Kimya fənni üzrə test bankı nəşr edilib
Toplular nəşrə hazırlanarkən test tapşırıqları dərslik, tədris və qəbul proqramlarındakı dəyişiklik və yeniliklər nəzərə alınmaqla bir daha ekspertizadan keçirilib, həm məzmun, həm də formaca təkmilləşdirilib.
Test topluları testologiyaya maraq göstərənlər üçün dəyərli örnək, mənbə rolunu oynayır, ölkədə, region müəllimləri də daxil olmaqla, test tərtibi ilə məşğul olan mütəxəssislərin sayının artmasına imkan yaradır.
Fənn müəllimləri və metodistlər təlim prosesində bank testlərindən biliyin qiymətləndirilməsi üçün istifadə edə bilirlər.
Abituriyentlər öyrəndikləri bilikləri bank testləri vasitəsi ilə yoxlamaq imkanı əldə edirlər. Testlər üzərində iş onların imtahana həm də psixoloji hazırlığında əhəmiyyətli rol oynayır.
Hər bir müəllim bu testlər vasitəsilə həm də öz peşə hazırlığını yoxlamaq və artırmaq imkanı əldə edir.
Bank testlərindən həmçinin ümumtəhsil məktəblərinin buraxılış imtahanlarında test modelləri kimi istifadə ediləcəkdir.
Test toplularında tapşırıqların düzgün cavabları da verilmişdir. Bundan məqsəd şagird və abituriyentlərə testlərlə müstəqil surətdə, repetitor köməyinə müraciət etmədən işləmək imkanının yaradılmasıdır.
Vəsaitləri TQDK-nın binası qarşısındakı "Abituriyent" köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası artıq riyaziyyat, fizika və biologiya fənləri üzrə test topluları Azərbaycan və rus dillərində böyük tirajla çap edərək şagird və abituriyentlərin istifadəsinə verib.
Fatimə Kərimli
Teqlər: