Məhkəmələrin effektivliyi artıb – RƏQƏMLƏR

Məhkəmələrin effektivliyi artıb – RƏQƏMLƏR
  18 Mart 2014    Oxunub:982
Məhkəmə-Hüquq Şurasının ali və apellyasiya məhkəmələrinin rəhbər şəxslərinin, Bakı şəhərinin bütün məhkəmə sədrlərinin, hakim assosiasiyaları rəhbərlərinin, habelə QHT və KİV nümayəndələrinin iştirakı ilə geniş iclası keçirilib.

İclas müxtəlif texnoloji yeniliklərin sınaq rejimində tətbiq edildiyi Bakı şəhəri Yasamal rayon məhkəməsində baş tutub.

İclasda bildirilib ki, ölkəmizdə mülki dövriyyənin sürətlə artması məhkəmələrə müraciətlərin sayının ilbəil çoxalmasına səbəb olub, təkcə 2013-cü ildə mülki işlər üzrə məhkəmələrə müraciətlərlərin sayı 13%, iqtisadi mübahisələr üzrə isə 30 %-dək çoxalıb. Ümumilikdə, yeni məhkəmə sisteminin fəaliyyətə başladığı 2000-ci illə müqayisədə mülki xarakterli mübahisələrin sayı 8 dəfə artıb.

Aparılmış köklü islahatlar nəticəsində məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanları – Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsi yaradılıb, hakimlərin müddətsiz təyinatı, fəaliyyətlərinin qiymətləndirilməsi, intizam məsuliyyətinə cəlb edilməsinin demokratik əsasları təsbit olunub.

Korrupsiya hallarının qarşısının alınması məqsədilə hakimlərin vətəndaşlarla qeyri-prosessual ünsiyyəti qadağan edilib, şəffaflığının təmin edilməsi üçün yuxarı məhkəmələrin bütün qərarlarının, habelə onlarla birlikdə yerli məhkəmələrin ləğv edilmiş və ya dəyişdirilmiş qərarlarının dərci təsbit olunub. Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlər üçün xüsusi etik tələbləri müəyyən edən Etik Davranış Kodeksinin, məhkəmələrdə işlərin obyektiv bölgüsünün mütərəqqi qaydasının qəbulu mühüm əhəmiyyət kəsb edib.

Əhalinin məhkəmələrə çatımlılığının yaxşılaşdırılması məqsədilə təkcə son illər ölkəmizdə 20-dək yeni regional məhkəmələr, o cümlədən, apellyasiya, ağır cinayətlər, inzibati-iqtisadi məhkəmələr fəaliyyətə başlamış, hakim ştatlarının sayı 2 dəfə, məhkəmə işçilərinin sayı isə 75% artırılıb, beynəlxalq təcrübəyə uyğun olaraq hər bir hakimə köməkçi ştatı ayrılıb.

Hakimlərin fəaliyyəti prinsipial qiymətləndirilməklə kobud pozuntulara və digər neqativ hallara yol verən 70 hakim məhkəmə sistemindən kənarlaşdırılmış, hakimlər barədə 161 intizam icraatı başlanılıb.

Ölkəmizdə hakimliyə namizədlərin seçilməsi qaydasının Avropada ən qabaqcıl təcrübələr əsasında müəyyən edilməsi, çoxmərhələli imtahanlardan uğurla keçən namizədlərin hakim vəzifəsinə hazırlanmaları üçün Ədliyyə Akademiyasında 1 illik nəzəri və təcrübi, habelə xaricdə kurslar keçməsi hakim korpusunun yüksək hazırlıqlı hüquqşünaslar hesabına formalaşmasında mühüm rol oynayıb.

Hakimlərin maddi təminatının yaxşılaşdırılması da diqqətdən kənarda qalmayıb. 2000-ci illə müqayisədə onların əməkhaqqı 33 dəfə, o cümlədən ötən il xeyli artırılmış, gənc hakimlər üçün əlavə təminatlar nəzərdə tutulub.

2013-cü ildə səlahiyyət müddətləri başa çatmış 101 gənc hakimin fəaliyyəti yerində öyrənilərək qiymətləndirilib, onların 30 nəfəri apellyasiya, 2 nəfəri isə Ali Məhkəməyə irəli çəkilib, 6 nəfər məhkəmə sədri, 64 nəfər digər hakim vəzifələrinə təyin olunublar. Fəaliyyətləri öyrənilərkən ciddi qanun pozuntuları və korrupsiyaya şərait yaradan hallara yol verdikləri aşkar edilmiş 4 hakimin fəaliyyəti qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətinə xitam verilib, 3 məhkəmə sədri aşağı işə keçirilib.

Yuxarı instansiya məhkəmələrində mövcud olan vakansiyaların komplektləşdirilməsi diqqətdə saxlanılaraq 8 nəfər təcrübəli hakim Ali Məhkəməyə, 17 nəfər apellyasiya məhkəmələrinə irəli çəkiliblər.

2007-ci ildə Bakı şəhərinin rayon məhkəmələrində faktiki olaraq 45 hakim fəaliyyət göstərirdisə, görülmüş ardıcıl tədbirlər, o cümlədən aparılmış son təyinatlardan sonra bu rəqəm 101 təşkil etmiş, apellyasiya məhkəmələri hakimlərinin sayı 44-dən 120-yə, Ali Məhkəmə hakimlərinin sayı isə 27-dən 41-ə çatdırılıb.

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən məqsədyönlü tədbirlərin cəmiyyətdə məhkəmələrə inamın artmasına və ədalət mühakiməsinə çatımlılığa müsbət təsirinin nəticəsidir ki, 2013-cü ildə məhkəmələrə daxil olan mülki xarakterli işlərin sayı xeyli çoxalaraq 180 minə çatıb, birinci instansiya məhkəmələrində təmin olunan iddiaların sayı artaraq mülki işlər üzrə 93%, iqtisadi mübahisələr üzrə 95%, inzibati mübahisələr üzrə isə 80.5% təşkil edib.

Bütün mülki işlər üzrə yekun qərarların 88,5%-i, cinayət işləri üzrə hökmlərin isə 70 %-i ilə tərəflər razılaşıb, başqa sözlə, həmin işlərdən apellyasiya şikayəti və ya protesti verilməyib. Ümumiyyətlə isə, birinci instansiya məhkəmələrinin mülki işlər üzrə yekun qərarlarının 96,4%-i, hökmlərin isə 90,2%-i dəyişdirilməyərək sabit qalıb.

Məhkəmə səhvlərinin aradan qaldırılmasında hakimlərin tədrisinin əhəmiyyəti nəzərə alınaraq 2013-cü ildə nüfuzlu beynəlxalq təşkilatlar, tanınmış ekspertlər və yuxarı instansiya məhkəmələrinin təcrübəli hakimlərinin iştirakı ilə 300-dək hakim və məhkəmə aparatı işçilərini əhatə edən silsilə tədris tədbirləri təşkil olunub.

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər çərçivəsində 2013-cü ildə 13 hakim barədə intizam icraatı başlanılıb, o cümlədən, 2 nəfərin hakimlik səlahiyyətlərinə xitam verilib, 5 nəfər intizam qaydasında tutduğu vəzifədən azad olunub.

İclasda çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev məhkəmələr tərəfindən yol verilən xarakterik nöqsanlara toxunaraq onların aradan qaldırılması, məhkəmə hakimiyyətinin nüfuzunun yüksəldilməsi, bu sahədə əlavə mexanizmlərin müəyyən olunması və vahid məhkəmə təcrübəsinin formalaşması üzrə işləri vurğulayıb.

Tədbirdə həmçinin, «Elektron məhkəmə» informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələr müzakirə edilib, sərəncamın bu sahədə strateji prioritetləri müəyyən etməklə inqilabi təkamülün əsasını qoyduğu bildirilib.

2013-cü – İKT ili çərçivəsində məhkəmələrdə müasir texnoloji yeniliklərin, o cümlədən, elektron sənəd dövriyəsi və idarəetmə, «SMS bildiriş» proqramlarının tətbiqi, vətəndaşlar üçün xüsusi faydalı olan məhkəmə sisteminin vahid internet portalının yaradılması qeyd olunub. Yasamal rayon məhkəməsində sınaq rejimində tətbiq edilən texnoloji idarəetmə proqramları nümayiş edilib, bu proqramların tətbiqinin hakimlərin işini xeyli yüngülləşdirəcəyi, vətəndaşlara əlverişli imkan yaradaraq onların məhkəmə proseslərinin bütün mərhələləri barədə müfəssəl elektron məlumatlandırılmasını təmin edəcəyi vurğulanıb.

Çıxış edən Prezident Admnistirasiyası Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Şuranın iclasının yeni formatda, şəffaf, vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə keçirilməsinin, video-konfrans üsulu ilə ölkənin bütün regionlarının əhatə olunmasının əhəmiyyətini qeyd edib, ölkə başçısının korrupsiyaya qarşı mübarizənin sərtləşdirilməsi və nəzarətin gücləndirilməsi barədə qəti tapşırıqlarının, habelə «Elektron məhkəmə» informasiya sisteminin yaradılması haqqında sərəncamının qarşıda mühüm vəzifələr qoyduğunu bildirib, sınaq rejimində tətbiq edilən texnoloji yeniliklərin «elektron məhkəmə» informasiya sisteminin yaradılmasında təcrübi əhəmiyyətini bildirib.

Qeyri-hökumət təşkilatlarının nümayəndələri və tədbirə video-konfrans üsulu ilə qoşulan hakimlər məhkəmə fəaliyyətində texnoloji yeniliklərin tətbiqinin mühüm rolunu vurğulayıb, fəaliyyətin səmərəliliyinin artırılması üzrə konkret təkliflər irəli sürüblər.

Eyni zamanda Məhkəmə-Hüquq Şurasının iclasında hakimlər tərəfindən yol verilən nöqsanlar barədə Ədliyyə Nazirliyinin, Ali və apellyasiya məhkəmələrinin müraciətlərinə baxılıb, vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr yaratmaqla korrupsiyaya şərait yaratdıqlarına, süründürməçilik və digər qanun pozuntularına yol verdiklərinə görə 10 hakim barədə intizam icraatları başlanılıb.


Teqlər:  





Xəbər lenti