İlham Əliyev Naxçıvanda açılış etdi

İlham Əliyev Naxçıvanda açılış etdi
  07 Aprel 2014    Oxunub:1146
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Naxçıvan Beynəlxalq Hava Limanının yeni inzibati binasının açılışında iştirak edib.

AzVision.az xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Naxçıvan Beynəlxalq Hava Limanının nəqliyyat infrastrukturunun möhkəmləndirilməsi ilə bağlı həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində aeroportun fəaliyyətini daha da müasirləşdirmək və təhlükəsizliyi artırmaq məqsədilə alınan müxtəlif təyinatlı yeni maşın-mexanizmlərə baxdı.

Bildirildi ki, bu maşınların arasında təyyarə yanacağı daşıyan, yanacaqvuran, sərnişinlərin rahatlığı üçün nəzərdə tutulan avtobuslar, eləcə də sağlamlıq imkanları məhdud sərnişinləri hava gəmilərinə mindirmək və qarşılamaq üçün xüsusi avadanlıqla təchiz edilən maşınlar vardır. Yeni alınan avtotrap və avtokonveyerlər, qoşqular və təyyarədartıcısı, yük terminalı üçün avtoqaldırıcılar, təyyarə mühərrikini hava ilə işə salan aqreqat, hava gəmilərini buzlaşmaya qarşı hazırlayan və uçuş-enmə zolağını qardan və buzdan təmizləmək üçün nəzərdə tutulan maşınlar da yüksək texniki göstəricilərə malikdir. Burada yaradılan şərait və ən son texnoloji nailiyyətlərin tətbiqi sərnişinlərə nümunəvi xidmət göstərməyə imkan verir.

Sonra Prezident İlham Əliyev inzibati binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov Prezident İlham Əliyevə məlumat verdilər ki, inşasına ötən ilin martında başlanılan bina ən müasir səviyyədə tikilib. Burada işçilərin səmərəli fəaliyyəti üçün geniş imkanlar vardır. Ümumilikdə 53 iş otağının yerləşdiyi yeni binada, həmçinin hava gəmilərinə texniki xidmət sahəsi, daşımaların təşkili, aviasiya təhlükəsizliyi, hava hərəkətinin idarə edilməsi, aviasiya-metrologiya və digər aidiyyəti xidmətlər üçün hərtərəfli şərait vardır. Binada akt və konfrans zalları, həmçinin işçilərin xarici dillərə yiyələnmək üçün tədris otağı yaradılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti