Nazirlikdən gənclər üçün iş fürsəti

Nazirlikdən gənclər üçün iş fürsəti
  28 Mart 2014    Oxunub:960
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tələbə və məzunlar üçün aktiv məşğulluq tədbirləri keçiriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, bu ilin aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə Azərbaycan Texniki Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində, “Odlar Yurdu” Universitetində aktiv məşğulluq tədbirləri keçiriləcək.

«Karyerada ilk addım» devizi altında təşkil olunan bu tədbirlər yuxarı kurslarda təhsil alan, xüsusən ali təhsil ocaqlarını bitirərək əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla işəgötürənlər arasında ilkin əlaqələrin qurulmasına, onlarda müasir əmək bazarı barədə dolğun məlumatların yaradılmasına xidmət edir. Tədbirlər zamanı tələbə və məzunlar öz ixtisaslarına uyğun vakansiyalar barədə məlumatlar əldə etmək, həmçinin işəgötürənlər müasir tələblərə cavab verən ixtisaslı kadrların seçimini aparmaq imkanı qazanacaqlar.

Gənclərin əmək bazarına çıxışının dəstəklənməsinə və səmərəli məşğulluğunun təminatına xidmət edən belə tədbirlərin il ərzində digər bir sıra universitetlərdə, o cümlədən Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir şəhərlərindəki ali təhsil ocaqlarında də keçirilməsi nəzərdə tutulur.

AzVision.az


Teqlər:





Xəbər lenti