Jurnalistlər Gəncədə toplandı - FOTOLAR

Jurnalistlər Gəncədə toplandı - FOTOLAR
  28 Mart 2014    Oxunub:1037
Gəncədə İnternet media saytlarının fəaliyyəti və milli-mənəvi dəyərlər mövzusunda dəyirmi masa keçirilib.
“RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “İnternet media resurslarında milli-mənəvi dəyərlərin qorunması jurnalist peşəkarlığının əsas göstəricilərindən biri kimi” layihəsi çərçivəsində ilk dəyirmi masasını Gəncədə, Yeni Azərbaycan Partiyasınn Gəncə şəhər Təşkilatının binasında keçirib. “İnternet media saytlarının fəaliyyəti və milli-mənəvi dəyərlər” mövzusunda baş tutmuş tədbirə Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, şəhərdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri qatılıblar.

AzVision.az xəbər verir ki, dəyirmi masanı giriş sözü ilə Yeni Azərbaycan Partiyasının Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev açaraq bildirib ki, ölkədə aparılan geniş abadlıq və quruculuq işləri Gəncədə xüsusilə dinamik xarakterə malikdir. “Ölkə Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi məqsədyönlü xəttin icrası əməli nəticələrini müxtəlif istiqamətlərdə verməkdədir”,-deyən N.Həmzəyev “RUH” AJMK-nın təşəbbüsü, QHT Şurasının maliyyə dəstəyi ilə keçirilən toplantının maarifləndirici tərəflərinin ümumi işə fayda gətirəcəyinə əminliyini vurğulayıb. O, yeni ictimai institut kimi formalaşmaqda olan internet media resurslarında milli-mənəvi dəyərlərin qorunmasının aktuallılığını müxtəlif faktlarla əsaslandırıb.

Layihənin koordinatoru, “RUH”AJMK-nın icraçı direktoru Əvəz Rüstəmov çıxışına “İnternet media resurslarında milli-mənəvi dəyərlərin qorunması jurnalist peşəkarlığının əsas göstəricilərindən biri kimi” layihəsi barədə ətraflı məlumat verməklə başlayıb. “Tədbirimizin təşkilinə həssas yanaşdığına görə cənab Elmar Vəliyev başda olmaqla, Gəncə şəhər rəhbərliyinə təşəkkürümüzü bildiririk. Layihə çərçivəsindəki ilk tədbirimizin burada reallaşması son dərəcə vacibdir. Çünki Gəncə ictimai-siyasi, habelə mədəni sahədəki aktivlik baxımdan həmişə seçilib. Şəhərin bu xüsusiyyətində medianın da payı şübhəsizdir”, - deyən Ə.Rüstəmov onu da bildirib ki, son dövrlər internet media resurslarının sayındakı artım söz və ifadə azadlıqlarının dərinləşdirilməsi baxımından nə qədər pozitiv amil olsa da, proses çoxsaylı neqativ cəhətlərlə də yadda qalır. “Hesab edirəm ki, layihə çərçivəsində Gəncədə baş tutan ilk tədbirimiz iştirakçıların da müzakirə olunan məsələyə dolğun baxış bucağının ortaya qoyulmasıyla yadda qalacaq”.

“İnternet media resurslarında milli-mənəvi dəyərlərin qorunması jurnalist peşəkarlığının əsas göstəricilərindən biri kimi” layihəsinin eksperti, “Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə çıxışında diqqəti internet media resurslarında milli-mənəvi dəyərlərə etinasız yanaşma hallarının müxtəlif təzahür formalarına yönəldib. Bildirib ki, qlobal siyasi proseslərdə başlıca mübarizə vasitəsinə çevrilən medianın daşıdığı ictimai missiya əksər hallarda unudulur. İnternetin qazandırdığı texniki imkanların gətirdiyi yeniliklər müstəvisində milli-mənəvi dəyərlərə etinasız münasibət özünü göstərir.

Dəyirmi masada çıxış edənlər müzakirə edilən mövzunun aktuallığını vurğulamaqla, bəzi internet saytlarda gənc nəslin mənəvi tərbiyəsi baxımdan yolverilməz materiallara rast gəlindiyini diqqətə çatdırıblar. Toplantıda həmçinin internet media sahəsində milli-mənəvi dəyərlərə də etinasızlıq mühitinin yaranmasına səbəb olan məsuliyyətsizlik ab-havasının aradan qalxması üçün hüquqi tənzimləmə mexanizminin tətbiqini dair təkliflər məqbul sayılıb.

Tədbirin sonunda xatirə şəkili çəkilib.

Qalereya




Teqlər:





Xəbər lenti