Abel Məhərrəmovun məmur qardaşları- Onlar kimdir?

Abel Məhərrəmovun məmur qardaşları- Onlar kimdir?
  31 Mart 2014    Oxunub :32237
Abel Məhərrəmovun kimliyi hər kəsə məlumdur. O həm millət vəkili, həm də ölkənin ən prestijli ali təhsil ocağının -Bakı Dövlət Universitetinin rektoru kimi ictimaiyyət arasında kifayət qədər tanınır. 1999-cu ildən BDU-nun rektoru postuna təyinat alan A.Məhərrəmovla bağlı istənilən xəbər, məlumat mətbuatda tirajlanır, geniş müzakirələrə yol açır. O, son vaxtlar yerli medianın diqqət mərkəzindədir.

Bu danılmaz faktdır ki, A.Məhərrəmov istər elmi cameədə, istər siyasi elita arasında böyük nüfuza malik şəxslərdəndir. Onun mətbuatla münasibətləri də pis deyil. Ara-sıra jurnalistlər qarşısına keçərək sualları cavablandırır, haqqında gəzən iddialara, şayiələrə aydınlıq gətirməyə çalışır.

Digər siyasi elita nümayəndələri kimi A.Məhərrəmovun ailəsi, şəxsi çevrəsi haqda xəbərlərə yerli mediada çox nadir hallarda rast gəlmək mümkündür. Rektor-deputat ailəsi ilə bağlı xəbərlərin mətbuatda yer almasına bir qədər həssaslıqla yanaşır.

Ziyalı Məhərrəmovlar ailəsində BDU-nun rektoru ilə bərabər onun digər qardaşları da kifayət qədər yüksək postlarda çalışır, yüksək məmur təbəqəsində təmsil olunurlar. Bir fərq var: onlar mətbuata Abel Məhərrəmov qədər açıq deyillər.

Yəqin ki, çoxları BDU rektorunun qardaşlarının kim olması, harada çalışması, hansı vəzifəni tutması haqda məlumatsızdır.

Adil Məmmədəli oğlu Məhərrəmov – A.Məhərrəmovdan yaşca kiçik olsa da tutduğu vəzifə olduqda böyükdür. O, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavinidir. Amma bu posta gəlib çıxmaq Adil Məhərrəmova asan başa gəlməyib.

O, 1952-ci il fevral ayının 1-də Ağdam rayonunda anadan olub. 1973-cü ildə Çingiz İldırım adına Azərbaycan Politexnik Institutunu bitirib. 1973-1983-cü illərdə SSRİ Elektronika Sənayesi Nazirliyinin “Azon” zavodunda mühəndis-konstruktor, sahə rəisi, sex rəisinin müavini, sex rəisi işləyib.

1983-1986-cı illərdə SSRİ Neft Sənayesi Nazirliyinin Dmitrov adına maşınqayırma zavodunda baş mühəndis vəzifəsində çalışıb.

1986-2000-ci illərdə SSRİ Rabitə Vasitələri Sənayesi Nazirliynin ( sonradan SSRİ Rabitə Nazirliyi, Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi) “Ulduz” Elm-İstehsalat Birliyinin baş direktor müavini, baş direktoru işləyib.

2000-2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyində nazirin müşaviri olub. 2001-ci ilin aprel-dekabr aylarında Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində nazirin müşaviri vəzifəsinə təyinat alıb.

A.Məhərrəmov 2001-ci ilin dekabr ayında Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilib, 2008-ci ilin dekabr ayında parlamentin qərarı ilə Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini təyin edilib. O hazırda da bu postu tutur.

Ailəlidir. İki övladı var.

BDU rektorunun digər qardaşı Rauf Məhərrəmov ondan nə az,nə çox 20 yaş kiçikdir. O, 1970-ci ildə anadan olub. 1993-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. İndiyədək Prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləyib, o cümlədən rayon prokurorluğunda müstəntiq, Baş Prokurorluqda idarə prokuroru, idarə rəisinin müavini olub.

Rauf Məhərrəmov 2005-ci ildən Ədliyyə Nazirliyinin Kadrlar idarəsinin rəisidir. Prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Abel Məhərrəmovun digər qardaşı Məhərrəm Məhərrəmovdur. Onunla bağlı nə qədər çalışsaq da məhdud məlumat ala bildik.Əldə etdiyimiz məlumata görə, o, Prezident Adminstrasiyasında çalışır. Məhərrəm Məhərrəmov Prezident Aparatının Həmkarlar İttifaqı Komitəsinin sədridir.

O, 2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə «Dövlət qulluğunda fərqlənməyə görə» medalına layiq görülüb.



Anar RÜSTƏMOV

Teqlər:  







Xəbər lenti