Prezident: “Xarici siyasətimiz tam müstəqildir”

Prezident: “Xarici siyasətimiz tam müstəqildir”
  19 Mart 2014    Oxunub:821
Bakıda Novruz bayramı münasibətilə ümumxalq şənliyi təşkil olunub. Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, dövlət və hökumət nümayəndələri Novruz şənliyində iştirak ediblər.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva hər il olduğu kimi, bu il də paytaxtda keçirilən Novruz şənliyində iştirak ediblər. Dövlət başçısı və xanımına bayram xonçası təqdim olunub.

Prezident İlham Əliyev bayram tonqalını alışdırıb. Dövlət başçısı bayram münasibətilə xalqımıza təbriklərini çatdırıb. Prezident İlham Əliyev müstəqilliyimizin banisi olan ulu öndər Heydər Əliyevin dövlətimizin ideoloji əsaslarını müəyyən etdiyini deyib və bildirib ki, Novruz bayramı bu ideoloji əsasların tərkib hissəsi olan milli dəyərlərimizə sədaqətin nümunəsi kimi 20 ildən çoxdur dövlət səviyyəsində qeyd olunur. Azərbaycanın müstəqil dövlət kimi bir çox nailiyyətlərə imza atdığını deyən dövlət başçısı milli ideologiyanın möhkəm əsaslar üzərində qurulduğunu bildirib.

Prezident İlham Əliyev deyib ki, hazırda xarici siyasətimizlə bağlı addımlarımız beynəlxalq hüquqa və ədalətə söykənir, Azərbaycan bütün məsələlərdə prinsipial mövqe göstərir. “Xarici siyasətimiz tam müstəqildir və xalqımızın maraqlarına söykənir” deyən dövlət başçısı həmin siyasətin uğurunu BMT TŞ-nin üzvlüyünə keçirilən seçkilərin də təsdiqlədiyini xatırladıb.

Qeyd edib ki, ötən 2 il ərzində Azərbaycan bu təşkilatda ləyaqətlə təmsil olunaraq beynəlxal hüququ və ədaləti müdafiə edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev bildirib ki, münaqişə beynəlxalq hüquq və prinsiplər, ölkələrin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır.

Son 10 ildə iqtisadiyyatımızın sürətlə inkişaf etdiyini, iqtisadi potensialımızın 3 dəfədən çox artdığını, ölkədə böyük sosial layihələrin icra edildiyini deyən Prezident İlham Əliyev iqtisadi islahatların bir çox sosial məsələlərin həllinə imkan verdiyini vurğulayıb. İqtisadi potensialımızın artırılması üçün daha böyük imkanların mövcud olduğunu bildirən dövlət başçısı bundan sonra Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun hesabına inkişaf edəcəyinə əminliyini vurğulayıb. Prezident İlham Əliyev vurğulayıb ki, hazırda Azərbaycan dünyada önəmli enerji təchizatçısı rolunu oynayır və ölkəmiz bu sahədə liderdir. Artıq gələcək inkişafla bağlı müvafiq addımların atılır və regionların sosial-iqtisadi inkişafı ilə bağlı 3-cü proqram qəbul edilib. Dövlət başçısı ölkəmizdə və paytaxtda aparılan quruculuq işlərindən də danışıb, hazırda Azərbaycanın 1-ci Avropa oyunlarına hazırlaşdığını və ölkəmizin həmin oyunları yay olimpiya oyunları səviyyəsində keçirmək əzmində olduğunu deyib.

Sonra bayram şənliyi Dənizkənarı Milli Parkda davam etdirilib.


Teqlər:  





Xəbər lenti