Şeyx 10 min pul ayırdı

Şeyx 10 min pul ayırdı
  03 Aprel 2014    Oxunub:1167
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə aprelin 3-də respublikamızın şimal bölgəsində olub.

AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, QMİ-nin sədrinin bölgəyə səfəri Quba rayonundan başlanıb. Şeyxülislam Allahşükür Paşazadə əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib. Ardınca din xadimləri Quba Soyqırımı Memorial Kompleksində və ərazidəki kütləvi məzarlıqda olub, soyqırımı qurbanlarının xatirəsini anıb, dualar oxuyublar.

Şeyxülislam Allahşükür Paşazadə Qubadakı Hacı Cəfər məscidini ziyarət edib, namaz qılıb, dualar oxuyub. Buradakı dini icmanın nümayəndələri ilə görüşdən sonra məscidin təmiri üçün 10 min manat yardım ayrılıb və müxtəlif dini ədəbiyyatlar təqdim olunub.

Sonra Heydər Əliyev Mərkəzinin konfrans zalında rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri və dindarların iştirakı ilə müşavirə keçirilib.

Müşavirədə Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev çıxış edərək ölkəmizdə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığının qorunmasının beynəlxalq hüquqi normalara uyğun olduğunu qeyd edib. Bildirilib ki, ölkədəki tolerantlıq mühitinin qorunub saxlanması, təhrikçi dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması istiqamətində bir sıra işlər həyata keçirilir. Görülən tədbirlərin əhali tərəfindən razılıqla qarşılandığı, dindarların maarifləndirilməsi ilə bağlı belə görüşlərin əhəmiyyəti vurğulayıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə görüşdə çıxış edərək Azərbaycanda mövcud dini durum barədə danışıb. Müstəqillik illərində Azərbaycanda dinə və dini icmaların fəaliyyətinə dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərildiyini vurğulayan şeyxülislam hazırda ölkəmizdə 2 minə yaxın məscidin fəaliyyət göstərdiyini, onlarla məscidin bərpa olunduğunu, yeni ibadətgah yerlərinin yaradıldığını diqqətə çatdırıb. Vətəndaşlarımızın Prezident İlham Əliyevin yürütdüyü siyasətdən, dini dəyərlərə olan ehtiramından razılıqları xüsusi vurğulanıb.

QMİ-nin sədri bildirib ki, Azərbaycandakı sabitlik bəzi qüvvələri, bədxahlarımızı ciddi narahat edir. Onlar qarışıqlıq yaratmaq üçün din amilindən istifadə edirlər. Lakin belə qüvvələr bilməlidirlər ki, Azərbaycanda heç vaxt məqsədlərinə çata bilməyəcəklər.

Görüşdə akademik Vasim Məmmədəliyev çıxış edərək dindarların maarifləndirilməsinin vacibliyindən söz açmış, bu cür tədbirlərin əhəmiyyətindən danışıb.

Sonra jurnalistlərə müsahibə verən şeyxülislam Allahşükür Paşazadə bildirib ki, dindarların maarifləndirilməsi üçün tədbirlər bundan sonra daha da geniş vüsət alacaqdır. Bu səbəbdən dini icma üzvləri üçün xüsusi kursların təşkili nəzərdə tutulub. Bundan əlavə, sağlam dini ədəbiyyatın artırılması və icmalara təqdim olunması işi sürətləndiriləcəkdir.
Respublikamızın şimal bölgəsinə səfəri çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və onu müşayiət edən şəxslər Qusar və Xaçmaz rayonlarında da olub, şəhər məscidlərində yerli dindarlarla görüşüb, məscidlərin imamlarına, dini icmaların rəhbərlərinə tövsiyə və tapşırıqlarını veriblər.


Teqlər:  





Xəbər lenti