“Bizim yalnız bir böyük problemimiz var” - Eldar Mahmudov

“Bizim yalnız bir böyük problemimiz var” - Eldar Mahmudov
  27 Mart 2014    Oxunub:1270
“Məqsədyönlü əks-kəşfiyyat və antiterror tədbirləri nəticəsində dövlət təhlükəsizliyinə zərər vurmağı, terrorçuluq əməlləri hazırlamağı, qanunsuz olaraq böyük miqdarda odlu silah əldə etməyi və digər cinayətlər törətməyi planlaşdıran terrorçu dəstələr vaxtında ifşa edilir”
Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri Eldar Mahmudov “”İnterfax-Azərbaycan” İnformasiya Agentliyinə müsahibə verib.

AzVision.az Eldar Mahmudovun müsahibəsini təqdim edir:

- Eldar müəllim, ilk öncə icazə verin, Sizi martın 28-də qeyd olunan Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının yaranması günü münasibətilə təbrik edim. Tarixdən bizə məlumdur ki, Azərbaycanın xüsusi xidmət orqanları mürəkkəb və şərəfli yol keçib…

- Bəli, siz düzgün qeyd etdiniz. Azərbaycanın xüsusi xidmət orqanları mürəkkəb və şərəfli yol keçib. Bu günlərdə yaranmasının 95 ili tamam olan milli təhlükəsizlik orqanlarının tarixi 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyinin Baş Qərargahı tərkibində yaradılmış ilk xüsusi xidmət orqanı olan kəşfiyyat və əks kəşfiyyat bölməsinin təşkilindən başlanır. Müasir Azərbaycanın mühüm dövlətçilik institutları sırasında özünəməxsus yeri və rolu ilə seçilən milli təhlükəsizlik orqanlarının xalqın maraqlarının və təhlükəsizliyinin etibarlı təminatçısı kimi formalaşması, ümumən təhlükəsizlik siyasətinin hüquqi əsaslarının yaradılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Burada bir faktı xatırlamaq kifayətdir. Heydər Əliyev ömrünün 25 ilini təhlükəsizlik orqanlarında xidmətə həsr edib. Bu illər Azərbaycanın təhlükəsizlik orqanlarının fəaliyyətində əsaslı dönüş mərhələsi, milliləşdirmə və müsbət ənənələrin başlanması baxımından xüsusi dövr kimi xarakterizə olunur.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan təhlükəsizlik orqanlarında əks-kəşfiyyata rəhbərlik etdiyi illər ərzində, xüsusilə də dövlət təhlükəsizlik komtəsinin rəhbərliyinə irəli çəkildiyi 1964-cü ildən sonrakı dövrdə bu strukturlara milli kadrların cəlb olunması, onların yetişdirilib, həlledici iş sahə­lərində məsul vəzifələrə təyin olunması geniş vüsət alma­ğa başladı. Heydər Əliyevin inadla apardığı mil­li­ləş­mə siya­sə­ti nəticə­sin­də təh­lükəsizlik orqanlarında azərbaycanlıların xüsusi çəkisi sürətlə artaraq, 1950-ci il­lərdəki 30 faizdən 80-ci illərdə 60 faizə çatdı, bu proses dina­mik, dön­məz xarakter aldı. Onun göstərişi ilə Azərbaycanın bölgələrindən seçilən 90 azərbay­can­lı gənc təhsil üçün keçmiş SSRİ-nin xüsusi təyinatlı təhsil müəssisələrinə göndərildi. Təhlükəsizlik orqanlarının azərbaycanlılaşdırılması tədbirləri əslində gələcək hədəflərə hesablanmışdı.

Ulu öndər Heydər Əliyev tərəfindən yaradılan dayanıqlı sabitlik, inkişaf və tərəqqi yolunda vətəndaş həmrəyliyinə əsaslanan düşünülmüş və inamlı siyasi kurs bu gün – müasirləşmə və yeniləşmə mərhələsində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Müasir Azərbaycan regional və beynəlxalq təhlükəsizliyin təminatına layiqli töhfə verən dövlətlərdən biridir. Cənubi Qafqazda cərəyan edən elə bir siyasi, elə bir iqtisadi proses yoxdur ki, orada Azərbaycanın mövqeyi, mənafeləri nəzərə alınmasın. Bu reallıqlar şübhəsiz ki, xalqın müstəsna dəstəyinə arxalanan möhkəm siyasi iradəyə, praqmatik məqsədyönlüyə və ən nəhayət, rəğbət doğuran xarizmaya malik dövlət başçısının təşkilatçılıq və idarəçilik qabiliyyətinə söykənir.

İyirmi ildən artıq müstəqillik tarixinə malik olan müasir Azərbaycan son illərdə dinamik inkişaf edərək, Cənubi Qafqazın lider dövləti statusunu qazanıb. Ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında qazandığı uğurlar onun beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirib. Bu tərəqqi kursunun həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasında Milli Təhlükəsizlik Nazirliyi də yaxından iştirak edir. Milli təhlükəsizlik orqanlarının sabitliyin və təh­lükəsizliyin möhkəmlən­diril­məsi, xüsusən kəşfiyyat-pozuculuq və terror-təxribat əməllərinin vaxtında aşkarlanması və qabaqlanması istiqamətində ardıcıl fəaliyyəti, eləcə də cinayətkarlığa qarşı mübarizədə digər hüquq mühafizə strukturları ilə birgə həyata keçirilən tədbirlər milli maraqlarımı­zın və mənafelərimizin qorunmasına xidmət edir.

Azərbaycanın milli təhlükəsizlik orqanlarının müqəddəs vəzifəsi – daim Azərbaycanı qorumaq, onun inkişafına və tərəqqisinə xidmət etməkdir. Bu gün uğurlu və səmərəli əməliyyat-xidməti fəaliyyət üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Milli təhlükəsizlik orqanlarının hüquqi bazasının zamanın tələb və çağırışlarına uyğun olaraq möhkəmləndirilməsi, 2007-2011 və 2013-2016-cı illərdə Azərbaycan Respublikasında milli təhlükəsizlik orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair dövlət proqramlarının qəbulu təhlükəsizlik sahəsində inkişafın və məqsədyönlü dəyişikliklərin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən dəstəklənməsinin parlaq göstəricisi, bütövlükdə dövlət strukturlarının inkişafı sahəsində həyata keçirilən düşünülmüş kursun bariz nümunəsidir.
Bu gün milli təhlükəsizlik orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, əmək­daş­ların xidməti iş şəraiti və sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər görülür. MTN-in yeni inzibati binasının, Hərbi Hospitalının, İstirahət evində yeni yaşayış binalarının inşası bunun əyani nümunəsidir. Qeyd edim ki, inşaat işləri müasir tikinti və texnoloji standartların tətbiqi ilə həyata keçirilib.

- Azərbaycanın təhlükəsizliyinə əsas təhdid olan Ermənistanın davam edən təcavüzü barədə soruşmaya bilmərəm. Bu təhdid Azərbaycan xüsusi xidmət orqanlarının qarşısında duran vəzifələr arasında hansı yeri tutur?

Milli Təhlükəsizlik Nazirliyinin yerinə yetirdiyi xüsusi funksiyalar arasında birinci yerdə sözsüz ki, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli məsələsi durur. Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb: “Bizim yalnız bir böyük problemimiz var – bu da, Dağlıq Qarabağ problemidir”.
Ermənistan-Azərbaycan, Dağlıq Qara­bağ müna­qi­­şə­sinin həlli ilə əlaqədar ölkə rəhbərliyinin siyasi kursu üçün əlverişli şəraitin yaradılması milli təhlükəsizlik orqanlarının fəaliyyətinin prioritet istiqamətlərindən biridir.

Qeyd olunmalıdır ki, Milli Təhlükəsizlik Nazirliyi erməni terrorçuluğu ilə uğurla mübarizə aparır, uzun illər boyunca müxtəlif erməni terror qruplaşmalarının üzvlərinin ölkəmizdə terror aktlarının təşkili və ictimai-siyasi sabitliyi pozmaq cəhdlərinin qarşısı alınır.

Ermənistanın təcavüzünün nəticələri ilə əlaqədar reallıqların geniş dünya ictimaiyyətinə çatdırılması sahəsində Azərbaycan Respublikası Prezidentinin “hücum taktikası” ilə bağlı tövsiyəsinin yerinə yetirilməsi Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin ən vacib istiqamətlərindən biridir. Bu gün bu işin planlı və məqsədyönlü şəkildə həyata keçirilməsi üçün digər dövlət orqanları ilə əməkdaşlıq uğurla həyata keçirilir. Milli Təhlükəsizlik Nazirliyi müvafiq qanunvericilik çərçivəsində Xarici İşlər Nazirliyi, Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Strateji Araşdırmalar Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi, Müəllif Hüquqları Agentliyi və digər orqanlarla informasiya mübarizəsi sahəsində sıx əməkdaşlıq edir.

İnformasiya mübarizəsi sahəsində Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyət istiqamətlərindən biri Ermənistanın təcavüzkar siyasətinə qarşı təbliğat vasitələri fondunun formalaşdırılmasıdır. Bu məqsədlə elmi-tədqiqat işlərinin aparılması, milli mədəni irsin, maddi-mənəvi dəyərlərin qorunması təşviq olunur, yeni kitablar dərc edilir, eləcə də əvvəlki illərdə dərc olunmuş kitablar müxtəlif dillərdə yenidən çap edilir. Ermənistanın təcavüzkar siyasəti, erməni terrorçuluğu, qədim Azərbaycan torpaqlarının, o cümlədən işğal altında olan torpaqlarımızın tarixi ilə bağlı elmi-tədqiqat işləri müxtəlif xarici dillərdə dərc edilir. Bununla da, Dağlıq Qarabağ münaqişəsi haqqında kitab fondu əhəmiyyətli dərəcədə zənginləşdirilir. Bu fondda olan müvafiq materiallar başqa ölkələrdəki diplomatik nümayəndəliklərə, dövlət orqanlarına, diasporlara, elmi və təhsil müəssisələrinə, tərəfdaş dövlətlərə, habelə xarici ölkələrin görkəmli ictimai-siyasi xadimlərinə göndərilir. Dünyanın bir çox dillərində dərc edilmiş kitablar ictimai fikri Azərbaycanın xeyrinə dəyişdirməyə nail olur. Sözsüz ki, bu informasiya mübarizəsində sədri olduğum Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının aidiyyati dövlət strukturları və müvafiq təşkilatlar arasında xüsusi rolu və yeri vardır.

Dövlət Komissiyası Ermənistanın təcavüzkar və terrorçu dövlət kimi tanıdılması, xüsusilə Xocalı soyqırımının dünyada tanınması üzrə digər dövlət orqanları və ictimai təşkilatlarla əlaqəli şəkildə kompleks tədbirlər həyata keçirir. Dövlət Komissiyasının 20 illiyi münasibəti ilə Azərbaycan Prezidentinin təbrikində qeyd edildiyi kimi, bu baxımdan bu qurumun fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızla bağlı problemlər, o cümlədən onların taleyinə aydınlıq gətirilməsi, fiziki işgəncələrdən və mənəvi iztirablardan xilas edilməsi Azərbaycan dövlətinin qarşısında duran ən mühüm məsələlərdən hesab olunur və Dövlət Komissiyası bu istiqamətdə müvafiq beynəlxalq təşkilatlarla məhsuldar əməkdaşlığı davam etdirir. Komissiyanın təşəbbüsü ilə çəkilən sənədli filmlər və digər faktoloji materiallar erməni terrorçuluğu və işğalının mahiyyətini tam mahiyyəti ilə əks etdirir. Dövlət Komissiyası bu münaqişədə Azərbaycanın ədalətli mövqeyinin təbliğatı sahəsində ciddi uğurlara nail olur.

- Siz milli təhlükəsizliyin təmin olunmasının digər istiqamətləri üzrə təhdidlərin aradan qaldırılmasında MTN-in fəaliyyətini necə qiymətləndirirsiniz?

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətini birmənalı olaraq uğurlu hesab etmək olar. Kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyəti, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya, insan alveri və mütəşəkkil cinayətkarlığın digər təzahürləri ilə mübarizədə yüksək nəticələr əldə edilib.

Azərbaycan Respublikasının, o cümlədən onun Silahlı Qüvvələri əleyhinə xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinə, habelə terrorçuluğa qarşı mübarizə daim Milli Təhlükəsizlik Nazirliyinin diqqət mərkəzindədir. Ölkənin xarici siyasət kursunun uğurla həyata keçirilməsinə əlverişli şəraitin yaradılmasına yönəlmiş kəşfiyyat fəaliy­yətinin uğurlu nəticələr verməsi üçün­ düşmən dövlətlərin plan və niyyətləri barədə vaxtında məlumatların əldə olunması mühüm əhəmiyyət kəsb edir.

Məqsədyönlü əks-kəşfiyyat və antiterror tədbirləri nəticəsində dövlət təhlükəsizliyinə zərər vurmağı, terrorçuluq əməlləri hazırlamağı, qanunsuz olaraq böyük miqdarda odlu silah əldə etməyi və digər cinayətlər törətməyi planlaşdıran terrorçu dəstələr vaxtında ifşa edilir.
Milli Təhlükəsizlik Nazirliyi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə də mübarizə sahəsində fəaliyyətini uğurla davam etdirir. Son illər ərzində transmilli mütəşəkkil cinayətkar dəstələrdən və ayrı-ayrı şəxslərdən tonlarla narkotik vasitə aşkar edilərək götürülüb.

Qaçaqmalçılığa qarşı mübarizə tədbirləri çərçivəsində qonşu dövlətlərin ərazisindən ölkəyə gömrük nəzarətindən kənar külli miqdarda tütün məmulatları, spirtli içkilər, qaz silahları, pnevmatik tapançalar, elektroşokerlər və sair qanunsuz ləvazimatların gətirilməsi faktları aşkar edilib. Bununla yanaşı, respublikamızın mədəni və tarixi sərvəti sayılan, təxminən eramızdan əvvəl başlayaraq müxtəlif vaxtlarda Azərbaycan ərazisində mövcud olmuş qədim dövlətlərə aid gümüş və mis pulların qaçaq yolla ölkədən çıxarılmasının qarşısı alınıb.

- Yeri gəlmişkən, MTN-in xarici tərəfdaşlarla əlaqələri necə inkişaf edir?

- Təhdidlərin eyniliyi və oxşarlığı Milli Təhlükəsizlik Nazirliyinin tərəfdaş ölkələrin xüsusi xidmət və təhlükəsizlik orqanları ilə əməkdaşlığının və təcrübə mübadiləsinin əhəmiyyətini artırır. Bununla əlaqədar, MTN terrorçuluq və transmilli cinayətkarlığın digər formaları ilə mübarizə sahəsində 70-dən artıq tərəfdaş xüsusi xidmət orqanı və beynəlxalq təşkilatla ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir.
Azərbaycanın maraqları və təhlükəsizliyinin səmərəli təminatı üçün Milli Təhlükəsizlik Nazirliyi beynəlxalq əməkdaşlıq imkanlarından məqsədyönlü şəkildə istifadə edərək, çoxsaylı görüşlərdə, ayrı-ayrı beynəlxalq tədbirlərdə enerji təhlükəsizliyi, eləcə də transmilli mütəşəkkil cinayətkarlıq, xüsusilə terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi və digər təhdidlərlə mübarizə sahəsində əlaqələrin genişləndirilməsi kimi aktual məsələləri ətraflı müzakirə edir. Bu, qlobal təhlükəsizlik sisteminin formalaşması işində Azərbaycanın rolunun artmasına ciddi təkan verir. Təhlükəsizlik məsələləri ilə bağlı keçirilən beynəlxalq tədbirlər, burada müzakirə edilən problemlər, informasiya mübadiləsi sahəsində əməkdaşlıq və tərəfdaşlıq əlaqələrin möhkəmləndirilməsi işinə əhəmiyyətli töhfə verir.

Bununla əlaqədar, Azərbaycan dövlətinin beynəlxalq antiterror koalisiyasında iştirakında milli təhlükəsizlik orqanlarının fəaliyyətini də vurğulamaq lazımdır. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının peşəkarlığı və səyləri sayəsində müsbət nəticələr əldə edilib. Onların arasında beynəlxalq terrorçuların neytrallaşdırılmasını, həmçinin humanitar örtük altında fəaliyyət göstərən, müxtəlif terrorçu subyektlərin maraqlarına xidmət edən təşkilatların fəaliyyətinə qadağa qoyulmasını xüsusi qeyd etmək olar.

Məsələn, Azərbaycanda ilk dəfə təşkil olunan «Eurovision-2012» beynəlxalq mahnı müsabiqəsi ərəfəsində bəzi dairələrin və beynəlxalq terror təşkilatlarının təxribat-pozuculuq və terror niyyətlərinin qarşısı alınıb. Paytaxtda və ölkənin müxtəlif bölgə­lə­rində həyata keçirilən xüsusi əməliyyatlar nəticəsində, beynəlxalq terror şəbəkəsi tərəfindən Azərbaycanda silsilə terrorçuluq aksiyalarının törədilməsi, əhali arasında vahimə, etnik və dini zəmində qarşıdurma yaradılması, sabitliyin pozulması və beynəlxalq aləmdə respublikanın nüfuzuna xələl gətirilməsi üzrə verilən göstərişlərin həyata keçirilməsinə cəhd göstərən radikal ekstremist qruplaşmaların və təşkilatların üzvləri istintaqa cəlb olunublar.

- Müsahibəyə görə təşəkkürümü bildirir və peşə bayramınız münasibətilə Sizi bir daha təbrik edirəm! Yeri gəlmişkən, Siz öz əməkdaşlarınıza nə arzu edərdiniz?

Təbrikə görə minnətdarlığımı bildirirəm. Fürsətdən istifadə edərək ölkənin təhlükəsizlik orqanlarının yaranmasının 95 illiyi ərəfəsində Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ümummilli lider Heydər Əliyevin dövlətçilik prinsiplərinə sadiq qalmağı, şərəflə Vətənin təhlükəsizliyinin keşiyində dayanmağı, milli maraqların və Azərbaycanın Prezidenti cənab İlham Əliyevin inamla həyata keçirdiyi siyasi kursun etibarlı müdafiəsinin təmin olunması işində həmişə ön sıralarda olmağı arzulayıram.


Teqlər:  





Xəbər lenti