Naxçıvanda yeni maşın yolu istifadəyə verildi

Naxçıvanda yeni maşın yolu istifadəyə verildi
  07 Aprel 2014    Oxunub:1099
Aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolunun açılışında iştirak edib.

AzVision.az xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə yolun texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərə baxdı.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Prezident İlham Əliyevə məlumat verdi ki, ümumi uzunluğu 88,8 kilometr olan yolda tikinti işləri keyfiyyətlə aparılıb, iki il müddətində başa çatdırılıb. Müasir tələblər səviyyəsində qurulan yolda nəqliyyatın təhlükəsiz hərəkəti təmin edilib. Yeni yol təkcə Naxçıvan şəhəri və Şahbuz rayonu üçün deyil, ümumilikdə muxtar respublika üçün mühüm iqtisadi əhəmiyyətə malikdir.

Bildirildi ki, tikinti işləri zamanı yol yatağı genişləndirilib, hərəkət hissəsinin eni bəzi yerlərdə 17 metrə çatdırılıb. Muxtar respublikada reallaşdırılan mühüm infrastruktur layihələrindən biri olan Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun üzərində körpülər, beton-selötürücü və su keçidləri də inşa edilmişdir. Tikinti işləri aparılarkən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün siqnal dirəkləri və yol-hərəkət nişanları quraşdırılıb.

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının nəqliyyat yollarının xəritəsinə də baxdı.

Bildirildi ki, bu gün Naxçıvan Muxtar Respublikasında yol-nəqliyyat infrastrukturunun inkişafı da diqqət mərkəzində saxlanılır, nəqliyyat kompleksinin yenilənməsinə xüsusi önəm verilir. Eyni zamanda, kənddaxili və kəndlərarası yolların da abadlaşdırılması istiqamətində davamlı işlər görülür. Ümumilikdə, 2013-cü ildə muxtar respublikada 164 kilometr uzunluğunda yol salınmış və ya əsaslı təmir olunaraq istismara verilib, 21 körpü tikilib, 12 körpü isə təmir olunub. Prezident İlham Əliyevin 2013-cü il 5 mart tarixli Sərəncamı ilə Babək rayonunun 13 yaşayış məntəqəsini əhatə edən 25,6 kilometr uzunluğunda Hacıvar-Vayxır-Sirab yolunun tikintisinə 6,3 milyon manat vəsait ayrılıb. Həmin vəsait hesabına yolun tikintisi başa çatdırılib.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi, yeni yolda avtomobili idarə etdi.


Teqlər:  





Xəbər lenti