Bakıda keçirilən iclasa Ermənistan qatılır, Ukrayna isə yox

Bakıda keçirilən iclasa Ermənistan qatılır, Ukrayna isə yox
  25 Mart 2014    Oxunub:1032
General-polkovnik Yuri Xaçaturov Bakıda keçiriləcək MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclasına qatılacaq. Ukrayna isə Bakı toplantısına qatılmayacaq.

Ermənistanı Bakıda keçiriləcək MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclasında kimin təmsil edəcəyi açıqlanıb. AzVision.az xəbər verir ki, ANS PRESS-in "Armtoday"a istinadla verdiyi məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bu barədə açıqlama verib. O, iclasda Ermənistanı ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Yuri Xaçaturovun təmsil edəcəyini deyib.

Bu arada Ukrayna iclasa öz nümayəndəsini göndərməyəcək. Bu barədə Trend-ə Ukraynanın Azərbaycandakı səfirliyinin mədəni, humanitar və informasiya məsələləri üzrə üçüncü katibi Yuri Lupey deyib.

Onun sözlərinə görə, Ukrayna MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin Bakıda keçiriləcək iclasında təmsil olunmayacaq.

Xatırladaq ki, Ukrayna bir neçə gün öncə 2014-cü ildə Müstəqil Dövlətlər Birliyində (MDB) öz sədrliyini dayandırdığı bəyan etmişdi. Bu barədə məlumat verən Ukrayna XİN-in İnformasiya siyasəti departamentinin direktoru Yevgeni Perebeynos bildirmişdi ki, 1991-ci ildə imzalanmış Belovej sazişinə görə, Ukrayna MDB-nin yaradıcılarından biri olsa da, o, təşkilatın Nizamnaməsini təsdiq etməyib və buna görə də de-yure Birliyin iştirakçısı deyil.

Qeyd edək ki, Bakıda MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclasının keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, ilk dəfə olaraq Azərbaycanda keçiriləcək iclas aprelin 7-8-də baş tutacaq.

Azərbaycan Müdafiə Nazirliyi MDB-nin üzv-dövlətləri Müdafiə Nazirləri Şurasının və Baş Qərargah rəisləri Komitəsinin iclaslarında iştirak edir. MDB Müdafiə Nazirləri Şurasının iclasları 2001-ci və 2006-cı illərdə Bakıda keçirilib.


Teqlər:





Xəbər lenti