YAP 31 Marta görə toplandı

YAP 31 Marta görə toplandı
  29 Mart 2014    Oxunub:1020
Yeni Azərbaycan Partiyasının Humanitar məsələlər komissiyası 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar dəyirmi masa keçirib.

Dəyirmi masada YAP Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, elm xadimləri və partiyanın fəalları iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Komissiyanın sədri, YAP İdarə Heyətinin üzvü Yusif Hümbətov tədbiri giriş sözü ilə açaraq tariximizin qanlı səhifələrindən olan 31 mart soyqırımı ilə bağlı fikirlərini bildirib. Bu hadisənin mahiyyətindən danışan Y. Hümbətov həmin faciəli hadisənin kökünün 1813-cü ildə imzalanmış Gülüstan müqaviləsinə gedib çıxdığını qeyd edib. Çünki Rusiya ilə İran arasında bu müqavilə nəticəsində ermənilərin Azərbaycanın tarixi torpaqlarına köçürülməsinin əsası qoyulub.

Dəyirmi masada AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Yaqub Mahmudov 31 mart soyqırımı haqqında geniş məruzə ilə çıxış edib. O bildirib ki, 1918-ci il martın 24-də «Şaumyanın başçılığı ilə azərbaycanlılara qarşı başlanmış soyqırımı bir neçə gün davam edib.
Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının açıqladığı rəqəmlərə görə, həmin hadisələr zamanı Bakıda 12 min nəfərdən artıq azərbaycanlı qətlə yetirilib. Başqa mənbələrdə isə bu rəqəmin daha da artıq olduğu göstərilir. Məsələn, “Azərbaycan” qəzetinin həmin dövrlərdə işıq üzü görən saylarında mart hadisələri zamanı Bakı və ətraf kəndlərdə 30 mindən artıq azərbaycanlının qətlə yetirildiyi qeyd olunur. 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açıb. 31 mart səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli” və başqa məhəllələrə hücum ediblər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başlayıblar. Alova bürünmüş məhəllələrdə ölənlərin sayı-hesabı həddindən artıq çox idi. Bu qətliam zamanı erməni millətçiləri heç kimə rəhm etməyiblər. Qarşılarına çıxan hər kəsi türk deyə dərhal qətlə yetiriblər. Ermənilər azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarının da hamısını yandırıblar»- deyə, Y.Mahmudov vurğulayıb.

Məruzəçinin sözlərinə görə, hazırda ölkəmizdə bu hadisələrin geniş tətdiq olunması və dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli iş aparılır. Y.Mahmudov bildirib ki, bu prosesdə Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı 31 mart tarixinin Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması haqqında Fərmanı mühüm əhəmiyyət kəsb edir.

Dəyirmi masada digər çıxış edənlər isə ermənilərin azərbaycanlılara qarşı törədilmiş soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ciddi nəticələr verməkdə olduğunu vurğulayıblar.


Teqlər:





Xəbər lenti