Bakıda ağac kəsənlər 40 min manat cərimələnib

Bakıda ağac kəsənlər 40 min manat cərimələnib
  02 Aprel 2014    Oxunub:856
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Yasamal rayonu, Mirəli Seyidov küçəsi 14 saylı binanın sakinləri tərəfindən çoxillik ağacların kəsilməsi ilə əlaqədar daxil olmuş şikayət Nazirliyin əməkdaşları tərəfindən şikayətçilərin iştirakı ilə yerində araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, əraziyə baxış keçirilən zaman diametri 38-40 sm olan 10 ədəd şam ağacının gecə saatlarında kəsilməsi faktı aşkar olunub və təqsirkarlar müəyyənləşdirilib.

Ağacların qanunsuz kəsilməsi ilə əlaqədar ETSN-in Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 92.2 maddəsinə görə protokol tərtib olunaraq, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi hüquqi şəxs qismində 40 000 manat məbləğində cərimə edilib.

Eyni zamanda, sözügedən ərazidə yeni yaşıllıqların salınaraq mühafizə olunması və onlara qulluq göstərilməsi üçün Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi olan göstəriş verilib. Müvafiq olaraq sözügedən əraziyə sərəncam vermiş Yasamal Rayon İcra Hakimiyyətinə də məktubla müraciət olunub.

Məktubda xatırladılıb ki, müvafiq icra hakimiyyəti orqanları tərəfindən torpaq ayrılması ilə bağlı sərəncam verilərkən həmin sənəd Nazirlər Kabinetinin 42 saylı qərarının tələblərinə uyğun olaraq aidiyyəti qurumlarla, o cümlədən aparılacaq tikinti-quraşdırma və ya abadlıq işləri ilə bağlı Fövqəladə Hallar Nazirliyi, ekoloji təsirlərin qiymətləndirilməsi məqsədilə isə ETSN-la razılaşdırılmalıdır.


Teqlər:  





Xəbər lenti