Fuad Ələsgərov: `Transparency İnternational` Azərbaycanda korrupsiyaya qarşı mübarizədə irəliləyişlərin olmasını göstərir` - EKSKLÜZİV

Fuad Ələsgərov: `Transparency İnternational` Azərbaycanda korrupsiyaya qarşı mübarizədə irəliləyişlərin olmasını göstərir` - EKSKLÜZİV
  18 Mart 2014    Oxunub:1401
AzVision.az Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri cənab Fuad Ələsgərovla müsahibəni təqdi edir.

- Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığı necə qiymətləndirirsiniz?


- Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirlərinin əsas istiqamətlərindən biri də beynəlxalq əməkdaşlıqdır və bu sahədə davamlı tədbirlər həyata keçirilir. Belə ki, ölkəmiz korrupsiyaya qarşı mübarizə sahəsində bütün əhəmiyyətli beynəlxalq sənədlərə qoşulub və beynəlxalq təşəbbüslərin fəal iştirakçısıdır. Azərbaycan Respublikası BMT-nin “Korrupsiya əleyhinə Konvensiyası”, Avropa Şurasının “Kоrrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” və “Kоrrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında” Konvensiyalarına qoşulmuş və onların yerli səviyyədə tam icrasını təmin edib.

Görülən tədbirlər Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının aidiyyəti qurumları tərəfindən yüksək dəyərləndirilib və nəticələr təqdirəlayiq hesab edilib. Həmin hesabatlar ictimaiyyət üçün açıqdır və korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən praktik tədbirlərə kənardan verilən müsbət qiymətdir.

İqtisadi Əməkdaşlıq və Inkişaf (OECD) təşkilatı da korrupsiyanın səviyyəsi və onunla mübarizə tədbirlərilə bağlı hazırladığı hesabatda Azərbaycanda müsbət irəliləyişlərin əldə edilməsini qeyd edib. Bu nəticələr eyni zamanda həmin təşkilatlarla qurulmuş əməkdaşlıq əlaqələrinin göstəricisidir.

Azərbaycan 2011-ci ildə beynəlxalq səviyyədə başlanılan Açıq Hökumət Tərəfdaşlığına qoşulan ilk dövlətlərdən biridir. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə Açıq Hökümətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planını təsdiq etmişdir. Həmin sənəddə korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamət kimi müəyyən edilib.

Bundan əlavə, Azərbaycan “Transparency İnternational”, “Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü” (Extractive Industries Transparency Initiative), Avropa Şurasının “Korrupsiyaya qarşı dövlətlər qrupu” (GRECO), Anti-korrupsiya qurumlarının Beynəlxalq Assosiasiyası (İACA), Korrupsiyaya qarşı Parlament üzvlərinin Qlobal Təşkilatı (GOPAC), “Beynəlxalq Antikorrupsiya Akademiyası” (İACA) və digər təşkilatlarla əməkdaşlıq edir.

- Siz “Transparency İnternational” təşkilatını qeyd etdiniz, bu təşkilatla əməkdaşlıq hansı səviyyədədir?

- “Transparency İnternational” korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış təşkilatdır. Bu təşkilatla sıx əməkdaşlıq edirik və əlaqələrimizin uzunmüddətli tarixi var. Məsələn, 2007-ci ildə “Transparency İnternational” təşkilatın böyük regional konfransı Bakı şəhərində keçirilib.

Təşkilatın yerli bölməsi olan “Şəffaflıq Azərbaycan” təşkilatının Azərbaycanın müxtəlif bölgələrində hüquqi yardım (ALAC layihəsi), qaynar xətt mərkəzləri fəaliyyət göstərir. Həmin təcrübə “Transparency İnternational” təşkilatı tərəfindən digər ölkələr üçün də yaxşı təcrübə kimi tövsiyə edilmiş və başqa ölkələrdən olan nümayəndələr üçün hüquqi yardım mərkəzlərinin (ALAC layihəsi) təşkili, idarəedilməsi üzrə təlimlər məhz Azərbaycanda təşkil edilib.

Təşkilatın QHT-lərin Əməkdaşlıq və Məlumat Şəbəkəsi çərçivəsində Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya ilə əməkdaşlığı davam edir. “Şəffaflıq Azərbaycan” təşkilatının nümayəndəsi Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın yanında fəaliyyət göstərən işçi qrupunda təmsil olunur. Hazırda “Şəffaflıq Azərbaycan” təşkilatı ilə əksər dövlət orqanları arasında səmərəli əməkdaşlıq əlaqələri qurulub.

- “Transparency İnternational” təşkilatının hesabatlarında Azərbaycanın yerinə münasibətiniz necədir?

- Keçən ay Avropa Komissiyası Avropa ölkələrində korrupsiyanın səviyyəsi ilə bağlı sorğu hesabatın nəticələrini açıqlayıb. Bu hesabata əsasən Avropalıların 76%-i hesab edir ki, korrupsiya geniş yayılmışdır, 56%-i isə hesab edir ki, son 3 ildə ölkələrində korrupsiyanın səviyyəsi artıb. Bu nəticələrin fonunda Transparency İnternational təşkilatının “2013-cü il Qlobal Korrupsiya Barometri” sorğu hesabatının nəticələri Azərbaycanla bağlı tam fərqli mənzərəni təqdim edir.

Bu sorğu Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində irəliləyişlərin olmasını göstərib. Belə ki, sorğunun nəticələrinə əsasən Azərbaycanda respondentlərin 68%-i hesab edir ki, dövlət tərəfindən həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri səmərəlidir. Bu göstərici dünya ölkələri üzrə müəyyən edilmiş 22% göstəricisindən 3 dəfə artıqdır və Azərbaycanda həyata keçirilən antikorrupsiya tədbirlərinin və əldə olunan nailiyyətlərin nəticəsidir.

Ümumilikdə götürdükdə isə Azərbaycanda korrupsiyanın səviyyəsi və mübarizə tədbirləri ilə bağlı digər təşkilatların dəyərləndirmə və hesabatlarında müşahidə olunan müsbət tendensiyalar “Transparency İnternational” təşkilatının hesabatlarında da müşahidə olunur.

AzVision.az


Teqlər:  





Xəbər lenti