Hərbi Dəniz Qüvvələrində YOXLAMA - həbs edilənlər var

 Hərbi Dəniz Qüvvələrində YOXLAMA - həbs edilənlər var
  02 Aprel 2014    Oxunub:985
Şahin Sultanov komandan olduğu dövrdə külli miqdarda vəsaitin mənimsənilməsinə dair faktların da ortaya çıxdığı bildirilir.
Azərbaycan Hərbi Dəniz Qüvvələrində (HDQ) Hərbi Prokurorluq və Maliyyə Nazirliyinin iştirakı ilə kompleks yoxlamalar aparılır.

AzVision.az apa-ya istinadən xəbər verir ki, yanvarın sonlarından başlayan yoxlamalar nəticəsində ciddi qanun pozuntuları aşkarlanıb.

Yoxlamalar HDQ-nin son 15 ildəki fəaliyyətini əhatə edir. Yoxlamaları aparan müstəntiqlər və Maliyyə Nazirliyinin nümayəndələri tərəfindən gəmi kapitanlarından ifadələr alınıb. Artıq ilkin araşdırma zamanı sabiq komandan, vitse-admiral Şahin Sultanov komandan olduğu dövrdə külli miqdarda vəsaitin mənimsənilməsinə dair faktların ortaya çıxdığı bildirilir.

Eyni zamanda HDQ-nin 6 hərbi qulluqçusu saxlanılıb.

Yoxlamalar zamanı gəmilərin təmiri, eləcə də təchizatla bağlı çoxlu sayda nöqsan aşkarlanıb. Məlumata görə, HDQ-də gəmilərin təmiri üçün ayrılan vəsaitin düzgün istifadə olunmaması, istismar dövrünü başa vuraraq istifadədən çıxarılmış gəmilərin HDQ-nin döyüş sıralarında göstərilərək, saxlanılması üçün büdcədən əlavə vəsaitin götürülməsi, gəmilərin rənglənməsi üçün saxta sənədlərlə yüz tonlarla boyanın alınması, təmir işlərinin gəmi kapitanlarının hesabına aparılması, HDQ-yə məxsus bəzi yaşayış və iaşə sahələrinin saxta sənədlərlə ayrı-ayrı adamların adına özəlləşdirilməsi və s. kimi faktlar üzə çıxıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən HDQ-də aparılan yoxlamalarla bağlı sorğuya cavab verilməyib.


Teqlər:  





Xəbər lenti