`Onlarla terrorçu və radikal dəstə zərərsizləşdirilib`

`Onlarla terrorçu və radikal dəstə zərərsizləşdirilib`
  29 Mart 2014    Oxunub:888
“Xalqın mütləq əksəriyyəti dövlətin siyasi kursunu dəstəkləyir”
Martın 28-də Azərbaycanın milli maraqlarının qorunmasında və təhlükəsizliyinin təmin edilməsində xüsusi yeri və rolu olan milli təhlükəsizlik orqanlarının yaranmasının 95-ci ildönümü tamam olub.
Yubiley və peşə bayramı münasibətilə Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ziyarət ediblər.

Sonra Şəhidlər xiyabanda Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş oğul və qızlarımızın unudulmaz xatirəsini yad edib, məzarları üstünə güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Bayram tədbiri Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında davam etdirilib. Akademiyanın döyüş bayrağı təntənəli şəkildə sıra meydanına gətirilib. Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.
Milli təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudov mərasimdə çıxış edərək, ulu öndər Heydər Əliyevin peşəkarlıq ənənələri əsasında müasir təlim-tədris prosesini həyata keçirən bu xüsusi təyinatlı ali təhsil ocağının şəxsi heyətini, kursantları və dinləyiciləri Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 95 illik yubileyi münasibətilə təbrik edib, onlara ölkəmizin milli maraqlarının və təhlükəsizliyinin qorunması naminə təhsildə, məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb. Nazir çağdaş dövrdə milli təhlükəsizliyə cavabdeh strukturdan daim yüksək peşəkarlıq, çeviklik və səriştə tələb olunduğunu qeyd edib, xüsusi xidmət orqanlarının ölkədə həyata keçirilən müasirləşmə və yeniləşmə siyasətinin uğurla reallaşmasına bundan sonra da öz töhfələrini verəcəklərinə əminliyini bildirib. Nazir Eldar Mahmudov Milli Təhlükəsizlik Nazirliyinin müasir tələblərə uyğun inkişafı, maddi-texniki bazasının güclənməsi və şəxsi heyətin sosial müdafiəsinin xeyli yüksəlməsi istiqamətində Ali Baş Komandanın diqqət və qayğısını xüsusi vurğulayıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə bütün şəxsi heyətin adından dərin minnətdarlığını bildirib.
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant Ziya Yusifzadə çıxışında bu təhsil ocağının inkişafındakı xidmətlərinə görə dövlətimizin başçısına minnətdarlıq edib.
Sonra kursantlar təntənəli marşla tribunanın önündən keçiblər.
Tədbirin sonunda xidməti fəaliyyətdə fərqlənən əməkdaşlara və təhsildə nailiyyətlər əldə etmiş kursantlara medallar, fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Yubiley mərasimi Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində davam etdirilib.
Əvvəlcə Baş nazir Artur Rasizadə mərasimdə iştirak etmək üçün Bakıya gələn xarici ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşüb.

Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 95 illik yubileyi münasibətilə təbriklərini çatdıran Baş nazir qonaqları salamlayaraq xüsusi xidmət orqanları arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini bildirib. Bunun üçün yaxşı potensialın olduğunu deyən Baş nazir ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafının məmnunluq doğurduğunu diqqətə çatdırıb.
Yubiley mərasimində ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Kadr potensialının möhkəmlənməsi üçün önəmli tədbirlərin həyata keçirildiyini qeyd edən nazir Eldar Mahmudov milli təhlükəsizlik orqanlarının maddi-texniki bazasının xeyli təkmilləşdirildiyini, hazırda bu strukturların ən müasir texniki vasitələrə malik olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanın formalaşmış təhlükəsizlik strategiyası ona etibarlı tərəfdaş və öz maraqlarını qorumağa qadir dövlət imici qazandırır. Müvafiq dövlət strukturlarının birgə fəaliyyəti və önəmli ictimai dəstək nəticəsində respublikamızda sabitlik mövcuddur. Bu baxımdan və həmçinin Azərbaycanın beynəlxalq təhlükəsizlik sisteminin fəal iştirakçısı olması nəticəsində ölkəmizə etibar edilir, böyük məbləğlərdə investisiya yatırılır, irimiqyaslı layihələr həyata keçirilir. Müasir neft strategiyası ölkəmizin iqtisadi qüdrətinin artmasında və enerji təhlükəsizliyində mühüm rol oynayır. Ümumən, son 10 ildən artıq olan müddətin Azərbaycan üçün əsas xarakterik cəhəti sabitlik, müasirləşmə və yeniləşmə, sürətli iqtisadi inkişaf, xalqın maddi rifahının yüksəlməsidir. Ən əsas şərt sözsüz ki, xalqın mütləq əksəriyyətinin dövlətin siyasi kursunu dəstəkləməsidir.

“Lakin o da məlumdur ki, sabitlik və iqtisadi tərəqqi müxtəlif dairələr üçün ayrı-ayrı aspektlərdən cəlbedici görünür. Müsbət amillərlə yanaşı, regionda gedən proseslərin təsiri, terrorçu, ekstremist, radikal dini dairələrin nüfuz etmək cəhdləri, qanunsuz miqrasiya kimi təhdidlər də meydana çıxır. Müstəqilliyin bərpasından ötən illər ərzində kəşfiyyat-pozuculuq, terror-təxribat və digər cinayətkar cəhdlər baş verir. Bu cəhdlərin qarşısı əksər hallarda qabaqlayıcı tədbirlərlə alınmışdır. Beynəlxalq terrorçuluqla mübarizə əsas fəaliyyət istiqaməti kimi daim diqqət mərkəzindədir. Son vaxtlar bəzi münaqişə bölgələrində beynəlxalq terrorçu təşkilat və qrupların fəallaşması ümumi narahatlığı daha da artırır. Azərbaycan Respublikası bu sahədə beynəlxalq birliyin səylərini tam müdafiə edir, siyasi, iqtisadi, dini və digər motivlərindən asılı olmayaraq, terrorun bütün forma və təzahürlərinə qarşı birmənalı barışmaz mövqe tutur”

Nazir Eldar Mahmudov qeyd edib ki, ölkəmizdə, ümumən Cənubi Qafqazda təhlükəsizliyə təsir göstərən mühüm amil Azərbaycanın 20 faiz torpağının Ermənistan tərəfindən işğalıdır. Nəticədə həmin ərazilər dövlət nəzarətindən və beynəlxalq hüquq normalarının təsirindən kənarda qalmışdır. Bu isə beynəlxalq terrorçuluğa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və insan alverinə, kütləvi qırğın silahları komponentlərinin yayılmasına əlverişli zəmin yaradır. Regional təhlükəsizlik əleyhinə olan bu amilin aradan qaldırılması beynəlxalq əhəmiyyət daşıyır. Bu baxımdan məsələyə ikili standartdan deyil, obyektiv yanaşılması çox vacibdir.

Milli Təhlükəsizlik Nazirliyində son illər aparılan islahatların fəaliyyətin daha səmərəli həyata keçirilməsinə zəmin yaratdığını qeyd edən nazir Eldar Mahmudov ən müasir texniki vasitələrlə təchizat sahəsində də mühüm işlər görüldüyünü bildirərək söyləyib: “Sözsüz ki, yaradılan şərait cinayətkarlıqla mübarizənin nəticələrinə müsbət təsir göstərir. Son illər onlarla terrorçu və radikal-ekstremist dəstə və ya qrup zərərsizləşdirilib. Ümumən, terror-təxribat fəaliyyətinin qarşısının alınması üzrə Milli Təhlükəsizlik Nazirliyi böyük uğurlar qazanmış və bu işdə digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqə mühüm rol oynayıb”.

Nazir Eldar Mahmudov milli təhlükəsizlik orqanlarının Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmr və tapşırıqlarının icrasına hər an və dönmədən hazır olduqlarını bildirərək deyib: “Biz bütün bunları, eləcə də yubiley ərəfəsində Prezidentin sərəncamları ilə bir qrup əməkdaşın ali zabit rütbələri və dövlət mükafatları ilə təltif edilməsini fəaliyyətimizə növbəti dəfə verilən yüksək qiymət kimi qəbul edirik. Fürsətdən istifadə edib bizə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə dərin minnətdarlığımızı bildirmək istəyirəm. Möhtərəm Prezidenti, Ali Baş Komandanı əmin edirik ki, şəxsi heyətimiz bundan sonra da dövlətçiliyin və müstəqilliyin, milli maraqların keşiyində ayıq-sayıq dayanacaq, ölkədə sabitliyin və təhlükəsizliyin etibarlı təmin olunması işində və cinayətkarlıqla mübarizədə daim dönməzlik, qətiyyət və rəşadət nümayiş etdirəcək”.

Sonra Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli təhlükəsizlik orqanlarının yaranmasının 95 illiyi münasibətilə şəxsi heyətə təbrik məktubunu oxuyub.

Təbrik sözü ilə çıxış edən Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru, ordu generalı Aleksandr Bortnikov rəhbərlik etdiyi qurum ilə Milli Təhlükəsizlik Nazirliyi arasında sıx əməkdaşlıq münasibətlərinin formalaşdığını bildirib. O deyib ki, bu münasibətlərin əsasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iki xalq və dövlət arasında qarşılıqlı əlaqələrin inkişafına verdiyi əvəzsiz töhfələr dayanır. Aleksandr Bortnikov yubiley münasibətilə azərbaycanlı həmkarlarını təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə mərasim iştirakçıları adından müraciət qəbul olunub.

Sonda Azərbaycanın milli təhlükəsizlik orqanlarının 95 illik tarixi yolundan, ümummilli lider Heydər Əliyevin bu orqanların inkişafındakı xidmətlərindən, Azərbaycan Prezidenti İlham Əliyevin Milli Təhlükəsizlik Nazirliyinə diqqət və qayğısından bəhs edən “Xüsusi funksiya” sənədli filmi nümayiş olunub.

Yubiley mərasimi bədii proqramla davam edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti