Aydın Mirzəzadə APA-ya irad tutdu

Aydın Mirzəzadə APA-ya irad tutdu
  04 Aprel 2014    Oxunub:985
Millət vəkili Aydın Mirzəzadə sürücüsünə məhkəmə hökmü oxunması ilə bağlı yazılan xəbərləri tənqid edib. AzVision.az xəbər verir ki,deputat bu barədə Facebook səhifəsində yazıb:

“İki gün əvvəl mən buradakı statusumda APA agentliyinin Müdafiə Nazirliyindəki mənbəsinin verdiyi məlumata görə Hərbi Dəniz Qüvvələrinin komandan vəzifəsinə namizəd haqqında informasiyasını tənqid etmişdim.

Bildirmişdim ki, Müdafiə Nazirliyinin ölkənin ən ciddi rejimli hökumət idarələrindən biri olduğu hamıya bəllidir. Gözlənilən bir təyinatla bağlı belə bir strukturdan məlumat sızması çox narahatedici bir məsələdir. Ya nazirlikdə məlumat sızması doğrudan da var, ya da informasiya agentliyi nazirliyin adından istifadə edir.

Dövlət başçısına məruzə ediləcək ciddi kadr məsələsi ilə bağlı, hələ qərar qəbul edilməmişdən məlumatın sızdırılması yaxşı hal hesab edilə bilməz. Əgər yaxın günlərdə həmin informasiya agentliyinin xəbəri təsdiqini taparsa deməli, Müdafiə Nazirliyində kənara xəbər sızdıran mənbə doğrudan da var. Elə isə kim, zəmanət verə bilər ki, həmin mənbə digər informasiyaları, eyni zamanda başaq yerlərə ötürmür?

İnformasiya agentliyi bu məsələyə aydınlıq gətirmək əvəzinə bu gün keçən il mənim düşdüyüm avtomobil qəzasında həmin avtomobilin sürücüsü barəsində məhkəmə hökmü barədə məlumat yaydı.

Hadisə ötən ilin fevralında baş verib, məhkəmə hökmü isə ötən ilin iyulunda verilib. APA isə həmin köhnə xəbəri indi, mənim onun fəaliyyətinə iradımdan sonrakı gün təcili bir xəbər kimi yayır.

Mənim APA kimi geniş şəbəkəm və imkanlarım yoxdur və eyni zamanda "gözə göz çıxartmaq" prinsipi ilə işləmək həvəsində də deyiləm.

Sadəcə başa düşdüm ki, bəzi KİV-lərə irad bildirmək olmazmış, çünki, təcili sənin haqqında kompramat hazırlayıb dövriyyəyə buraxa bilərlər. Ancaq ünvanı səhv salıblar”-deyə A.Mirzəzadə bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti