Deputat Müdafiə Nazirliyindən araşdırma tələb etdi

Deputat Müdafiə Nazirliyindən araşdırma tələb etdi
  03 Aprel 2014    Oxunub:854
“Ya nazirlikdə məlumat sızması doğrudan da var, ya da informasiya agentliyi nazirliyin adından istifadə edir”
Millət vəkili Aydın Mirzəzadə son günlər mətbuatda Müdafiə Nazirliyi ilə bağlı yayılan məlumatlara reaksiya verib. AzVision.az-ın məlumatına görə, deputat nazirlik haqda məlumatların mətbuata sızdırılmasından narahatlığını ifadə edib.

“Azərbaycan müdafiə nazirliyindən bu məsələnin araşdırılmasını xahiş edirəm. Bu gün mətbuatda maraqlı bir məlumat yayıldı. Bildirilir ki, Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı postuna Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, general-mayor Mirzə Almasovun namizədliyi təqdim olunub.

Müdafiə nazirliyi ölkənin ən ciddi rejimili hökumət idarələrindən biri olduğu hamıya bəllidir. Gözlənilən bir təyinatla bağlı belə bir strukturdan məlumat sızması çox narahat edici bir məsələdir. Ya nazirlikdə məlumat sızması doğrudan da var, ya da informasiya agentliyi nazirliyin adından istifadə edir”.

A.Mirzəzadə hesab edir ki, dövlət başçısına məruzə ediləcək ciddi kadr məsələsi ilə bağlı, hələ qərar qəbul edilməmişdən məlumatın sızdırılması yaxşı hal hesab edilə bilməz. “Əgər yaxın günlərdə həmin informasiya agentliyinin xəbəri təsdiqini taparsa deməli, müdafiə nazirliyində kənara xəbər sızdıran mənbə doğrudan da var. Elə isə kim, zəmanət verə bilər ki, həmin mənbə digər informasiyaları, eyni zamanda başaq yerlərə ötürmür?

Ona görə də oxuduğum xəbərdən narahat olaraq müdafiə nazirliyindən adı çəkilən informasiya ilə bağlı situasiyanı araşdırmasını xahiş edirəm”-deyə YAP-çı deputat Müdafiə Nazirliyinə müraciət edib.

Anar RÜSTƏMOV


Teqlər:





Xəbər lenti