Prezident Naxçıvanda- FOTOLAR, VİDEO

Prezident Naxçıvanda- FOTOLAR, VİDEO
  08 Aprel 2014    Oxunub:1234
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarının işə salınması mərasimində iştirak edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Prezident İlham Əliyevə məlumat verib ki, yenidənqurma işləri zamanı müasir texnika və avadanlığın quraşdırılması diqqət mərkəzində saxlanılıb. Bu işlər Prezident İlham Əliyevin 2014-cü il martın 14-də “Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisinin maliyyələşdirilməsi haqqında” imzaladığı Sərəncam əsasında aparılıb. Sərəncama əsasən, “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisini başa çatdırmaq məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 4 milyon manat ayrılıb.

Sonra Prezident İlham Əliyev “Arpaçay-1” Su Elektrik Stansiyasının işə salınması mərasimində iştirak edib.

Gücü 20,5 meqavat olan Su Elektrik Stansiyası suqəbuledici qurğu, stansiya binası, tunel və transformator yarımstansiyasından ibarətdir. Suqəbuledici saniyədə 37 kubmetr su buraxmaq gücünə malikdir. Tuneldən suyu turbinlərə ötürmək üçün yüksək təzyiqli boru xətti çəkilmiş, havaboşaldıcı inşa edilib.

Buradakı anbarın su tutumu 150 milyon kubmetrdir. Anbardan götürülən su ilə 17 min 370 hektar əkin sahəsi suvarılacaq.

Sovet hakimiyyəti illərində cəmi bir elektrik stansiyası olan muxtar respublikada hazırda 7 elektrik stansiyası fəaliyyət göstərir.

* * *

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Gənclər Mərkəzinin açılışında iştirak edib.

Mərkəzdə informasiya texnologiyalarının ən son nailiyyətləri tətbiq edilib, komüterlərin hər birinin internetə çıxışı təmin olunub. Xarici dillərin tədrisi üçün linqafon sinifləri yaradılıb. Gənclər burada istənilən xarici dil üzrə həm nəzəri biliklərə, həm də praktik olaraq düzgün tələffüz vərdişlərinə yiyələnə biləcəklər. Mərkəzin elektron kitabxanasının bazasında minə yaxın ədəbiyyat vardır.

Dövlət başçısı “Xəmsə” intellektual oyununa baxıb.

* * *
Prezident İlham Əliyev Naxçıvan Biznes Mərkəzində yaradılan şəraitlə də tanış olub. Orijinal üslubda inşa edilən Naxçıvan Biznes Mərkəzi həm də şəhərin görkəminə əlavə çalarlar qatır, aparılan abadlıq-quruculuq, tikinti və yenidənqurma işlərinin miqyasını göstərir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına məlumat verib ki, muxtar respublikada hazırda 346 növ və 988 çeşiddə məhsul istehsal olunur. Yeni yaradılan müəssisələr əhalinin 106 növ ərzaq və 226 növ qeyri-ərzaq məhsullarına olan tələbatını tamamilə yerli istehsal hesabına ödəmək imkanına malikdir. Hazırda muxtar respublikada 438 sənaye müəssisəsi var.

Uzun müddət blokada şəraitində yaşamasına baxmayaraq, muxtar respublikanın sosial-iqtisadi inkişafını əks etdirən makroiqtisadi göstəricilər son 10 ildə xeyli artıb. 2003-2013-cü illərdə ümumi daxili məhsul 8,4 dəfə, sənaye məhsulunun həcmi 49, kənd təsərrüfatı məhsullarının istehsalı 4,7, əsas kapitala yönəldilən investisiyalar 4,1, əhalinin gəlirləri 10,2, xarici ticarət dövriyyəsi isə 13,9 dəfə artıb.

Prezident İlham Əliyev Naxçıvan avtomobil zavodunda istehsal olunan avtomaşınlara da baxıb. 2010-cu ilin yanvarında istifadəyə verilən zavod müasir dizaynlı “Nazlifan” markalı avtomobillər istehsal edir. İndiyədək burada 3 min avtomobil istehsal olunub. Birnövbəli iş rejimi ilə zavodun illik istehsal gücü 5 min avtomobil təşkil edir. Hazırda 62 nəfərin işlədiyi müəssisədə 9 müxtəlif modifikasiyada avtomobil istehsal olunur. Modifikasiyalar ilbəil yenilənir. Yaxın gələcəkdə zavodda yeni markalı avtomobillərin istehsalı planlaşdırılır. Həmçinin gələcəkdə komplektləşdirici hissələrin 70 faizi respublikanın digər bölgələri, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən müvafiq müəssisələrin istehsalı hesabına ödəniləcək.

* * *

Prezident İlham Əliyev Naxçıvan Beynəlxalq Hava Limanının yeni inzibati binasının açılışında iştirak edib. Ümumilikdə 53 iş otağının yerləşdiyi yeni binada, həmçinin hava gəmilərinə texniki xidmət sahəsi, daşımaların təşkili, aviasiya təhlükəsizliyi, hava hərəkətinin idarə edilməsi, aviasiya-metrologiya və digər aidiyyəti xidmətlər üçün hərtərəfli şərait var. Binada akt və konfrans zalları, həmçinin işçilərin xarici dillərə yiyələnmək üçün tədris otağı yaradılıb.

Burada beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki yeniliklər tətbiq ediləcək. Aerovağzal binasının yenidən qurulması və bərpasında sonra aeroportun sərnişin dövriyyəsi saatda 450-500 nəfərə çatacaq. Bu isə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikası hava limanının strateji önəmini daha artıracaq.

















Qalereya




Teqlər:  





Xəbər lenti