Bahar Muradova dini qruplaşmalardan danışdı

Bahar Muradova dini qruplaşmalardan danışdı
  19 Mart 2014    Oxunub:919
“Sirr deyil ki, Azərbaycan dünyaya tolerantlıq modeli bəxş edib. Ölkəmizdə hər zaman insanların bir-birilərinə qarşı dini və milli mənsubiyyətlərindən asılı olmayaraq çox müsbət və tolerant münasibətləri mövcud olub. Bu ənənə hazırkı dövrdə də qorunub saxlanır”.
AzVision.az xəbər verir ki, bu fikirləri Milli Məclisin vitse-spikeri Bahar Muradova hakim partiyanın saytına verdiyi müsahibəsində bildirib.

Vitse-spiker qeyd edib ki, hər bir vətəndaş öz etiqad azadlığından sərbəst şəkildə - qanunlara müvafiq olaraq istifadə edə bilir.

“Lakin təəssüflər olsun ki, dini zəmində bəzən mənfi hallara rast gəlinir -ya dindən siyasi vasitə kimi istifadə olunur, ya da ayrı-ayrı dini qruplaşmalar, təriqətlər milli maraqlara və ictimai dəyərlərə zidd əməllərlə çıxış edirlər. Bu, əslində, bir çox cəmiyyətlərə xas haldır. Hətta ayrı-ayrı ölkələrdə dini zəmində qarşıdurma və ziddiyyət yaradılması cəhdlərinə rast gəlinir. Müəyyən dini təriqətlərə qoşulmuş şəxslər, xüsusilə də gənclər ayrı-ayrı ölkələrə gedərək silahlı mübarizələrə qoşulurlar. Şübhəsiz, dövlət bu istiqamətdə müvafiq tədbirlər görür. Həm cinayət məsuliyyətinin müəyyən olunması, həm də dini maarifləndirmə işinin ardıcıl olaraq aparılması təqdirəlayiq hal kimi qiymətləndirilə bilər”.

B.Muradova vurğulayıb ki, neqativ hallarla mübarizədə mətbuatın, xüsusilə də sosial medianın rolu və fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. “Şübhəsiz, mətbuat bu məsələyə xüsusi diqqət yetirməli, öz informasiya siyasətini milli maraqlara və ictimai dəyərlərə uyğun həyata keçirməlidir. Eyni zamanda, sosial şəbəkələrdə bu məsələlərlə bağlı maarifləndirici məlumatlar paylaşılmalı və ciddi müzakirə platformaları yaradılmalıdır. Beləliklə, bütün imkanlar dəyərləndirilməli və dövlət strukturları ilə ictimaiyyət nümayəndələri birgə, koordinasiya olunmuş formada işləməlidirlər”.

Anar RÜSTƏMOV


Teqlər:





Xəbər lenti