İlham Əliyev: `Münasibətlərimizə zərər vuran heç bir addımı qəbul etmərik`

İlham Əliyev: `Münasibətlərimizə zərər vuran heç bir addımı qəbul etmərik`
  04 Aprel 2014    Oxunub:887
"Biz Türkiyənin uğurlarını öz uğurlarımız kimi qəbul edirik, bütün uğurlara sevinirik və çox şadıq ki, bu gün Türkiyə-Azərbaycan əlaqələri öz dinamik inkişaf dövrünü yaşayır". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında deyib.

İlham Əliyev bildirib ki, bütün sahələrdə Azərbaycan və Türkiyə qardaş kimi, dost kimi birgə fəaliyyət göstərir və bugünkü səfər əsnasında apardığımız danışıqlar və etdiyimiz söhbətlər bir daha bizim birliyimizi təsdiq edir:

- Biz siyasi sahədə müttəfiqik, bu gün dünyada ikinci belə ölkələr tapılmaz ki, bir-birinə Türkiyə və Azərbaycan kimi yaxın olsunlar. Biz iqtisadi sahədə böyük layihələrə imza atırıq, qarşılıqlı sərmayə qoyuluşu uğurla həll edilir və Azərbaycan sərmayələri Türkiyəyə yatırılır, Türkiyə sərmayələri Azərbaycana qoyulur və bu proses uğurla davam etdirilir. Növbəti 7-8 il ərzində haradasa 20 milyard dollara yaxın Azərbaycan sərmayəsi Türkiyə iqtisadiyyatına qoyulacaq və bu da bizim xaricə qoyduğumuz ən böyük sərmayədir. Bizi birləşdirən enerji layihələri vardır. Biz bu layihələri bərabər icra edirik və Türkiyə və Azərbaycan bu layihələrin icrasında öz liderlik rolunu göstərir. Artıq bu layihələr regional çərçivədən çıxıb dünya miqyaslı layihələrdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP layihələri dünyanın enerji xəritəsini dəyişdirmişdir.

Prezident qeyd edib ki, digər istiqamətlər üzrə birgə fəaliyyət göstərilir: "Bizi birləşdirən nəqliyyat, enerji dəhlizləri xalqlarımız üçün, qonşularımız üçün də böyük fayda verəcəkdir. Bu gün eyni zamanda hərbi sahədə əməkdaşıq haqqında fikir mübadiləsi apardıq, bu sahədə də çox yaxşı imkanlar var, perspektivlər var, nəticələr var".

- TANAP layihəsi birgə layihəmizdir, Türkiyə və Azərbaycan bu layihənin müəllifidir, lideridir və bu layihənin həyata keçirilməsində Türkiyə və Azərbaycan rəhbərliyinin iradəsi və qətiyyəti ən böyük rol oynayıb. - Bunu isə Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən deyib.

İlham Əliyevin sözlərinə görə, bu layihənin həyata keçirilməsi nəticəsində Azərbaycan və Türkiyə bir-birinə daha sıx bağlı olacaq və siyasi və iqtisadi imkanlarımız böyük dərəcədə artacaq: "Biz çalışacağıq ki, bu layihəni vaxtlı-vaxtında icra edək. Hər halda bizə verilən məlumata görə hər şey cədvəl üzrə gedir və ümid edirəm ki, 2018-ci ildə biz əziz qardaşımla bərabər bu layihənin açılışını qeyd edəcəyik".

Dövlət başçısı bildirib ki, bu cür görüşlər ənənəvi xarakter daşıyır: "Biz ildə bir neçə dəfə görüşürük, keçən dəfə 4 ay bundan əvvəl görüşmüşük, bu dəfə də görüşürük, gələn ay da görüşümüz ola bilər, iyun ayında da görüşümüz olacaq. Yəni bu, təbiidir. Biz müttəfiqik, dostuq, qardaşıq və bizim aramızda olan söhbətlər əlbəttə ki, çox geniş sahələri əhatə edir. Elə bir məsələ yoxdur ki, biz bu məsələni səmimiyyətlə dost, qardaş kimi müzakirə etməyək. Əsas məsələ ondan ibarətdir ki, burada Türkiyə və Azərbaycan tərəfi başqa sahələrdə olduğu kimi həmfikirdir ki, bizim münasibətlərimizə zərrə qədər zərər verə biləcək hər hansı bir addımı qəbul etmirik, imkan vermirik və verməyəcəyik. Biz dostuq, qardaşıq, rəhbərlər qardaşdır, xalqlar qardaşdır və belə də olmalıdır. Gələcək uğurlu inkişafımız üçün və dünyada yerimizi möhkəmləndirmək üçün Türkiyə-Azərbaycan birliyi bundan sonra da davam edəcək, etməlidir. Bu, xalqların iradəsindən doğan bir sifarişdir, Türkiyə və Azərbaycan rəhbərliyinin əqidəsidir. Biz həmişə bir-birimizin yanındayıq, bir-birimizi müdafiə edəcəyik və yaxşı günlərdə və o qədər də yaxşı olmayan günlərdə də həmişə bir yerdə olmalıyıq. Zatən qardaşlar belə olmalıdır və biz də belə qardaşlardanıq".


Teqlər:  





Xəbər lenti