Kəlbəcərin işğalından 20 il ötür

Kəlbəcərin işğalından 20 il ötür
  02 Aprel 2013    Oxunub:4195
Bu gün Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 20 il ötür.
Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən, 1936 kv.km ərazisi, 58 min nəfər əhalisi olan Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalı nəticəsində dinc əhaliyə vəhşicəsinə divan tutulub, yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınıb. 511 dinc sakin öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb.

İşğal nəticəsində Kəlbəcərdə 130 yaşayış məntəqəsi ermənilərin nəzarətinə keçib, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana, 13 000 fərdi mənzil dağıdılıb, 37 852 ha meşə sahəsi, təbii ehtiyatlar, o cümlədən zəngin qızıl yataqları talan edilib. 1993-cü ilin qiymətləri ilə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub.

Hazırda Kəlbəcər rayonunun əhalisi Azərbaycanın 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi indi də talan olunmaqdadır.

İşğal nəticəsində mədəni-tarixi abidələrimiz də vəhşicəsinə dağıdılıb. Kəlbəcər rayonunun Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına Mədəniyyət Evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı və daha neçə-neçə mədəni-tarixi abidə Ermənistan Silahlı Qüvvələri tərəfindən dağıdılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları; sənaye əhəmiyyətli ümumi ehtiyatları 850 ton olan 3 Ağyataq, Levçay, Çorbulaq və ehtiyatları 200 tondan çox olan Qamışlı və Ağqaya civə yataqları; ehtiyatları 10941 min m3 olan və mişar daşı istehsalına yararlı Kilsəli tuf yatağı; ehtiyatları 1312 min m3 olan və kərpic istehsalına yararlı Keşdək gil yatağı; ehtiyatları 4473 min m3 olan və yüngül beton doldurucusu kimi istifadə olunan Keçəldağ perlit yatağı; ümumi ehtiyatları 2,2 mln. m3 olan 2 üzlük daşı yatağı, ehtiyatları 2540 min m3 olan Çəpli qum-çınqıl qarışığı yatağı; gözəl dekorativliyə malik 4 mərmər oniksi (ehtiyatları 1756 ton), nefroid (ehtiyatları 801 ton) yatağı; ehtiyatları 2337 ton olan 1 obsidian (dəvə gözü) yatağı, ehtiyatları 1067 min m3 olan 1 listvenit yatağı qalıb.

Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da (ümumi istismar ehtiyatları 3093 m3/gün) işğal ərazisində yerləşir.

Murovdağ, Şahdağ, Vardenis, Mıxtökən, Qarabağ silsiləsinin və Qarabağ yaylasının bir hissəsinin əhatəsində yerləşən Kəlbəcər şəhərinin ən yüksək zirvələri Gamış dağı (3724 m) və Dəlidağdır (3616 m). Ərazidə Yura, Təbaşir, Paleogen, Neogen və Antropogenin çökmə, vulkanogen-çökmə və vulkanik süxurları yayılıb. Ən böyük çayı Tərtər (yuxarı axını) və onun qolları Lev çayı, Tutqunçay və başqalarıdır.

Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, həmin qətnamə, o cümlədən sonradan qəbul olunmuş daha 3 qətnamə yerinə yetirilməyib.


Teqlər:





Xəbər lenti