"Zəfərimiz bizi yeni formatda şəkilləndirir" - Səadət Yusifova

"Zəfərimiz bizi yeni formatda şəkilləndirir" -  Səadət Yusifova
  21 Yanvar 2022    Oxunub:2252
"Xalqımızın Zəfər salnaməsinin yaddaşalara köçürülməsi, Zəfərin tarixi yaddaş baxımından mühüm əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə “Zəfər” saytı yaradılıb. Bundan əvvəl isə, sentyabrın 28-də şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün “Memorial.az” saytı fəaliyyətə başlamışdı".
Bu sözləri Zəfər.az saytının təqdimat mərasimində Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova deyib. O, bildirib ki, saytın logosunun 3 elementi birləşərək, xalqımızın 44 gündə keçdiyi Zəfər yolunu simvolizə edir. Ali Baş Komandan, Prezident İlham Əliyevin cənablarının rəhbərliyi altında qazanılmış bu tarixi Qələbə hər birimizin qələbəsidir. Vahid ideya, vahid amal uğrunda dəmir yumruq kimi birləşmiş Azərbaycan xalqının milli qürurunun, mübarizəsinin, əzmkarlığının canlı dastanıdır. Cənab prezidentin sözləri ilə demiş olsaq, “Dəmir yumruq yalnız güc rəmzi deyil, həm də sarsılmaz birlik rəmzidir”. Zəfər Prezident-Ordu-Xalq birliyinin, güclü lider-güclü dövlət-güclü ordu-güclü xalq konsepsiyasının təntənəsidir".
"Zəfər" saytının təqdimatı keçirildi - Fotolar+Video

S.Yusifova qeyd edib ki, əgər dünən 32-ci il dönümünü qeyd etdiyimiz 20 yanvar bizim millət kimi özünüdərkimizin doğum günü idisə, 8 noyabr qalib xalqın doğulduğu Gündür. Vətən müharibəsindəki zəfərimiz bizi və ölkəmizi daxildə və xaricdə, regional və qlobal kontekstdə tamamilə fərqli formatda yenidən şəkilləndirir: "Vətən müharibəsindəki zəfərimiz müasir Azərbaycan milli kimliyini formalaşdıran başlıca amilə çevrilir. Biz artıq xalq olmaq səviyyəsindən çıxaraq, axıdılmış qan, torpaq və ümumi zəfərimiz ilə yoğrulmuş yetkin Azərbaycan milləti kimi özümüzü identifikasiya etməliyik. Azərbaycan milli kimliyi özündə dini və etnik müxtəlifliyi ehtiva etməklə yanaşı, vahid Azərbaycan millətində, “vətəndaş dövləti”ndə, “millət dövləti”ndə öz ifadəsini tapır. Tarixi ədalət, beynəlxalq hüquq, ərazi bütövlüyü və milli ləyaqətimizin bərpası yalnız Azərbaycan milli ruhunun qələbəsi deyil, həm də son 2 əsrdə beyinlərə yeridilmiş komplekslərin tamamilə dağıdılmasıdır, xalqımızın özünə inamını bərpa edən, xalqımızı özgüvənli millətə çevirən və yaxın 50-100 ildə istinad nöqtəsi olacaq yeni mənəvi dönüş nöqtəsidir".

O, bildirib ki, Zəfər - qalib ölkənin və qalib xalqın yeni matrisasının, ideoloji bazisinin təməl daşı olmaqla, xalqımız və dövlətimiz qarşısında yeni hədəflər qoyur; Azərbaycanın iqtisadi, texnoloji, hərbi, siyasi, mənəvi, diplomatik, informasiya gücünü bütün dünyaya nümayiş etdirir. Münaqişəyə son qoyaraq yeni reallıq yaratmaqla yanaşı, həm də bütövlükdə regionumuzda sülh, təhlükəsizlik, əminamanlıq, əməkdaşlıq və inkişaf üçün yeni perspektivlər açır. Zəfərimizi əslində XXI əsrdə dünya xalqlarının müasir beynəlxalq münasibətlər sistemində mövcud olan ədalətsizliyə qarşı ucalan ilk belə səsi, formalaşan yeni dünya quruluşunun görünən ilkin cizgiləri hesab etmək olar.

"30 ilin acı və əziyyətlərinə, çətinliklərinə baxmayaraq, əyilməz əzmin məntiqi yekunu olan 44 günlük zəfər yürüşü uzun illər tapdalanan ilahi ədalətin təntənəsidir. Bu gün hər bir azərbaycanlı, istər ölkə daxilində, istərsə də, ölkə xaricində qalib dövlətin vətəndaşı kimi özünü heç zaman olmadığı qədər güclü, əmin və qürurlu hiss edir. Əgər 2020-ci il Şanlı Zəfərimizin tarixə yazıldığı il, Azərbaycan xalqının Zəfər salnaməsinin başlanğıc ili idisə, 2021-ci il bu Zəfərin nəticələrinin bütün dünya tərəfindən qəbul edilməsi ili oldu. Zəfərimizin hərbi, siyasi-diplomatik nəticələri ilə yanaşı, mühüm iqtisadi nəticələri də var. “3+3” formatında kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması Azərbaycanın açıq dənizlərə çıxışını təmin edəcək, Naxçıvanla nəqliyyat əlaqələrinin bərpası Türk dünyasını birləşdirəcək və nəticədə ölkəmizin regional perspektivlərini və meqaregionda əhəmiyyətini yaxın onilliklər üçün daha da artıracaq. Yaranmaqda olan yeni regional dəhlizlər şəbəkəsi sülhün qarantı olmaqla, Azərbaycanın bu sahədəki imkanlarını diversifikasiya etməyə imkan verəcək, iqtisadi gücünü, ölkəmizin tranzit potensialını əhəmiyyətli dərəcədə yüksəldəcək, regionun geo-iqtisadi xəritəsini dəyişəcək",- Səadət Yusifova vurğulayıb

O, qeyd edib ki, adətən tarixi hadisələrin şahidləri yaşadıqları zaman daxilində onun miqyasını, nəticələrini, tarixi əhəmiyyətini axıra qədər dərk edə bilmirlər. Zəfərimizin əsl qiymətini ondan bəhrələnəcək gələcək nəsillər verəcək. Lakin ötən bir il ərzində həm ölkəmizdə, həm bütövlükdə regionda və düynada baş verən proseslərə nəzər saldıqda, Vətən müharibəsi və onun geosiyasi nəticələri daha aydın görünməyə başlayır. Azərbaycan Respublikasının Prezidetinin sözləri ilə demiş olsaq, dünya artıq yeni reallığı qəbul edib:

- Torpaqlarımız azad edildikdən sonra Azərbaycan faktiki yeni strateji inkişaf mərhələsinə qədəm qoyub. İşğaldan azad edilmiş ərazilərdə misligörülməmiş bərpa və quruculuq işləri dövlətimizin öz daxili resursları hesabına həyata keçirilir. Cənab Prezidentin də dəfələrlə qeyd etdiyi kimi, Dünya tarixində post-konflikt dövründə heç bir ölkədə bu sürətlə bərpa və yenidənquruma işləri aparılmamışdır. Xalqımız quruculuq işləri ilə də tarix yazmağa davam edir. Əgər 30 il ərzində 2020-ci il sentyabrın 27-nə qədər işğal altındakı torpaqların işğaldan azad edilməsi bizim Milli İdeyamız idisə, indi isə Böyük qayıdış, məcburi köçkünlərin və qaçqınların öz doğma torpaqlarına qayıtması, müasir Ermənistan ərazisindəki tarixi Azərbaycan kimliyinin bərpası və tanınması Milli İdeya kimi bizi yönəltməli, Zəfərin davam edən yolunu işıqlandırmalıdır. Vətən müharibəsindəki zəfərimiz son iki yüz ildə formalaşdırılmış erməni miflərinin ideoloji bazasını dağıtmaqla “tarix yaddaş müharibəsi”ndə əsl kimliyimizi ortaya qoymağa və bütün dünyaya qəbul etdirməyə imkan verəcək. Post-kovid dövrünün doğuracağı “4.0 İdarəçilik modeli” qısa müddətli orientirlərin uzunmüddətli strateji baxışlarla əvəz edilməsinə gətirib çıxaracaq, dar və qısa müddətli iqtisadi konsepsiyaların artıq işləməməsi müasir çağırışlara daha geniş spektrdə baxmağı şərtləndirəcək. Bu dəyişikliklər ölkəmizin yeni inkişaf paradiqmasını şərtləndirir: Qalib dövlətin dəyişən dünyanın bütün çağırışlarına hazır olması, Qalib xalqın köhnə-yeni coğrafiyada yenidən özünə baxışı və yeni ideoloji əsaslarının müəyyən edilməsi, Vətən müharibəsinin və onun nəticələrinin doğurduğu özgüvənin kapitalizasiyası, başqa sözlə, regionda və dünyada mövqeyimizin möhkəmləndirilməsi, günəş altında öz yerimizin tapılması, sadəcə dünya qaydasına yazılmaq yox, dünya qaydalarını yazmaq imkanlarına əltaçatlığın təmin edilməsi hazırda və yaxın gələcəkdə bizim üçün önəm kəsb edəcək.

O, bildirib ki, qlobal kontekstə nəzər yetirəndə yeni dünya qaydasının formalaşmasının ilkin cücərtilərini artıq görürük: "Cənab Prezident son müsahibəsində qeyd etdiyi kimi, Son illər beynəlxalq münasibətlərdə ənənəvi davranış qaydaları artıq tükənir. Güc amili ön plana çıxır. Biz buna hazır olmalıyıq. Ona görə, biz hər zaman özümüzə güvənməliyik, daha güclü olmalıyıq, heç kimdən asılı olmamalıyıq. Ölkəni risk altına qoymamaq və mümkün dərəcədə maksimum uğura nail olmaq üçün hər şeyi vaxtında etməliyik, böyük zəhmət çəkməliyik. Azərbaycan beynəlxalq aləmin məsuliyyətli üzvü kimi bundan sonra da beynəlxalq hüququn aliliyini müdafiə edəcək. Biz dünya təsisatlarının fəaliyyətində Qarabağ münaqişəsi həll olunduğu üçün daha fəal iştirak edəcəyik. Biz yeni dünya düzənində də təşəbbüs göstərən ölkələrdən biri olacağıq. De-fakto bu, artıq baş verib. Həm mənəvi baxımdan, həm xalqımızın səfərbərliyi, xalq-iqtidar birliyi, iqtisadi, enerji müstəqilliyimiz, siyasi gündəliyimiz və Qarabağ Zəfərindən sonra xüsusilə artan imkanlarımız baxımından biz istənilən varianta tam hazırıq. Dünya ənənəvi yollarla inkişaf etməyə davam etsə də, beynəlxalq arxitektura tamamilə çöksə də, hər iki halda biz öz gücümüzə əsaslanaraq, istənilən vəzifəni istənilən yerdə yerinə yetirməyə və bayrağımızı həmişə uca tutmağa hazırıq. Müvafiq olaraq bizim özümüzə baxışımız da yenilənməlidir: Qalib dövlət kimi biz özümüzü necə və harada görürük, hansı istiqamətdə hara irəliləyirik, özümüzü regionda və dünyada necə mövqeləndiririk? Yaxın, orta və uzaq perspektivdə özümüzə və dünyaya baxışımız necədir? Bu kimi ekzistensional suallara cavab verilməli, müvafiq vəzifələr qoyulmalıdır. Azərbaycan artıq köhnə-yeni coğrafiyaya qayıtmaqla, sadəcə post-sovet məkanının, Cənubi Qafqazın bir parçası kimi deyil, böyük Yaxın Şərq regionunun ayrılmaz, orqanik tərkib hissəsi kimi görünür. Azərbaycan yalnız müstəqilliyini bərpa etdikdən 30 il sonra yaratdığı yeni reallıqda özünü Avropa və Asiyanın kəsişməsində olmaqla, Yaxın Şərqin bir hissəsi kimi birləşdirici və barışdırıcı faktor kimi hiss etməyə başlayır".

S.Yusifova vurğulayıb ki, əslində Vətən müharibəsindən sonra irəli sürülən “3+3” formulu Vestfal dünyasının yekunlaşması və yeni dünya qaydasının formalaşması çağırışına bir cavabdır: "Yeni dünya qaydasında öz yerini tapmaq və möhkəmlənmək istəyidir. Türkiyə Prezidenti cənab R.T.Ərdoğanın sözləri ilə demiş olsaq, dünya artıq “5-dən daha çox”dur. Başqa sözlə, hazırda monopolyar dünyanı əvəz edəcək, regional birlik və alyanslara, regional təhlükəsizlik və əməkdaşlıq sistemlərinə əsaslanacaq XXI əsrin dünya qaydasından söhbət gedir. Azərbaycan müxtəlif beynəlxalq formatlarda, ilk növbədə isə Türkiyə ilə birgə bu təhlükəsizlik sistemlərinin şəkillənməsində yaxından iştirak edir. Yeni dünya əslində dünya xalqlarının, o cümlədən də bizim onu necə görmək istəyimizdən və səylərimizdən asılı olacaq. Tarix Azərbaycan xalqının yazdığı bu Zəfər Salnaməsini heç vaxt unutmayacaq. Bizim üzərimizə düşən missiya isə bu Zəfər salnaməsini yazıya və lentə almaqla gələcək nəsillərə çatdırmaq, hər şeyi ilkin mənbədən, olduğu kimi, təhrif olunmadan dünyaya çatdırmaqdır. Ensiklopedik formatda, 3 dildə fəaliyyəti nəzərdə tutulan Zəfər portalının missiyası məhz buna hədəflənib".

Aytən Zəhra
AzVision.az



Teqlər:   Zəfər.az   Səadət-Yusifova  





Xəbər lenti