğurlar, ölkədə aparılan yenidənqurma işləri haqqında məlumat verdi. O, bildirdi ki, son 10 ildə Azərbaycanın bölgələrində yeni müasir turizm obyektləri inşa edilmiş, təhsil, səhiyyə, mədəniyyət ocaqları tikilmişdir. Prezident İlham Əliyevin Azərbaycan rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair imzaladığı sərəncamların, eləcə də son 10 il ərzində investisiya qoyuluşunun, həyata keçirilən infrastruktur layihələrinin sahibkarlıq mühitinin inkişafına və yeni iş yerlərinin açılmasına təkan verməsi diqqətə çatdırıldı.

Səfir demişdir ki, Azərbaycanın Dağlıq Qarabağ regionu və ona bitişik 7 rayonu daxil olmaqla ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma yurdlarından didərgin düşmüşdür. Qeyd edilmişdir ki, 1987-1989-cu illərdə ermənilərin apardıqları etnik təmizləmə siyasəti nəticəsində Ermənistandan yüz minlərlə azərbaycanlı qovulmuşdur. Ermənistanın çoxmillətli Cənubi Qafqaz regionunda yeganə monoetnik ölkə olması vurğulandı.

Tədbirdə “Müasir Azərbaycan” və “Azərbaycanda Polşa izləri” adlı 36 şəkildən ibarət sərgi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanmış “Buta” filmi iştirakçıların marağına səbəb olub.

Sonda Azərbaycan mətbəxinin təamlarından ibarət ziyafət verildi.


Teqlər:





Xəbər lenti