Ali məktəblərə sənəd qəbulu başladı

Ali məktəblərə sənəd qəbulu başladı
  27 Mart 2014    Oxunub:1777
2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başlanır.

Bu barədə AzVision.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. Bildirilib ki, ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2014-cü ildə keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün ərizələrin qəbulu aprelin 1-dən 30-dək aparılacaq.

Göstərilən müddət ərzində abituriyentlər TQDK-nın müvafiq internet səhifəsinə (eservices.tqdk.gov.az/erizebak) daxil olub, şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını dol¬durur və təsdiqini təmin edirlər.

Virtual ödəmə kartını internet ödəmə xidmətləri vasitəsi ilə və ya 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar.

Qeyd edək ki, aşağıda göstərilən kateqoriyalardan olan abituriyentlər elektron ərizələrini aprelin 1-dən 30 dək Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən elektron ərizə səhifəsinə daxil olub özləri təsdiq edirlər:

• Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini tam orta təhsil səviyyəsi üzrə 2014-cü ildə bitirən abituriyentlər;

• Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini tam orta təhsil səviyyəsi üzrə 2012-ci və 2013-cü illərdə bitirən qız abituriyentlər;

• Azərbaycan Respublikasının ilk-peşə ixtisas təhsili müəssisələrini 2013-cü və 2014-cü illərdə bitirən qız abituriyentlər;

• 2012-ci və ondan sonrakı illərdə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verib onu təsdiq etdirmiş qız abituriyentlər.

Digər abituriyentlər elektron ərizələrini tələb olunan sənədləri təqdim etməklə aprelin 7-dən 30-dək müvafiq SQK-larda təsdiq etdirirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər.

Ərizə qəbulu elanının tam mətni “Abituriyent” jurnalının 2-ci sayında dərc olunmuşdur. Abituriyentlər ərizələrini təsdiq etdirəcəkləri Sənəd Qəbulu Komissiyaları, onların ünvanları və tələb olunan sənədlər barədə məlumatları həmin jurnal vasitəsilə əldə edə bilərlər.

Jurnalda həmçinin aşağıdakı materiallar təqdim edilib:

Elektron ərizə verən abituriyent üçün təlimat, “Elektron ərizə"nin doldurulma qaydası və nümunəsi

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin keçirilməsi şərtləri (ali təhsil müəssisələri və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə)
2013-cü ildə tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları

§ Bəzi test tapşırıqlarının izahı və tövsiyələr

§ Abituriyentlər üçün elmi-metodiki məqalələr

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti