Prezidentin Naxçıvana səfəri davam edir - Yenilənib

Prezidentin Naxçıvana səfəri davam edir - Yenilənib
  07 Aprel 2014    Oxunub:1136
Naxçıvan Muxtar Respublikasında səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Biznes Mərkəzində yaradılan şəraitlə tanış olub.

AzVision.az xəbər verir ki, dövlət başçısına məlumat verilib ki, mərkəzin əsas fəaliyyət sahəsi sahibkarların maarifləndirilməsi, iş adamlarına ölkəmizdə, o cümlədən muxtar respublikada həyata keçirilən iqtisadi islahatlar, beynəlxalq iqtisadi əlaqələr, dünya və ölkə iqtisadiyyatındakı yeniliklər, sahibkarların yeni iş təcrübələri, marketinq fəaliyyəti, reklam işi, dünya maliyyə sistemindəki vəziyyət və dəyişikliklər barədə məlumat verməkdir.

Azərbaycan prezidenti Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasında istehsal edilən məhsulların sərgisi ilə tanış olub. Burada müxtəlif növ ərzaq və sənaye məhsulları, əl işləri və rəsm əsərləri nümayiş etdirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dövlət başçısına məlumat verib ki, muxtar respublikada hazırda 346 növ və 988 çeşiddə məhsul istehsal olunur. Yeni yaradılan müəssisələr əhalinin 106 növ ərzaq və 226 növ qeyri-ərzaq məhsullarına olan tələbatını tamamilə yerli istehsal hesabına ödəmək imkanına malikdir.

Diqqətə çatdırılıb ki, uzun müddət blokada şəraitində yaşamasına baxmayaraq, muxtar respublikanın sosial-iqtisadi inkişafını əks etdirən makroiqtisadi göstəricilər son 10 ildə xeyli artıb. 2003-2013-cü illərdə ümumi daxili məhsul 8,4 dəfə, sənaye məhsulunun həcmi 49, kənd təsərrüfatı məhsullarının istehsalı 4,7, əsas kapitala yönəldilən investisiyalar 4,1, əhalinin gəlirləri 10,2, xarici ticarət dövriyyəsi isə 13,9 dəfə artıb.

Prezident İlham Əliyevə məlumat verilib ki, sərgidə 88 şirkətin 280-dən çox çeşiddə məhsulu nümayiş etdirilir. Onların arasında yüngül və ağır sənaye, kənd təsərrüfatı, qida, tekstil, dağ-mədən, metallurgiya, avtomobil sənayesi, rabitə, balıqçılıq və digər sahələrin məhsulları sərgilənir.

Prezident İlham Əliyev Naxçıvan avtomobil zavodunda istehsal olunan avtomaşınlara da baxıb. Hazırda 62 nəfərin işlədiyi müəssisədə 9 müxtəlif modifikasiyada avtomobil istehsal olunur.

Diqqətə çatdırılıb ki, son 10 ildə 954 istehsal və xidmət müəssisəsi yaradılıb. 2003-2013-cü illərdə 58 min 460 yeni iş yeri açılmış, bununla da işsizliyin səviyyəsi sıfıra enib.

İlham Əliyev həmçinin yeni yaradılan “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olub.

Dövlət başçısına məlumat verilib ki, orijinal tərtibatı ilə seçilən muzeydə Naxçıvan Muxtar Respublikasının ərazisində aşkarlanan tarixi əşyalar xronoloji ardıcıllıqla düzülüb. Eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrünə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyim hissələri muzeyin qiymətli eksponatlarındandır. Burada, həmçinin xalça və XIX əsrə aid milli geyimlər də nümayiş olunur.

Diqqətə çatdırılıb ki, kompleksdəki mağarada da bərpa işləri aparılıb.

Muzey kompleksi ilə tanış olan prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.

***

Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun yeni inzibati binasının açılışında iştirak edib.

Dövlət başçısının diqqətinə çatdırılıb ki, altı mərtəbədən ibarət olan və xüsusi memarlıq quruluşuna malik binada hərbi prokurorluq əməkdaşlarının fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Prezident həmçinin Gənclər Mərkəzinin açılışında iştirak edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Gənclər Mərkəzində yaradılan şərait barədə dövlət başçısına məlumat verib.

Gənclər Mərkəzində kompyuter otağı, elektron kitabxana, intellektual və stolüstü oyun zalları, interaktiv tir və kafe var. Mərkəzdə informasiya texnologiyalarının ən son nailiyyətləri tətbiq edilmiş, kompyuterlərin hər birinin internetə çıxışı təmin olunub. Mərkəzdə xarici dillərin tədrisi üçün linqafon sinifləri yaradılıb. Gənclər burada istənilən xarici dil üzrə həm nəzəri biliklərə, həm də praktik olaraq düzgün tələffüz vərdişlərinə yiyələnə biləcəklər. Mərkəzin elektron kitabxanasının bazasında minə yaxın ədəbiyyat var. Binada gənclərin asudə vaxtlarının səmərəli təşkili və onların intellektual səviyyələrinin artırılması da nəzərə alınmış, mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün intellektual zal istifadəyə verilib.

Dövlət başçısı “Xəmsə” intellektual oyununa da baxıb.

Tir otağında pnevmatik tüfəng və tapançadan atəş açmaq məşqləri təşkil olunacaq. Altızolaqlı tirdə gənclər idmanın atıcılıq növünə daha yaxşı yiyələnmək imkanı əldə edəcəklər.




Teqlər:  





Xəbər lenti