Səməd Seyidova yeni vəzifə verildi

Səməd Seyidova yeni vəzifə verildi
  18 Mart 2014    Oxunub:1096
Ötən gün Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının iclası keçirilib. Komissiyanın sədri, partiyanın İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradova iclasın gündəliyi haqqında məlumat verib.

Bahar Muradova bildirib ki, komissiya xarici ölkələrin siyasi partiyaları, ictimai təşkilatları və digər vətəndaş cəmiyyəti institutları ilə, habelə, nüfuzlu beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları və digər siyasi qurumlarla partiyanın əlaqələrinin yaradılmasını, mövcud əməkdaşlığın isə genişləndirilməsi vəzifələrini yerinə yetirəcək. Onun sözlərinə görə, məqsəd YAP-ın müxtəlif xarici tərəfdaşları ilə münasibətlərinin möhkəmləndirilməsi, informasiya və təcrübə mübadiləsinin aparılması, həmçinin, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır. Komissiya sədri deyib ki, hazırda YAP bir çox dünya ölkələrinin siyasi partiyaları ilə fəal əməkdaşlıq edir. “Eyni zamanda, partiyamız İCAPP kimi beynəlxalq təşkilatın işində yaxından iştirak edir və bu təşkilatın Daimi Komitəsinin üzvüdür. İCAPP-ın Qadınlar və Gənclər qollarının yaradılmasında partiyamız yaxından iştirak edib və hər iki qurumun tədbirləri Bakı şəhərində keçirilib. Eyni zamanda, İCAPP-ın Qadınlar və Gənclər qollarının rəhbərliyində partiyamız təmsil olunur”- deyə, B.Muradova vurğulayıb.

Komissiyanın 2014-cü il üçün iş planı haqqında məlumat verən B.Muradova il ərzində bir sıra tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Onun sözlərinə görə, iş planına tanınmış politoloqların iştirakı ilə beynəlxalq aləmdə baş verən proseslərin təhlilinə həsr olunmuş dəyirmi masa, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə beynəlxalq konfrans, xarici ölkələrdə təhsil alan tələbələrin YAP fəalları ilə görüşü, «Yeni geosiyasi şəraitdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair beynəlxalq təşkilatların mövqelərinə baxış» adlı dəyirmi masa və s. tədbirlərin keçirilməsi daxildir.
İclasda komissiyanın üzvləri çıxış edərək iş planına dair fikir və təkliflərini bildiriblər. Müzakirələrin sonunda YAP-ın Beynəlxalq əlaqələr komissiyasının fəaliyyət proqramı və 2014-cü il üçün iş planı təsdiq olunub.

Daha sonra təşkilatı məsələyə baxılıb. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentləraarsı əlaqələr komissiyasının sədri Səməd Seyidov komissiyanın sədr müavni, siyasi elmlər doktoru Elman Nəsirov isə komissiyanın katibi seçilib.

AzVision.az


Teqlər:





Xəbər lenti