Bahar Muradovdan müxalifətə: “Siyasətdən çəkilin”

Bahar Muradovdan müxalifətə: “Siyasətdən çəkilin”
  19 Mart 2014    Oxunub:892
“Radikal müxalifətin özünün fəaliyyəti elə mətbuat üzərindədir. Çünki onlar nə normal – səmərəli fəaliyyətə, nə də sosial dəstəyə malikdirlər. Ümumiyyətlə, cəmiyyət radikalizmi qəbul etmir, ona görə də radikal müxalifət xalqdan heç bir dəstək ala bilmir”.

AzVision.az xəbər verir ki, bu fikirləri Milli Məclisin vitse-spikeri Bahar Muradova hakim partiyanın saytına verdiyi müsahibəsində bildirib.
Vitse-spikerin fikrincə, Azərbaycan müstəqillik əldə etdikdən sonra mövcud mühitdən istifadə olunaraq bir sıra siyasi cərəyanlar yaranıb:
“Təəssüflər olsun ki, bu sırada radikallar da özlərinə yer tutdu. O zamankı hakimiyyət boşluğunun nəticəsində radikal düşərgə nümayəndələri özləri iqtidar oldular. Amma onlar nəinki xalqın dəstəyini qazana bilmədilər, hətta qısa müddət sonra cəmiyyət tərəfindən qəbul edilmədilər. Hadisələr göstərdi ki, Azərbaycan cəmiyyəti radikalizmi tamamilə inkar edir. Amma radikal müxalifət başqa yol və vasitə bilmədiyindən, həmçinin normal fəaliyyət mexanizminə malik olmadığından dağıdıcılıqdan imtina etmədi”.
B.Muradova hesab edir ki, bu gün cəmiyyətdən dəstək ala bilməyənlər bu dəstəyi ölkə sərhədlərindən kənarda axtarır, bu və ya digər dairələrə üz tuturlar. “Məsələn, bəzi ölkələrdə baş verən dağıdıcı hadisələrin, ictimai-siyasi katakizmlərin surətini qiyabi olaraq – mətbuat üzərindən Azərbaycana köçürməyə çalışır, antimilli çağırışlarla çıxış edirlər. Lakin anlamırlar ki, nə Ukraynada, nə də ərəb ölkələrində baş verən hadisələri süni şəkildə Azərbaycana köçürmək mümkün deyil. Çünki hər bir ölkənin özünəməxsus ictimai-siyasi reallıqları mövcuddur və proseslər, hadisələr bu reallıqlar əsasında baş verir. Azərbaycan dinamik inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan ölkədir. Həmçinin xalqın mütləq əksəriyyəti ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətini dəstəkləyir. Başqa sözlə, xalq-iqtidar birliyi milli inkişafımızın əsasını təşkil edir. Ona görə də ölkəmizdə bu cür cəhdlər heç bir nəticə verə bilməz”.

Daha sonra B.Muradova müxalifətə səslənərən onları siyasətdək çəkilməyə səsləyib:

“Nəticə etibarilə, radikal müxalifət sosial dayağa və praqmatik fəaliyyətə malik olmadığından siyasi səhnədən çəkilməlidir. Biz bunu beynəlxalq təcrübədə - bir çox ölkələrin nümunəsində müşahidə etmişik. Bu, artıq mütləq zərurət kimi çıxış edir”.

Anar RÜSTƏMOV



Teqlər:  





Xəbər lenti