Ombudsman məhkumların vəziyyətini yoxladı

Ombudsman məhkumların vəziyyətini yoxladı
  07 Aprel 2014    Oxunub:1019
Ombudsman Şəki Penitensiar Kompleksinə və Şəki Şəhər Raryon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə başçəkmələr həyata keçirib.

Ombudsman Aparatının mətbuat xidmətindən AzVision.az-averilən məlumata görə, İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmin (MPM) funksiyalarını icra edən Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova bu günlərdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Şəki Penitensiar Kompleksinə başçəkmə həyata keçirib.

Başçəkmənin məqsədi bu müəssisədə məhkumların və istintaq altında olan şəxslərin saxlanılma şəraitinin, onlara qarşı rəftar vəziyyətinin araşdırılması olub.

Başçəkmə zamanı 900 nəfərin saxlanılması üçün nəzərdə tutulmuş, altı korpusdan ibarət kompleksin istintaq təcridxanasının bütün obyektlərinə, o cümlədən kameralara, cərimə təcridxanasına, tibbi-sanitar hissəyə, görüş otaqlarına, kitabxanaya, mətbəxə, camaşırxanaya baxış keçirilib, saxlanılma şəraitinin müasir standartlara cavab verdiyi müşahidə olunub.

Ombudsman müəssisədə saxlanılan bir sıra şəxslərlə, o cümlədən məhkumlarla görüşüb, onlara insan hüquqlarını və müvəkkilin səlahiyyətlərini izah edib, təqsirləndirilən, həbs yerlərində saxlanılan şəxslərin, məhkumların hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti barədə məlumat verib, saxlanılan şəxslərə müvafiq tövsiyələrini bildirib. O, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini onların diqqətinə çatdırıb.

Qəbul edilmiş şəxslər saxlanılma şəraitindən, qidanın keyfiyyətindən və müəssisə əməkdaşlarının onlara qarşı rəftarından narazılıq etməyiblər.
E.Süleymanova Şəki Penitensiar Kompleksinin rəhbərliyinə saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələrini verib.

Ombudsman səfər çərçivəsində habelə Şəki Şəhər Rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerinə (MSY) baxış keçirib, saxlanılma şəraiti, rəftar və müvafiq sənədləşmə araşdırılıb.

Müvəkkil MSY-də saxlanılan şəxslərlə söhbət aparıb, hüquqlarını izah edib, vəziyyətlərini öyrənib. Həmin şəxslər saxlanılma şəraitindən və müəssisə əməkdaşlarının onlara qarşı rəftarından narazılıq etməyiblər.
Müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.


Teqlər:





Xəbər lenti