YAP rəhbərliyi əlillərlə bayramlaşdı

YAP rəhbərliyi əlillərlə bayramlaşdı
  18 Mart 2014    Oxunub:815
Yeni Azərbaycan Partiyasının rəhbərliyi Novruz bayramı münasibəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək əlilləri üçün pansionatında olublar.
Pansionatın yeni binası ilə tanış olan YAP Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov burada yaradılan şəraitdən məmnun olub. Qeyd edilib ki, pansionatda yaşayan insanların yüksək şəraitlə təmin olunması istiqamətində bütün addımlar atılıb. Pansionatın direktoru, Əməkdar müəllimə Qətibə Əsədova pansionatda yaradılan şəraitlə bağlı geniş məlumat verib.

Daha sonra pansionatın sakinləri ilə görüşən YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov onları Novruz bayramı münasibətilə təbrik edib. Əli Əhmədov bildirib ki, Azərbaycan dövləti, Prezident İlham Əliyev ehtiyacı olan şəxslərə xüsusi diqqət və qayğı ilə yanaşır. Onların rahat yaşaması, ehtiyaclarının ödənməsi üçün lazımi addımlar atılır.

Əli Əhmədov qeyd edib ki, Yeni Azərbaycan Partiyası əhalinin müxtəlif təbəqələrinin nümayəndələri ilə, o cümlədən də ahıl insanlarla, qocalar evində yaşayanlarla mütəmadi görüşlər keçirir. “Bu qocalar evində YAP olaraq biz, demək olar ki, ildə bir neçə dəfə görüşlər keçiririk, onların problemləri ilə maraqlanırıq, imkan daxilində onların mövcud olan problemlərini öyrənib kömək etməyə çalışırıq” - deyə, YAP Sədrinin müavini vurğulayıb.

Əli Əhmədov qeyd edib ki, Azərbaycan hökuməti bütün insanlara, o cümlədən, ahıllara həmişə diqqət və qayğı göstərir. Onun sözlərinə görə, bu pansionatın sakinləri üçün lazım olan bütün imkanlar və şərait yaradılıb.
“Güman edirəm ki, bundan sonra da bu siyasət davam etdiriləcəkdir. Sizin üçün tikilən yeni bina ilə tanış olduq. Olduqca yüksək səviyyəli şərait yaradılıb. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, burada yaşayan insanların əhval ruhiyyəsinin yaxşı olması bizi sevindirir. Bu, bizim hökumətimizin həyata keçirdiyi siyasətin humanizmindən, insanpərvərliyindən, insanlara qayğısından xəbər verir. Prezident İlham Əliyevin bu gün həyata keçirdiyi siyasətin əsas qayəsi də ondan ibarətdir ki, dövlətimizin iqtisadi imkanlarından hər bir vətəndaşın həyatının yaxşı təşkil olunması üçün istifadə edilsin, o cümlədən də qayğıya ehtiyacı olan bütün insanlar diqqət mərkəzindən kənarda qalmamışdır” - deyə, YAP Sədrinin müavini vurğulayıb. Pansionat sakinləri də çıxış edərək respublika rəhbərliyinin onlara göstərdiyi qayğıya görə minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, bu gün ölkədə aparılan geniş quruculuq işləri onları da sevindirir, fərəhləndirir.

Daha sonra pansionat sakinlərinə Yeni Azərbaycan Partiyasının bayram hədiyyələri təqdim olunub. Qeyd edək ki, görüşdə YAP İcra katibinin müavinləri, Milli Məclisin deputatları Siyavuş Novruzov və Mübariz Qurbanlı, Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev və YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva iştirak ediblər.

AzVision.az


Teqlər:





Xəbər lenti