Jirinovski qalmaqalı Milli Məclisdə qaldırıldı

  04 Aprel 2014    Oxunub : 467
Jirinovski qalmaqalı Milli Məclisdə qaldırıldı
“Rusiya Federasiya Dövlət Dumasının vite-spikeri Vlaidimir Jirinovskinin növbəti sərsəm fikirləri Azərbaycan xalqının ciddi narahatlığına səbəb olub, eyni zamanda, Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlıq münasibətlərinə öz mənfi təsirini göstərir”.

AzVision.az-ın məlumatına görə, bunu parlamentin bu gün keçirilən plenar iclasında deputat Fəzail Ağamalı dilə gətirib. O, təklif edib ki, V. Jirinovskinin hərəkətləri ilə bağlı Dövlət Dumasının rəhbərliyinə Azərbaycan parlamenti adından müraciət edilsin və bu müraciətdə həmin şəxsin hərəkətlərinin bu cür yanlış hərəkətlərinin, davranışlarının dayandırılması, qarşısının alınması tələb olunsun.

Milli Məclis sədri Oqtay Əsədov bildirib ki, Jirinovski ilə bağlı hər hansı bir müzakirəyə və müraciətə ehtiyac yoxdur. “Jirinovskiyə Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov tərəfindən çox tutarlı cavab verildi. Özünüz də görürsünüz ki, həmin gündən bu yana o heç nə danışmır. Bir adam ki öz milliyyətini dana, ondan nə gözləyəsən?!” – deyə spiker vurğulayıb.

Nihadə Eyyubova

Teqlər: