Kamal Abdulla yeni vəzifəsindən danışdı

Kamal Abdulla yeni vəzifəsindən danışdı
  02 Aprel 2014    Oxunub:1054
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin ölkə üzrə komissiyaları yaradılacaq. Yerlərdə milli-mədəni təşkilatlar və dini icmalar öz təklif və layihələrini həmin komissiyalara təqdim edə biləcəklər.
Bunu Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə yeni dövlət müşaviri Kamal Abdulla bu gün Bakı Slavyan Universitetində (BSU) Azərbaycandakı milli azlıqların milli-mədəni təşkilatlarının rəhbərləri ilə keçirilən görüşdə bildirib.

Dövlət müşaviri qeyd edib ki, görüşün BSU-da keçirilməsinin xüsusi mənası var: "Çünki bu universitet multikulturalizm zəminində yetişən təhsil müəssisəsidir".

Artıq bir aya yaxındır ki, ölkədə Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə yeni Dövlət müşavirliyi xidmətinin fəaliyyətə başladığını deyən K.Abdullanın sözlərinə görə, artıq həyata keçirilməsi nəzərdə tutulan müəyyən işlər var: "Prezident mənə böyük etimad göstərib və dövlət müşaviri təyin edib. Artıq bu istiqamətdə işlərə başlamışıq. Müəyyən düşüncələrimiz, müəyyən məsələlər ətrafında artıq nəzərdə tutduğumuz istiqamətlər var. Burada əyləşən hər bir insan öz cəmiyyəti ilə bərabər, bütövlükdə Azərbaycan dövlətçiliyini təmsil edən və bu istiqamətdə xüsusi xidməti olmuş insanlardır. Biz addım-addım qarşıya qoyduğumuz problemləri, layihələri, düşüncələri həyata keçirməyə çalışacağıq. Bu, bizim mənsub olduğumuz xalqların, mədəniyyətlərin, dinlərin inkişafı, daha geniş vüsət tapması ilə bağlı müxtəlif layihələr ola bilər. Biz Allahın köməyi ilə bunları birgə həyata keçirəcəyik".

Dövlət müşaviri bildirib ki, icma rəhbərləri təmsil etdikləri icmanın fikrini, arzusunu, diləyini, tövsiyəsini ümumiləşdirib onlara təqdim edə bilərlər: "Xidmətin komissiyaları fəaliyyət göstərəcək. Artıq bu istiqamətdə işlərə başlanıb. Biz ayrı-ayrılıqda görüşüb bunların hansı şəkildə gerçəkləşməsi barədə danışacağıq. Bu heyətdə uzun zaman görüşümüz olmayıb. Bundan sonra tez-tez görüşəcəyik, birgə müzakirə etdiyimiz proqram və layihələr ola bilər. Hər hansı icmanın problemi təkcə onun deyil, hamımızın problemidir və hamımızı düşündürməlidir. Yəni bütövlükdə Azərbaycan vətəndaşları kimi bu istiqamətdə bir-birimizə dəstək olmalı, bir-birimizin mənəvi, intellektual ehtiyaclarını ödəməyə yardım etməyə hazır vəziyyətdə olmalıyıq".

Onun sözlərinə görə, bu tanışlıq xarakteri daşıyan, istiqamətləri, gələcəkdə hansı işlərlə məşğul olmağı müəyyənləşdirməyə xidmət göstərən görüşdür: "Elə etməliyik ki, Azərbaycanımızı yad təsirlərdən qoruyaq, fəaliyyətimizdə hər hansı yad prinsipləri rədd edək. Bizim 3 variantımız var: Azərbaycan dövlətinə tam sədaqətli şəkildə xidmət etməli, hamımız bir istiqamətə baxan insanlar kimi fəaliyyət göstərməliyik, dövlətçiliyimiz naminə qarşıya qoyulan işləri həll etməliyik. Qarşıya qoyulan məqsəd dövlətçiliyi qorumaqdır. Dövlətçiliyimizi qorumaq ailəmizi, dinimizi, icmamızı yad təsirlərdən qorumaq deməkdir".

Qeyd edək ki, Kamal Mehdi oğlu Abdullayev (Kamal Abdulla) Prezident İlham Əliyevin fevralın 28-də imzaladığı müvafiq sərəncamlara əsasən Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad olunaraq Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri təyin edilib (Trend).


Teqlər:  





Xəbər lenti