"Yaralı əsgərləri çıxaranda maşınını vurublar" - Şəhidin qardaşı

   "Yaralı əsgərləri çıxaranda maşınını vurublar" -    Şəhidin qardaşı
  18 Noyabr 2021    Oxunub:2070
Noyabrın 16-da dövlət sərhədimizdə Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan ordusunun yeddi hərbi qulluqçusu şəhid olub. Onlardan biri də kiçik çavuş Natiq Əliyev Yusif oğludur. O, ötən gün Gəncə şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.
AzVision.az xəbər verir ki, Natiq Əliyev 1989-cu ilin may ayının 22-də Gəncədə anadan olub. Ailəsi əslən Göyçə mahalının Zod kəndindəndir. Natiq evin sonbeşiyi olub.

- İki qardaş bir bacı idik. Natiq Beyləqan rayonunun N saylı hərbi hissəsində hərbi xidmətini etmişdi. Artıq 6 il idi ki, MAXE kimi fəaliyyət göstərirdi,- deyir şəhidin qardaşı Samir Əliyev. - Könüllü olaraq hərbçi olmaq istədi. Aprel döyüşlərində və Vətən müharibəsində iştirak edib. Həmin vaxtlar burnu da qanamadı. Şücaətinə görə fəxri fərmanlar aldı.
Sonuncu atışmalar zamanı sanitar-təlimatçı kimi iki yaralı əsgəri təxliyə edən zaman maşınlarını ermənilər vurub. Məzuniyyətdə idi. Ayın 13-ü yenidən işinin başına qayıtdı. Üç günün içində qardaşımı itirdik.

Sonuncu dəfə noyabrın 16-sı saat 11-də onunla danışdım. Anamgil isə saat 5-in yarısı danışıb. Nə vaxt zəng edirdiksə, bu adam deyirdi ki, “hər şey yaxşıdır”. Ona dedim, “atam, nəsə istəyirsənmi? Cavabında “yox” dedi. Yeni evlənmişdi. Özündən sonra bir yaş 4 aylıq qızı yadigar qaldı.



Şahanə Rəhimli
AzVision.az


Teqlər: Şəhid   NatiqƏliyev  





Xəbər lenti